Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:27

Yanan bina işi: 'Deyirlər, Miryusif müəllimi vurmaq üçün ediblər'


16-mərtəbəli bina yandı
Gözlə

No media source currently available

0:00 0:07:43 0:00

16-mərtəbəli bina yandı

►"Sakinlərin müraciətindən sonra binanın o materialla üzlənməsi dayandırılmışdı. İcra Hakimiyyəti niyə yenidən icazə verdi?”

Ötən ilin mayında Binəqədidə 16 mərtəbəli binada yanğın zamanı dünyasını dəyişmiş 3 yaşlı Fərəhin valideynləri – Elnur Məhərrəmov Günay Məhərrəmova bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ifadə veriblər.

Elnur Məhərrəmov bildirib ki, o binada mənzili bir neçə il əvvəl ipoteka ilə alıblar. İşi ilə əlaqədar çox vaxt Bakıdan kənarda olduğundan orada da daimi yaşamayıblar. Hadisə vaxtı isə özü rayonda olsa da, həyat yoldaşı və qızı evdə olub. Günay Məhərrəmova həmin gün başlarına gələnlər barədə ətraflı danışıb:

Buna da bax: Yanğınsöndürənləri brilyant oğurlamaqda suçladılar

“CANSIZ BƏDƏNLƏRİ ADLAYIB KEÇİRDİK”

"Səs eşitdim, üzbəüz qonşu qışqırırdı. Uşağı götürüb qaçdım, bir mərtəbə düşdüm, blok qaranlıq idi, hər yeri tüstü basmışdı, daha düşə bilmədim. Qayıdıb yuxarı qalxdım, əl atdım bir qapıya, təsadüfən öz evimiz idi. Qucağımda uşaq, pəncərənin qabağında dayanıb aşağıdakı xilasedicilərə əl elədim ki, kömək eləsinlər. Onlar da əl elədilər, başa düşdüm ki, məni görürlər. Huşumu itirdim, ayılanda ağzımda oksigen maskası vardı. Uşağı soruşdum, dedilər ki, "narahat olma, yaxşıdı". Balonda oksigen qurtarmışdı deyə, yenə huşumu itirdim. Sonra ayıltdılar. Məni evdən çıxarmağın yolunu bilmirdilər. Orta yaşlı kişi məni çiynində çıxartdı. Məni aparanda yerdə insanların cansız bədənləri vardı, onları adlayıb keçirdik".

Günay Məhərrəmova ifadəsində binanın qəsdən yandırılması ehtimalından da danışıb:

"Sonradan eşitdim ki, Avropa Oyunları öncəsi təxribat məqsədilə yandırılıb. Belə bir versiya da vardı ki, Miryusif müəllimi (binanı üzləyən "Global Construction" və "Global Stone" şirkətlərinin təsisçisi, təqsirləndirilən Miryusif Mahmudovu nəzərdə tutur) "vurmaq" üçün eləyiblər".

Buna da bax: 'Ölən bacı-qardaşımın hər birinə görə 100 min istəyirəm'

“NİYƏ YENİDƏN İCAZƏ VERİLDİ?”

Onlara dəymiş ziyanın məbləğilə bağlı istintaq materiallarında göstərilən rəqəmlə razılaşmayan zərərçəkmiş bildirib ki, bu barədə məhkəməyə vəsatət təqdim edəcək. Günay Məhərrəmova onlara dəymiş ziyanı Binəqədi Rayon İcra Hakimiyyətindən tələb edir:

"Çünki sakinlərin müraciətindən sonra binanın o materialla üzlənməsi dayandırılmışdı. İcra Hakimiyyəti niyə yenidən icazə verdi? Eyni zamanda, bu yanğında təqsiri olan hər kəsdən tələb edirəm".

Məhkəmədə dindirilən digər zərərçəkmişlər də binadakı yanğının təxribat olmasını istisna etməyib.

"İnanmıram ki, yanğın binaya bitişik tikilinin üstündəki zibil yığınından olsun. Ora zibil tökülmürdü. Həm də bir neçə dəqiqənin içində alov bütün binanı bürüdü. Hesab edirəm ki, bina təxribat məqsədilə yandırılıb. Bəzi şəxslər də bu barədə danışır", - zərərçəkmiş Sevinc Abdullayeva bildirib. Həmin binada kirayə yaşayan zərərçəkmiş hadisə günü 40 günlük körpəsilə çətinliklə çıxarılıb.

“ÖLƏN 16-CI NAMƏLUM ADAM OLA BİLƏR”

Digər zərərçəkmiş Zəmanət Daşdəmirov deyir ki, hadisə vaxtı binanın yaxınlığında meyit görüb:

"O adamın yıxılıb öldüyünü düşünürəm. Çünki başı yarılmışdı, qan axırdı. Qolunda döymə vardı. O, özünü binadan atan Yaşar deyildi. Çünki Yaşarı görmüşdüm. Düşünürük ki, o, hansısa təxribatçı, hadisə zamanı ölən 16-cı naməlum adam ola bilər".

Məhkəmənin gedişində təqsirləndirilən şəxslərdən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının keçmiş birinci müavini Qəzənfər Novruzovun vəziyyəti pisləşib və məhkəməyə Təcili Tibbi Yardım çağırılıb.

Proses iyulun 21-də davam edəcək.

Xatırladaq ki, 15 nəfərin ölümüylə nəticələnmiş yanğına görə məhkəmə qarşısına 8 nəfər çıxarılıb - "Global Construction" və "Global Stone" şirkətlərinin təsisçisi Miryusif Mahmudov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, "Global Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləmiş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, "Dərnəgül Boru" zavodunun polimlərin kimyəvi, fiziki-mexaniki xassələrin təyini laboratoriyasının rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov. Onlara qarşı CM-nin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələrilə ittiham irəli sürülüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG