Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:41

Yanan bina işi: 'Biz ancaq təmizlik işlərinə baxırdıq'


16-mərtəbəli bina yandı
Gözlə

No media source currently available

0:00 0:07:43 0:00

16-mərtəbəli bina yandı

«Mən hansı qulluq mənafeyindən sui-istifadə eləmişəm? Neyləmişəm axı? Mən niyə Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunmalıyam?».

2015-ci il mayın 19-da Binəqədidə yaşayış binasında 15 nəfərin ölümü ilə nəticələnmiş yanğına görə həbs edilən Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin (MKTB) keçmiş rəisi Ədalət Rəcəbov məhkəmədə belə deyib.

Bir neçə aydır ki, bu yanğın hadisəsi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Oktyabrın 6-da keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərdən Ədalət Rəcəbov ifadə verib. Bildirib ki, sözügedən binanın üzlənməsinə 2012-ci ilin aprelində başlanıb, Binəqədi Rayon İcra Hakimiyyəti ilə binanı üzləyən şirkət arasında müqavilə bağlanıb. Onu isə binada üzlənmə işləri başlanandan ay yarım sonra, 2012-ci il mayın sonunda bu vəzifəyə təyin ediblər.

Buna da bax-Yanan bina işi: 'Bu binanı yandırmaq üçün uzun müddət hazırlıq işləri gedib'

«BİRCƏ SƏNƏD GÖSTƏRSİNLƏR Kİ...»

«Əgər mən işlər başlanandan sonra vəzifəyə təyin olunmuşamsa, necə razılıq verə və ya verməyə bilərdim? Azadlıq prospektindəki yolkənarı binaların üzlənməsi Dövlət Proqramı çərçivəsində rayon icra hakimiyyətinin sifarişi ilə həyata keçirilib. Müqavilə də podratçı şirkətlə icra hakimiyyəti arasında bağlanıb. Bircə sənəd göstərsinlər ki, hansısa sənəddə mənim üzərimə binanın üzlənməsində yanğın təhlükəsizliyinə nəzarət etmək vəzifəsi qoyulur. Yoxdur belə bir sənəd. Rəhbərlik etdiyim Mənzil Kommunal Təsərrüfat Birliyi Bakı Şəhər İcra Hakimiyyətinə tabe idi. İcra hakimiyyəti isə tamam ayrı qurumdur. Mən başqa bir qurumun işinə necə müdaxilə edə bilərdim? Biz ancaq təmizlik işlərinə baxırdıq. Əgər bina sakinləri istəsə, Səbail rayonundan hansısa şirkətlə müqavilə bağlayıb onlara təmizlətdirərdilər», – Ədalət Rəcəbov bildirib.

2013-cü ildə icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri təyin olunmuş Ədalət Rəcəbov deyir ki, istintaqın sonunda cinayət işinin materialları ilə tanış olarkən müəyyən sertifikatlar, lisenziyalar görüb: «Orada göstərilib ki, vurulan üzlüklər çətin yanan, üzlənməyə icazə verilən mallar qrupuna aiddir».

Rəcəbov mütəşəkkil dəstə şəklində cinayət törətmələri barədə ittihamda yazılanları da qəbul etmir: «Mən buradakı təqsirləndirilən şəxslərdən yalnız Qəzənfər Novruzov və Nizami Orucovu tanımışam».

Buna da bax-Yanan bina işi: 'Deyirlər, Miryusif müəllimi vurmaq üçün ediblər'

«NECƏ DEYƏ BİLƏRDİM Kİ, BU İŞİ GÖR, YA GÖRMƏ?»

Digər təqsirləndirilən – 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov da ifadə verib. O da deyib ki, binanın üzlənməsi, bununla bağlı sənədlərin hazırlanması, müqavilələrin bağlanmasına onun heç bir aidiyyəti olmayıb: «Mənim nə sifarişçi, nə podratçı kimi, binanın üzlənməsinə aidiyyətim olmayıb. Dəfələrlə aşağı vəzifəli adam olmuşam, necə deyə bilərdim ki, bu işi gör, yaxud da görmə?! Mən Mənzil Kommunal İstismar Sahəsinin müdiri olaraq, yalnız təmizlik, sakinlərin müvafiq orqanlara müraciətləri ilə bağlı məsələlərlə məşğul olmuşam».

Nizami Orucov da mütəşəkkil cinayətkar dəstə yaratmaları haqda ittihamda yazılanlara etiraz edib: «Mən bu adamlardan yalnız Qəzənfər Novruzov və Ədalət Rəcəbovu tanımışam».

Məhkəmə prosesi oktyabrın 11-də davam edəcək.

2015-ci il mayın 19-da Binəqədidə 16-mərtəbəli yaşayış binasında 15 nəfərin ölümü ilə nəticələnmiş yanğına görə məhkəmə qarşısına bu şəxslər çıxarılıb: «Global Construction» və «Global Stone» şirkətlərinin təsisçisi Miryusif Mahmudov, «Global Construction» MMC-nin sədr müavini Ələkbər Əsgərov, «Global Stone» MMC-nin baş direktoru Uğur Bəşirov, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləmiş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov, «Dərnəgül Boru» zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov. Onlara qarşı CM-nin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG