Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:59

"Hollywood kralı" ləqəbli Clark Gable yaddaşlarda hansı filmlə qalıb...


Amerika aktyoru Clark Gable.
Amerika aktyoru Clark Gable.

-

“Hollywood kralı” Clark Gablenin pərəstişkarına çevrilmək üçün bütün filmlərinə baxmağa ehtiyac yoxdu, elə təkcə “Küləklə sovrulanlar”ı izləmək kifayətdi. Onun, daim hər şeyə kinayə elədiyi təəssüratı yaradan yanakı təbəssümlü, el dilində desək, qıyqacı baxışlı, zahirən sarsılmaz sinik, daxilən uşaq kimi kövrək, mərhəmətli Rett Batleri tamaşaçını addım-addım, epizod-epizod, ancaq həmişəlik fəth eləyir. Bunun səbəbi sadəcə C. Gablenin son dərəcə usta aktyor olması deyildi. Əksinə, müasirləri (elə özü də) Gableni lazımi vaxtda lazımi yerdə olmağı bacarmış ortabab aktyor hesab eləyirdilər. Clark Gablenin uğurunun ən mühüm səbəbi – özünü oynaması idi. Ona məşhurluq gətirən bütün filmlərdə - ki, belələri barmaqla sayılacaq qədərdi – o, həyatda olduğu kimi idi. Zatən həyatı da kinodan fərqlənmirdi.

***

Clark Gable erkən dövrlərində, 1938-ci il.
Clark Gable erkən dövrlərində, 1938-ci il.

30-cu illər Hollywoodunun seks-simvollarından biri – William Clark Gable 1901-ci ildə Ohayo ştatının Kadis şəhərində anadan olmuşdu, ailədə yeganə uşaq idi. Atası neft mədənində qazmaçı işləyirdi, anası epilepsiyadan əziyyət çəkirdi və Clark doğulandan yeddi ay sonra dünyasını dəyişmişdi. Balaca Clark ögey anası və ailədə yeganə dəstəkçisi Jennie Dunlapın himayəsində böyümüşdü. Atası onun idmanla məşğul olmağını, həkimlik oxumağını istəyirdi, Clark isə incəsənətlə maraqlanırdı. Yeniyetmə Clark bir müddət atasının aldığı fermada, bir müddət şin zavodunda işləyəndən sonra aktyor olmaq istədiyini bəyan eləmişdi. Onu buna yerli müzikholda izlədiyi “Cənnət quşu” tamaşası ruhlandırmışdı. Clark səhnəyə o qədər aşiq olmuşdu ki, teatr truppasında fəhlə işləməyə başlamışdı, özü də havayı. Nəhayət, 20 yaşı tamam olanda aktyor kimi ilk debütünü eləmişdi. Ancaq ifası o qədər uğursuz alınmışdı ki, rejissor onu yenidən fəhləliyə qaytarmışdı.

Amma Clarkın qərarı qəti idi- mütləq aktyor olacaqdı.

Oğlan, arzusunu həyata keçirmək üçün imkanlar şəhəri Portlendə yollanmış, teatra qəbul olunana qədər qalstuk, qəzet satmış, telefon xəttində operator və sair işlərdə işləmişdi.

Buna da bax: Hollywoodun "vəhşi" ləqəbli xaç atası - Marlon Brando

1924-cü ildə onu, nəhayət, teatr meneceri Josephine Dillonun yaratdığı teatr truppasına götürürlər. Clarkdan 14 yaş böyük olan Josephine onu əvvəlcə aktyor, sonra da özünə ər edir. Onlar elə həmin il evlənirlər. Ancaq Dillonun dediyinə görə, onların arasında yalnız platonik münasibət varmış. 1924-cü ildə K. Gable daha bir başlanğıca imza atır –“Qadağan olunmuş cənnət” səssiz filmində çəkilir. Ardınca səhnədə və ekranda əhəmiyyətsiz rollar bir-birini əvəz eləyir.

30-cu illərdə kinoya səs gəlir və nəticədə Hollywoodun əksər ulduzları “danışa bilmədiklərinə görə” işsiz qalırlar. İndustriyanın yeni ulduzlara, yeni qəhrəmanlara ehtiyacı vardı. Məsələn, Clark Gable kimi. Jozephine -nin düz altı il Clarka keçdiyi diksiya dərsləri bəhrəsini vermişdi. Digər aktyorlardan fərqli olaraq, Gable səsini idarə eləməyi bacarırdı və bir anda Hollywoodun vazkeçilməzinə çevrilmişdi. Təbii ki, bəxt də öz sözünü demişdi. 1931-ci ildə Clark Gable neft maqnatının dul qalmış arvadı, özündən 17 yaş böyük Maria Langham ilə evlənir. Langham ərini kino ulduzu kimi görmək istəyirdi və bunun üçün pulunu əsirgəmirdi. Tezliklə, C. Gable Hollywoodun​ ən nəhəng kinoşirkətlərindən biri - «Metro Goldwyn Mayer»lə müqavilə bağlayır və bir-birinin ardınca gələn onlarla filmdə əclafları, hiyləgər qadın düşgünlərini oynayır.

Lakin bir müddət sonra bu ampluadan bezir və növbəti roldan imtina eləyir. “MGM” cəza olaraq onu “Columbia” studiyasına, “Bu, gecələrin birində oldu” filminə “kirayə” verir. Film beş əsas nominasiyada “Oskar” mükafatına layiq görülür, Clark Gable isə zirək, cazibədar müxbir roluna görə ilin ən yaxşı aktyoru adına.

Yeri gəlmişkən, aktyorun, “Oskar”ını alarkən söylədiyikləri mükafatın tarxinə ən qısa nitq kimi yazılıb. İkicə kəlmə: “Təşəkkür eləyirəm! (Thank you!)”

Clark Gable və Vivien Leigh "Küləklə sovrulanlar" filmində, 1939.
Clark Gable və Vivien Leigh "Küləklə sovrulanlar" filmində, 1939.

1939-cu ildə çəkildiyi “Küləklə sovrulanlar” filmi isə aktyorun yaradıcılığının zirvəsi olur, baxmayaraq, Gable başda bu rolu özü üçün həddindən artıq mürəkkəb hesab eləyərək çəkilmək istəməmişdi. “MGM” rəhbərləri, əgər rolu qəbul etməzsə, boşanmasına icazə verməyəcəklərini deyərək onu şantaj eləmişdilər. (30-cu illərin Hollywoodunda studiya ilə müqavilə bağlamaq onun köləsi olmaq kimi idi - aktyorun imicindən tutmuş görüşdüyü qadınlara qədər studiya qərar verirdi).

“Küləklə sovrulanlar” filminin uğurundan sonra Clark “Hollywoodun kralı” titulunu alır və ömrünün sonuna qədər onu fəxrlə daşıyır.

C. Gable-in ən yaxşı filmlərindən biri də həyatının son günlərində çəkildiyi “Qərarsızlar” idi. Bu filmdə o, yenidən kovboy obrazına qayıtmışdı. Onun qəhrəmanı həyatda yerini tapmağa çalışan qocalmış və kədərli kovboy idi.

Filmin çəkilişlər bitəndən bir neçə həftə sonra – 1960-cı ilin 16 noyabrında aktyor Los-Ancelesdə infarkt keçirərək dünyasını dəyişdi.

***

Clark Gable rəsmi şəkildə beş dəfə evli olub. Ancaq həyatından keçən qadınların sayı-hesabı yox idi. Aktyor tək qalmağı bacarmayan, həmişə qadınlara ehtiyac duyan kişilərin kateqoriyasına daxil idi.

Buna da bax: Kinonun sərtlik simvolu Gabin və onun sevgisi Marlene Dietrich

Amma bütün ömrü boyu bircə dəfə aşiq olmuşdu- üçüncü arvadı, gözəl sarışın Carole Lombarda.

Clark Gable və sevimli arvadı Carole Lombard, 1939-cu il.
Clark Gable və sevimli arvadı Carole Lombard, 1939-cu il.

C. Lombardla evlənməkdən ötrü Gable sərvətinin yarısını boşanmağa razılıq versin deyə ikinci arvadı Maria Langhama bağışlamışdı. Öz növbəsində Carole da boşanma prosesinə yardım etmək və sevdiyi kişiyə ərə getmək üçün bütün qiymətli əşyalarını satıb Clarka vermişdi.

Clark Gable-la Carole Lombard bir-birilərini çox sevir, daim bir-birinə sürprizlər edirdilər. Hər səhər Gablenin qrim otağına qırmızı qızılgül gəlirdi, aktyor isə sevimli arvadının bütün istəklərini yerinə yetirirdi. Ərinin xatirinə sarışın gözəl öz vərdişlərini də dəyişmişdi. Həmişə mükəmməl geyim tərzi ilə fərqlənən Carole kodub uzunboğaz çəkmələr, islanmayan rezin şalvar, yağmurluq geyinib əri ilə birlikdə balıq tutmağa gedirdi. Gable isə kübar ziyafətlər həvəskarı olan həyat yoldaşını daima müşayiət eləyirdi.

Lakin onların xoşbəxtliyi uzun sürmür. 1942-ci ildə Las-Veqasda bir şouda iştirak edəndən sonra Carole evə təyyarə ilə qayıtmaq qərarına gəlir və qəzada həlak olur.

Arvadının həlak olduğu xəbərini hönkürtü ilə qarşılayan Clark, onun qalıqlarını tapıb layiq olduğu şəkildə dəfn etmək məqsədilə axtarış əməliyyatlarına qoşulur. O, təyyarınin qalıqları arasında faicədən az əvvəl arvadına hədiyyə elədiyi brilyant sırğaları tapır.

Clark Gable "Küləklə sovrulanlar" filmində 1939.

Bu faciə aktyorun həyatını bütünlüklə dəyişir. Əvvəllər hündürlükdən qorxan Gable ABŞ hərbi hava qüvvələrinə yazılır, sıravi kimi xidmətə başlayır və mayor rütbəsinə qədər yüksəlir, “MGM” rəhbərliyinin hökumət nümayəndələri vasitəsilə təzyiqlərinə baxmayaraq, Gable B-17 hərbi təyyarələrində atıcı olur, Almaniyaya hava hücumlarında iştirak eləyir. Onun təyyarəsi vurulana qədər 20 uçuş həyata keçirib. Şahidlərin dediklərinə görə, Clark hava hücumları zamanı bilərəkdən risk eləyirdi, sanki özünə ölüm axtarırdı. Bununla belə onun bəxti yenə gətirir, 25 hava hücumundan sonra bir sıyrıq belə almadan evə qayıdır, təkrar “MGM”-lə müqavilə bağlayaraq filmlərə çəkilməyə başlayır.

Clark Gable 1943 Amerika Hərbi Hava Qüvvələrində xidmət edərkən.
Clark Gable 1943 Amerika Hərbi Hava Qüvvələrində xidmət edərkən.

C. Gable, demək olar ki, Hollywoodun əksər məşhur aktrisaları ilə macəra yaşayıb. Onun siyahısında Lana Turner, Ava Gardner, hətta Monako şahzadəsi Grace Kellynin də adı var.

Dördüncü arvadı, cəmi il yarım evli olduğu Silviya Ashly ilə də, sonuncu Kay Williamsla da, Caroleyə oxşadıqlarına görə evlənib.

Çoxsaylı sevgi macəraları ilə yanaşı “Hollywood kralı” seks işçilərinin də xidmətlərindən istifadə edir və bunu gizlətmirdi. Ondan bunun səbəbini soruşanda aktyor “çünki mən onun pulunu verirəm, işimizi görürük, sonra o, razı şəkildə çıxır gedir. Başqa qadınlar isə böyük sevgi arzulayırlar, münasibətin davam etməsini, hər şeyin kinodakı kimi olmağını istəyirlər. Mən dünyanın ən böyük məşuqu olmaq istəmirəm” deyə cavab vermişdi.

Maraqlıdı ki, Clark Gable ömrüboyu ata olmağı arzulasa da, iki övladından heç birinə atalıq eləməyib.

Buna da bax: Soyuq cazibəli ingilis - Jude Law

Onun iki uşağı olub. Qızı Judy 1935-ci ildə nigahdan kənar dünyaya gəlib və gənc yaşlarına qədər valideynlərinin kim olduğunu bilməyib. Onun anası, aktrisa Loretta Yang yalnız ölümqabağı etiraf eləyib ki, birlikdə oynadıqları “Əcdadların sədası” filminin çəkilişləri zamanı Gable onu zorlayıb. Hamilə qaldığını öyrənən Loretta qatı katolik imiş, odur ki, uşağı doğmaq qərarına gəlib. Anası və bacıları ilə plan quran aktrisa Judy-ni gizli şəkildə doğandan sonra Los-Anceles yaxınlığındakı uşaq evlərindən birinə verib, bir ildən sonra isə kimsəsiz uşaq kimi övladlığa götürüb. Judy-nin dörd yaşı olanda aktrisa ərə gedib və qıza ərinin soyadını verib. Clark Gable Judy ilə yalnız bir dəfə - qızın 15 yaşı olanda görüşüb, lakin atası olduğunu ona deməyib.

Ömrü boyu bioloji valideynlərinin kimliyindən xəbərsiz olan Judyə bu barədə 23 yaşında görüşdüyü oğlan deyib, Loretta isə səkkiz ildən sonra təsdiqləyib.

Gable-ın ikinci övladı John isə atasının ölümündən sonra dünyaya gəlib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG