Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:13

Zümrüd Yağmurun satışı qadağan olunan romanından bir parça


Zümrüd Yağmurun 'Ölkə adı: 22' romanı.
Zümrüd Yağmurun 'Ölkə adı: 22' romanı.

-

"Adadakı mexanizm sakinlərin susqun ruhlarından, qorxaq düşüncələrindən qidalanıb bu qədər böyük, qorxunc hala gəlmişdi. Hər səhərin açılması ilə bəslənən, hər saniyə böyüyən zülmün memarı aclıq və səfalətdən əziyyət çəkənlərdi, amma bu düzəni ciddi-cəhdlə qoruyub saxlayanlar da onlardı".

"Bayram günlərində Adaya çoxlu gül gətirilirdi. Bu güllərin rəngarəngliyi ilə Adadakı boş həyat arasında heç cür uyğunluq yarada bilməyən sakinlər buna rəğmən hər il o güllərin qarşısında ön sırada durmaq üçün basabas salırdı."

Zümrüd Yağmur

"Ölkə adı 22" romanından bir parça

Ağa Adaya başçı gələndə gəncdi, atasının ölümündən sonra burda olan insanlara başçılıq edəcəyini əvvəllər düşünmək belə ona əzab verirdi. Atası ilə heç vaxt dil tapa bilməyən, həyatını ancaq qadınlara və əyləncəyə sərf edən Ağa onun ölümündən sonra ilk dəfə Adaya ayaq basanda ordakı sahibsiz qadınları görüncə buranın daha da əyləncəli olacağını düşünüb rahatlamışdı. Onun iştahası artdıqca Adadakı insanların ona olan ümidi də bitib tükənmişdi. Adanın əhvalı da daha əvvəlki kimi deyildi, Babanın gizlində və ehtiyatla, ustalıqla etdiyini Ağa açıq, kimsədən çəkinmədən etməyə başladı və bir azdan bütün insanlar bir-birini sata biləcək hala gəldi, kimsə kimsəyə güvənmədi və ürəyi dolub daşsa da, biri digərinin yanında nədənsə şikayətlənib nəyisə dilə gətirmədi. Qısa müddət sonra hər kəs bir-birindən şübhələnməyə, daha sonra kimsənin görmədiyi Ağa obrazı hamını qara bir kölgə kimi izləməyə başladı. Aclıqdan, soyuqdan, istidən əziyyət çəkən insanlar şikayət etməyə belə çəkinirdilər. Ada daha da cansız və ölü hala gəlirdi getdikcə və insanların ən adi narazılığını istədiyi kimi birilərinə çatdıranlar başqa bir gün digərinin eyni yaramazlığının qurbanı ola bilirdi. Bu qurbanlar da Adanın sakinləri idi, kimsədən yan keçməyən, kimsənin sığortalanmadığı əməllərin nəticəsindən, az qala, hər kəs nəsibini almışdı. Biri döyülmüş, biri həbs edilmiş, biri şərlənmiş, daha nələr-nələr... Amma heç kimsə “bunu etməyək, sonda olan bizə olur” deyib geri durmurdu və bütün bunları izləyib, onların yaşadıqlarını haqq etdiyini düşünən, hətta bundan əmin olan Elşən Ağanı deyil, Ağanın kölələrini qınayırdı.

Ağa onların xarakteri üzərində hakimdi. Adadakı mexanizm sakinlərin susqun ruhlarından, qorxaq düşüncələrindən qidalanıb bu qədər böyük, qorxunc hala gəlmişdi. Hər səhərin açılması ilə bəslənən, hər saniyə böyüyən zülmün memarı aclıq və səfalətdən əziyyət çəkənlərdi, amma bu düzəni ciddi-cəhdlə qoruyub saxlayanlar da onlardı. Bunu anlaya bilmirdi Elşən, insanın öz qənimini, zalımını, zülmkarını necə həvəslə bəsləyib böyütdüyünü, hər gün yemləyib daha da yırtıcı olması üçün canlandırdığını görəndə bütün bunları dəyişmək üçün, əslində, elə sakinlərin dənizdə boğulub ölməsinin vacibliyini düşünürdü. Bunu kimsəylə, hətta Səlimlə belə paylaşmazdı, zalımca gələcəkdi, Səlimə belə... Amma bu düzəni pozmaq üçün Adanı sakinlərdən qurtarmaq lazımdı, zülmdən və Ağadan xilas olmağın yolu bu idi. Və sonra buraya dünyanın hansı yerindənsə, azad ruhlu insanlar gətirmək, qorxusu olmayan, cəsarətli və cürətli...

Buna da bax: Yazıçı Zümrüd Yağmurun kitabı satışdan yığışdırılıb

Amma sonra buna da inamı itməyə başladı. O, insanları, burda yaşadığını zənn edənləri müşahidə etdikcə, olanların bura ilə məhdudlaşmadığına inanmağa başladı. Olanlar, insan, zülm və ya köləlik... Bütün bunlar Ada və ya burda yaşayanlara, idarə edənlərə xas deyildi, bu insanlıq idi, hər halı ilə insanlıq. İnsan təbiətinin mərhəmət və ədalətə meylli olduğuna inamını itirirdi Elşən... Feyzi ilə Ağanın fərqi olmadığı, Salehlə Elxanın arasındakı bənzərlik... əzənlər və əzilənlər arasındakı fərq nə idi? Fərq yoxdu, sadəcə, indi əzən sabah əzilən ola bilirdi, ya da əksinə... Bir də zaman-zaman azad dünyadan gətiriləcək azad ruhlu insanın varlığına ümidi itən Elşən Adaya gələcək hər kəsin tez bir zamanda Feyzi və ya Ağaya çevriləcəyinə o qədər inandı ki, düzənin dəyişməsi üçün yeni insanlara deyil, yeni başçıya ehtiyac olduğunu anladı. Azad dediyi insanı buraya gətirdikdən az sonra daha bir Feyzi və ya Salehə dönüşəcəkdi. İnsan hər zaman zülm və ya pisliyi tez mənimsəyir, yaxşılıq və mədəniyyətə çox gec vərdiş edib alışa bilir. Demək ki, insanın yaradılış etbarilə təbiəti heç də mərhəmətə, nəzakətə və xeyirxahlığa yaxın deyil.

Feyzi əziləndi, amma başqa bir yerdə həm də əzirdi. Elxan əzəndi, amma ağanın qarşısında o da əzilirdi...

Düzən bu idi... əzənlər və əzilənlər... Bir əzən digər əzənin qarşısında acizdir, demək ki, mütləq güclü olan da yoxdur, sadəcə, şans kimdən yana idi, əzəndənmi, əziləndənmi... Doğrudanmı, bütün ilahi kitablarda deyildiyi kimi, məzlumun dəyəri zalımınkından böyükdü, yoxsa bu, yer üzünə səpələnmiş acizlərin sığına bilib yaşaması üçün Tanrının verdiyi təsəlli idi?!

Kim daha şanslı və ya mükafatlandırılan idi?..

Bilmirdi, tək bildiyi bir şey vardı, bu gün əzən, sabah əzilən ola bilirdi.

Adadakı hakim burda əzilənlər üçün başqa, əzənlər üçünsə başqa bir yönü ilə işləyirdi. Elxanın zalımlığı Salehin zalımlığından üstün idi Elşən üçün... Elxan işini yerinə yetirirdi, Salehsə dost dediyi insana xəyanət edib zülm edirdi. Feyzinin əxlaqsızlığı Ağanınkından aşağı idi. Ağa hakim idi, satılanı alırdı, Feyzi isə fahişə ilə yatmaq üçün “sevirəm” dediklərini qurban verirdi.

Dənizin ortasında, göz işlədikcə uzanıb gedən suların qoynunda öz acizliyinə sığınmış Ada sakinləri başqa yerlərdə nələr olduğu haqqında danışmırdı, “Azad Ada” qəzetinin yazdıqlarını hamı oxuyub gerçək qəbul edirmiş kimi davranırdı. Qəzetin yazdıqları, bütün dünyanın belə olması, Adadakı həyatın sadə və gözəl qurulması, hamının eyni haqqa sahib olması...

Zümrüd Yağmurun "Ölkə adı: 22" romanının üz qabığı.
Zümrüd Yağmurun "Ölkə adı: 22" romanının üz qabığı.

Amma Adada sahib olunacaq haqq yoxdu, bunun tək fərqində olan da Elşən deyildi. Amma bu haqqın olmaması onları rahatsız edirdimi, yox, onlar bundan artığını istəyirdimi, yox, bəlkə azad və daha yaxşı yaşamaq üçün çalışmaq istəyirdilər, qorxurdular? Əvvəllər daha çox buna, qorxunun varlığına hakimliyinə inanırdı Elşən... O zaman hələ içində insanlara qarşı bir mərhəmət hissi də vardı, acıya da bilirdi. Amma az sonra, olanları izlədikcə başqa bir şeyi anladı. İnsanlar təkcə qorxmurdu, sahib olduqları onları təmin edirdi, bundan artığını istəmirdilər. Tək artıq istədikləri yaxşı yeməkdi, haqq deyil... Yemək yoxdursa, bu faciə deyildi, onu əldə etmək üçün başqa bir yol tapmağa və onu əldə etməyə çalışacaqdı.

Yatdığı otaqlar rahatsızdı, yaxşısını istəyirdi təbii, yoxdursa, buna görə başını bəlaya salmağa dəymirdi... Burda çox sakin daha yaxşı şeylər haqq etdiyini düşünürdü və bunu əldə etmək üçün də yol almışdı, amma etirazla deyil, alçaqlıqla... Ağa qədər edə bilməyəcəyi qanunsuzluqlara görə qəzəblənib, ətrafındakı insanların həyatını cəhənnəmə çevirərək, yalan danışmaqla, əxlaqsızlıqla bütün dəyərləri satıb arzularını təmin etmək artıq Adada qəbahət sayılmırdı.

Dəyərlərin yalan, əxlaqsızlığa əsir düşdüyü yerdə vicdan və dəyərlər cansız, ölü olur...

***

Heykəlin tikintisi bitdikdən sonra Adanın o biri başından belə görünən irəli uzadılmış əli payızın sisi gizlətmişdi. Ada artıq payıza, onun gətirdiyi duman, çiskin və soyuğa tabe olmuşdu. Sanki Poseidonun ruhu qəzəblənib külək Allahının, Aeolusun çılğınlığı ilə qarışıb dənizin üzərində birləşib oynayır, insanların içindəki soyuq ümidsizliyi öz qəzəbində məhv etmək istəyirdi. Dənizin altı üstünə çıxmışdı, sanki bu anda qayalara çırpılan dalğalar onları yerindən qoparıb yuyacaqdı.

Adanın sakinləri indi istidən deyil, daha çox küləkdən, gözlərinə dolan qumdan əziyyət çəkirdi, amma kimsə şikayətlənmirdi. Adanın meşəlik hissəsindəki ağaclar da çılpaqlaşıb öz təravətini küləyin acımazlığına tabe etmiş, həyat təbiətlə eyniləşmişdi. Adanın dörd bir yanında Babanın böyük, rəngli şəkilləri vardı və ildə iki dəfə, onun ölüm və doğum günlərində burda bayram elan olunurdu. Bayram günlərində Adaya çoxlu gül gətirilirdi. Bu güllərin rəngarəngliyi ilə Adadakı boş həyat arasında heç cür uyğunluq yarada bilməyən sakinlər buna rəğmən hər il o güllərin qarşısında ön sırada durmaq üçün basabas salırdı. Niyə, kim bunu onlardan istəmişdi, belə bir təlimat vardımı, kimsə bilmirdi, eşitməmişdi, amma hər il də eyni şey təkrar olunurdu. Ön sırada durmaqla daha çox sədaqətli olduqlarını nümayiş etdirib, bununla da, Ağaya, Elxana xoş görünmək istəyənləri uzaqdan izləyib dişlərini bir-birinə sıxan Elşən belə hallarda öz susqunluğuna haqq verib özünü inandırdığı həqiqətinə daha çox inanırdı və bir müddət beynindəki ziddiyyətlərdən azad olurdu. Amma bir az sonra, əzab çəkən Ada sakinlərindən birini gördükdə yenə hər şey bir-birinə qarışırdı.

Sakinləri kənara itələyən polislər, ordakı güllərə toxunmağa can atan, bununla hansısa ritualı həyata keçirəcəyinə inanırmış kimi elə hey dayanmadan irəli cuman insanlar... Bütün bu mənzərəyə heç bir anlam verə bilməyən Elşən həmin bayram günlərində kimsəyə qarışmayıb öz əsərlərinin acizliyindən və köləliyindən məmnun görünən polislərin özlərini daha vacib adam hiss edərək, şadyana dayanmalarına da bir məna verə bilmirdi. Polislər niyə sevinirdi, onların bu aciz zavallılardan fərqi nə idi? Sakinlər polislərin qarşısında aciz və köməksiz olduğu qədər, polislər də Ağanın qarşısında kölə idilər. Özündən acizin qarşısında köləliyini və zavallı olmasını unudub, güc nümayiş etdirənlərin bu halını izləmək sakinlərin durumunu müşahidə etməkdən daha betərdi Elşən üçün...

Bayram günlərində belə Ağa görünmürdü. Ancaq binanın həyətində hündür dirəyə bərkidilmiş dörd künc qara qutudan səs gəlirdi. Dənizin səsinə qarışan bu səs Adadakı əmin-amanlıqdan, inkişafdan və insanların yaxşı yaşamasından danışıb hamını bayram münasibəti ilə sakinləri təbrik edirdi. Sonra da uzun-uzadı atasından, onun bu ölkəni qurmasından, böyük istedadından danışıb hər zaman atasının yolu ilə gedəcəyini bəyan edərək hamı ilə sağollaşırdı. Olan da bundan sonra olurdu. Hamı sıraya düzülüb heykəlin qarşısında baş əyir, uşaqlar şeir deyir, böyüklərsə Baba liderə sevgi və hörmətini izhar edən çıxışlar edirdi.

Bayram gününün tək yaxşı cəhəti həmin gün işin olmaması idi.

Oğuz üçünsə bu bayramın tək dəyəri o gün yeməklərin daha dadlı, bol olması idi. Səhər pendir daha çox və təzə olurdu. Kələmsə yağda bişirilirdi. Buna görə də, Oğuz yaxşı yemək yeyə bilmək üçün Babanın az qala hər gün doğulmasını, hər gün də ölməsini istəyirdi. O bəzən Ağanın da tez ölməsini arzulayırdı, bəlkə belə olacağı halda, onun da doğum günləri və ölüm günü qeyd olunacaqdı və bu da ildə iki yox, dörd gün yaxşı yemək yeməyə fürsət yaradacaqdı. Amma bu düşüncəsini, arzusunu kimsəylə paylaşmağa cəsarət etmirdi, hətta Səlim belə bunlardan xəbərsizdi. Oğuz Elşənlə də yaxınlıq etməzdi, danışıb paylaşdığı ancaq Səlimdi.

Buna da bax: Azərbaycan yazıçıları referendum haqda nə düşünür? [sorğu]

Elşən Oğuzu sevməzdi, Oğuzun içindəki çalxantını gözlərindən oxuyurmuş kimi, bəzən Səlimə ondan uzaq olmasını söyləmək istəyirdi, amma susurdu, bu məsum gənc adamın onu düz anlamayacağını bilirdi. Həm də Səlim onun tək həmsöhbəti idi, onu da özündən uzaqlaşdırmaq, ürküdüb qorxutmaq istəmirdi. O, Səlimlə danışanda yüngülləşirdi, gənc adam onu tam anlamasa da, dinləyə bilirdi və bu da Elşən üçün böyük nemət idi. Son dəfə, hamamda baş verən hadisədən bir necə gün əvvəl onların arasında olan söhbət Səlimə maraqlı, həm də bir az qiyamsayağı gəlmişdi. Amma o, yaxşı dinləyici idi, Elşənin söylədikləri onun üçün fərqli və maraqlı idi. O günkü söhbət Səlimin günah anlayışını qırıb tökmüşdü, Elşənin səsindəki amiranəlik və quruluq onu elə sehrləmişdi ki, toxunulmaz hesab etdiyi Allah haqqında dediklərini belə qorxu ilə deyil, heyranlıqla dinləmişdi.

-Səncə, Tanrı bizə qarşı ədalətlimi davranıb?

-Məncə, hə...

-Niyə?- Feyzi belə dediyinə görə, yoxsa düşünüb bu qərara gəlmisən? Sənə qarşı məsələn... Güclüsən, yaraşıqlısan, amma bax burdasan... Bu ədalətlidirmi səncə? Mən niyə burdayam və hər gün eyni şeyi yeməliyəm, ancaq eyni rəngdə paltar geyinib eyni şeyləri gündə təkrar etməliyəm. Tanrı insan kimi yaşasaydı, Tanrı qala bilərdimi burda, yoxsa özünə qarşı belə üsyan edərdi? Sən bunları heç düşündünmü? Tanrıya niyə inandın sən, Feyzinin dediklərini dinləyə-dinləyəmi? Onun haqqında suallar verib düşünməyin günah olduğunu deyirlər sənə, eləmi, amma bax, mən deyirəm ki, Tanrı mənə qarşı ədalətsiz davranıb.

- Necə yəni? Hamı belə yaşayır, belə yeyir, belə geyinir. Məgər fərqli olan varmı ki, sən özünə qarşı ədalətsizlik sayırsan olanları. Fərqli yaşayan varmı ki?

Elşən başı ilə başqa ölkələrin olduğunu təsdiqləyib susdu.

-Hardan bilirsən? Axı sən hər zaman burda, bu adada olmusan. Hardan bilirsən? Mən özüm oxudum ki, dünya belədir, su və adalardan ibarətdir, müxtəlif adalar var, ölkələr, bizim ölkəmiz buradır...

-Sən hardan oxudun bunu?. Hər gün yalan dolu yazılar yazıb dərc etdiyiniz o qəzetdənmi? Sən o yazdığın yazıların hansının gerçəkliyini öz həyatında görürsən? Sən toxsanmı, əmin-amanlıqdasanmı? Sabah Ağa desə, burdaca elə sakinlər parça-parça edər səni... Hər gecə baxdığın televiziyamı düz deyir? Deyirlər ki, hər yerdə aclıqdır, müharibədir, olsun, ola da bilər, amma bütün dünya belə deyil və olmaq da zorunda deyil. O dedikləri ölkələrdən başqa, sakit olanlar, azad, yaxşı yaşayanlar heçmi yoxdur? Biz acıq, onlar tox, demək ki, fərqli yaşayanlar var.

-Kim toxdur?

-Ağa..

-Onu gördünmü? - Səlimin gözü böyüdü. Boynunu irəli uzadıb Elşənin nə deyəcəyini gözlədi. Elşən onun maraqlı baxışlarına baxıb gülümsündü, Səlimin belə məsum və təmiz olması onun ürəyini ağrıtdı, onun qarşıda itirəcəyi çox şey vardı, həm də çox və bu itirəcəklərinin acısını yaşamağa məhkumdu. Natəmiz birinin təmizliyini, vicdansızın vicdanını itirməsi acı deyil, itiriləcək bir şey yox zatən. Ya məsumun məsumluğunu itirməsi... Elşən dərindən köks ötürüb Ağanı görüb görmədiyininəhəmiyyəti olmadığını deyib susdu.

Səlim çaşqındı.

- O başçıdır, nə edə bilərik ki... Həm də axı niyə etməliyik? Hara gedəcəyik, dünyada hər yerdə aclıq, müharibələr var, burdasa sakitlikdir ən azından.

-Sən atan kimi danışırsan, amma onun kimi də düşünürsənmi? Bunu özündən soruşdunmu? Onun kimi yaşamaq və burda acından ölmək, sənin həyatla bağlı arzuların bumu? Başqa arzun yoxdurmu? Heçmi atandan fərqli arzun və ya düşüncən yoxdur, eynən onun kimi yəni...

-Amma qaydalara uymasam, daha tez öləcəyəm, həbs olunaram, ya da qətl edilərəm.

Elşənin üzü ani ağardı, Səlim bunu sezdi və bu qəfil dəyişmədən nəyisə düz etmədiyini düşünüb qorxdu. Elşən onu cəzalandıra bilərdi, ondan güclü idi. Susdu, araya gərgin sükut çökdü, Elşən ağır-ağır nəfəs alırdı. Qalxıb bir az aralandı, arxasını çevirdi Səlimə və bir müddət belə qaldı.

-Qaydalara uysaq da, öləcəyik. Dəyişən nədir? Biz dünyaya ölmək üçün gəlirik. Qiyamət günü Tanrı daha çox adamı məhkəməyə çəksin deyə... O, özünə daha çox məhkum, günahkar hazırlayıb uzun-uzun məhkəmələr qursun, daha böyük hakim olsun deyə insanı bütün bunlarla baş-başa buraxıb. Amma məhkum etməyib. Məhkumiyyəti biz yaradırıq.

-Bəs sən niyə?...- Səlim yenə də Elşəni qəzəbləndirən nəsə deyəcəyini hiss edib susdu, nəyisə bəhanə edib uzaqlaşmaq istədi hətta... Onun qorxduğu aşkar hiss olunurdu.

- Mən niyə ölmədim, getmədim, etiraz etmirəm, eləmi, bunu demək istədin?! Doğru sualdır, mən də dəfələrlə bu sualı özümə vermişəm. Mən niyə yaşayıram? Madam ki, son eynidir, niyə bütün bunları yaşamalıyıq. Tanrı bizi yaradarkən ürəyimizə elə inad, yaşamaq eşqi qoyub ki, sanki bizdən nəyinsə qisasını alıb. Ölümlü olan birinə bu qədər həyat eşqi vermək... Səncə, bu cəza deyilmi? O bizə qarşı ədalətli davranmayıb. Bəlkə də Ağaya qarşı davranıb, amma mənə, sənə qarşı deyil. Ağaya olan davranışınsa mənə aidiyyatı yoxdur, əksinə, hətta buna görə mən onu ittiham belə edə bilərəm.

- Belə danışmaq...

-Bilirəm, günahdır. Amma Tanrı buna görə, onu tənqid etdiyimə görə mənə günah yazacaq qədər kiçik deyil. Feyzinin dedikləri sənin beynini qorxu ilə yükləyib, amma onun özü... Sənə “etmə” dediklərinin hamısını özü edir. Feyzi Tanrını anlada bilməz, o bunu edə biləcək biri deyil.

Elşənin üzündəki kinayəli ifadə daha da dərinləşdi.

-Sən Feyzini və onun dediklərini burax, onun danışdıqları ilə deyil, özün hiss etdiyin kimi Tanrını tanımağa çalış. Deyirsən ki, Tanrı haqqında belə danışmaq günahdır. Niyə, mən öz taleyimin yaradıcısından soruşa bilmərəm ki, niyə məni belə yaradıb, niyə mən burda yaşamalıyam, niyə Ağa yaxşı yaşayanda, mən sürünməliyəm? Ağanın payına düşəndən niyə mənə pay ayrılmayıb? Soruşa bilmərəmmi? Axı o yaradıb məni... Hər şeydən də xəbərdardır, demək mənim nə yaşadığımı bilir. Daha çox belə düşünə bilərik, eləmi?! Amma məsələ ondadır ki, Tanrı bizim burda yaşadıqlarımızı bilir, bununla da onun işi bitir. Bundan sonrakı mənim, sənin işindir.

-Bizi sınağa çəkir...

-Soruşdumu məndən? Bu imtahana girib girməmək istədiyimi soruşdumu məndən... Soruşmadan qərar verirsə, onun Ağadan fərqi nə oldu, Ağa da məndən soruşmur ki, kələm yemək istəyirəm ya yox?

-Axı o Allahdır, soruşmaz, sorğulayar. Bizi o yaratdı.

-Yaratdı, dediyim kimi işi bitdi, qanunlar, qanunauyğunluqlar yaratdı və onu sənə, mənə görə dəyişmir. Biz seçim etməliyik. Amma mən Tanrıdan başqa bir şeyin hesabını sora bilərəm... Bizi niyə belə yaramaz, acgöz və nankor yaratdı? Mən günahkar olmaq istəmirəm, bu üzdən də illərdir dözürəm, onun hesabına uyğun yaşamağa çalışıram, hərəkət etmirəm, günahkar olmaqdan qorxduğum üçün, bu qədər, bundan o yana gücüm yetmir. Mən cəhənnəmə getməkdən filan da qorxmuram, burdakıların yanında nədir ki, cəhənnəm... Cəhənnəmdə yanıb təmizlənib yenə xilas olmaq şansın var, deyilənə görə, amma burdan xilas olmaq imkanı belə yoxdur. Mənim qorxularım başqadır, - Elşən susub məchul bir nöqtəyə zillədi gözlərini. Onun xəyalını, düşüncəsini dağıtmaqdan qorxurmuş kimi hərəkətsiz qaldı, bir müddət belə keçdi və Elşən ani susduğu kimi də, birdən dərindən köks ötürüb dodaqlarını bir-birinə sıxdı.

Buna da bax: “Qadınlar meydanda iki qladiatorla təkbətək qalıb”

-Sən qorxmursan?-Səlim bu dəfə cəsarətlə soruşdu.

-Yox...

-Bir şeyi də soruşa bilərəmmi?

Elşən başı ilə razılıq verdi.

-Allahın ədalət meyar nədir?

- Öz bəyəndikləri, düz hesab etdikləri ola bilərmi?

Səlim susub bir az boş nəzərlə ona baxdı, sanki beyni, düşüncələri hardasa başqa bir yerə ilişib qalmışdı.

-Yaxşı... Sənin ruhun bilirsən necədir? Lamiyənin ruhu necə, o, təmiz deyil?

Səlim Lamiyənin adını eşidən kimi qızardı. “Niyə Lamiyəni soruşdu?” sualı beynindən ildırım sürəti ilə keçib qanına şübhə saldı, qısqanclıq atəş kimi içini yaladı.

-Bilmirəm, Lamiyənin, bilmirəm, - Səlim kəkələdi.

Elşən gülüb əlini onun çiyninə qoydu.

-Onu sevdiyini bilirəm. Burda nə var, sev, amma sənin sevginin burda yaşanması və burda da ölməsi ədalətsizlik deyilmi? Onunla yaşamaq istədiklərin elə bu qədərdimi yəni, bu adanın, tozun, ucuq binanın içində yaşamaqmı istəyirsən bütün ömrün boyu... ? Bu sənə ədalətsiz gəlmirmi? Özü də sən bunu dəyişə bilməzsən, tək dəyişə bilməzsən yəni, burdakı adamlarla birgə dəyişə bilərsən, ancaq olmayacaq. Çünki ən böyük ədalətsizlik bilirsənmi nədir? Kölə ürəkli insanların içində azad ruhla doğulmaq... Bax, əsil bədbəxtlik budur...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG