Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:52

-

"Jean Gabin müharibəyə gedəndə Marlene də onun ardınca Əlcəzairə yollanmışdı, gündüzlər dəniz piyadaları üçün konsertlər verir, gecələrsə gizlincə sevimli Jeanı ilə görüşürdü".

Kinonun sərtlik simvolu Jean Gabin və sevgisi Marlene Dietrich

Onun əsl adı Jean-Alexis Moncorgedir. 1904-cü il mayın 17-də Paris yaxınlığında, Meryel adlı yerdə, kabare aktyorları Ferdinand MoncorgeElen Petitin çoxuşaqlı ailəsində anadan olub. Ferdinand Moncorgeni kabaredə başqa adla tanıyırdılar – onun səhnə təxəllüsü Gabin idi. Yox, milyonların sevimlisi, qadınların, lap elə kişilərin də kişilik idealı, məşhur fransız aktyoru Ferdinand deyildi, onun oğlu – Jean-Alexis Moncorge idi və o, teatrı “riyakarlar məkanı” hesab eləyirdi, məşhur fransız aktyoru Jean Gabin olmağı ağlının ucundan belə keçirmirdi, nəinki keçirmirdi, bacardığı qədər buna qarşı mübarizə aparırdı.

Jean Gabinin doğma şəhəri Merieldəki büstü.

Jean Gabinin doğma şəhəri Merieldəki büstü.

Kiçik Moncorgé dərslərini pis oxuyurdu, parta arxasında oturmaqdan zəhləsi gedirdi, ancaq top qovmaq və tezliklə böyüyüb paravozsürən olmaq istəyirdi. Hələ uşaqlıqdan dava eləməyi sevən Jean 14 yaşında kobud, deyingən “ayıya” çevrilmişdi. Atası onunla dil tapmağa çalışır, qaraqabaq oğlunun etibarını qazanmaq üçün onu özüylə kabaklara aparırdı. Ancaq yeniyetmə Jean, atası ilə ünsiyyətdə olmaqdan qətiyyətlə imtina eləyir, dərslərdən qaçır, aktyorları “bir yığın cındır” adlandırırdı. Ona elə gəlirdi ki, karyerasında, az da olsa, irəliləməkdən ötrü hətta ən pis rollara belə razılaşan atası kifayət qədər əziyyət çəkib, özü onun yoluyla getmək istəmirdi.

Buna da bax: "Hollywoodun susqun simalı aktyoru: Bill Murray"

18 yaşı tamam olanda o, artıq beton da qarışdırmışdı, aslfat da çəkmişdi, kisə-kisə kömür də daşımışdı, poladəritmə zavodunda usta köməkçisi də işləmişdi, gah qəzet, gah velosiped də satmışdı.

Jaen Gabinin gənclik filmlərindən birində rolu.

Jaen Gabinin gənclik filmlərindən birində rolu.

Sonralar filmlərdə dəfələrlə fransız fəhlə-kəndlilərinin obrazını yaradan Gabin təbiətən tipik burjua idi. Odur ki, yaşadığı proletar həyat onu çox tez yorur. Jean atası ilə barışır, Ferdinand Moncarge oğlunu “Foli Berjer” teatrına statist işinə düzəldir və Jean nifrət elədiyi mühitə daxil olur. 20 yaşlı gəncdən ötrü kömür kisəsi daşımaqla səhnədə oynamaq arasında heç bir fərq yox idi, o, səylə işləyir və hər ay maaşının artırılmasını gözləyirdi. Amma iş ondaydı ki, Gabin çox istedadlıydı, ona görə də tamaşaçılar tərəfindən sevilirdi.

1924-cü ildə donanmada hərbi xidmətini başa vurandan sonra Jean yenidən teatra qayıdır. Artıq səhnəni sevməyə başladığına görə yox. Ona görə ki, gedəcək başqa yeri yox idi və ancaq teatrda iş vardı. Onun xırıltılı səslə oxuduğu şansonlar böyük uğur qazanırdı, xüsusən, qadınlar teatra daha çox onu dinləməyə gəlirdilər.

Buna da bax: "Neft qurtardı, film var"

30-cu illər aktyor üçün kinoda ilk sınaq çəkilişləri ilə başlayır. Baxmayaraq ki, Gabin kinoya teatrdan daha çox nifrət eləyirdi. Elə bu illərdə gənc Jean Moncorge adını qısaldır və atasının səhnə təxəllüsünü özünə götürür. II Dünya Müharibəsi ərəfəsində Gabin demişdi ki, mən yuxarı öz iradəmin əksinə, istəməyə-istəməyə qalxmışdım. İlk filmlərimdə entuziazmsız, çarəsizlikdən çəkilmişdim. İndi isə hər şey dəyişib.

Rejissor Jean Renoir və onun tanıtdırdığı aktyor Jean Gabin.

Rejissor Jean Renoir və onun tanıtdırdığı aktyor Jean Gabin.

Populyar operettaları ekranlaşdıran rejissorlar üçün Gabin xəzinə idi. Məşhur Fransız rejissoru Jean Renoir tanış olana qədər Gabin üçüncü, dördüncü dərəcəli, keyfiyyətsiz 11 filmdə çəkilmişdi. Jean Gabini bütün dünyada tanınan, sevilən, özünəməxsus görünüşü, istedadı ilə pərətişkarlar qazanan Gabinə Renoir çevirmişdi. Əslində onun filmlərində Gabin, digər filmlərdən daha çox səy göstərmirdi. Əksinə, əgər əvvəllər tamaşaçıları əyləndirmək üçün qaşqabağını açmağa, üzünə təbəssüm qondurmağa məcbur idisə, Renoirin filmlərində olduğu kimi qala bilirdi. Məşhur Gabin obrazı – qaya kimi sərt, güclü, səbrli və yalqız, bir qayda olaraq, finalda həlak olan qəhrəman belə yaranmışdı (müharibəyə qədərki filmlərdə Gabinin personajları, adətən, finala sağ qalmırdılar).

Artıq onun haqqında yazırdılar, qəhrəmanlarının bütöv xarakterinə, cəsarətinə, qüruruna, gücünə təriflər yağdırırdılar. Hər zaman özündənrazılığı ilə seçilən Gabin, tərifləri təbii hal kimi qəbul eləyir, onu tənqid edənləri axmaq alandırırdı. Qəzetlərdə özü, çəkildiyi film haqqında tənqidi məqalə ilə ratlaşanda qapqara qaralır, dünyanı dağıtmaq istəyirdi. Həmin anda onun əlinə düşən insanın vəziyyəti yaxşı olmurdu və adətən, bu qəzəb çanağı yaxın dostlarının, qohumlarının başında çatlayırdı. Gabini yalnız özü tənqid eləyə bilərdi və edirdi – tez-tez özünü “istedadsız alverçi” adlandırırdı.

Bir çox aktyorlar kimi Gabin də siyasətə qarışmırdı. Məhz, buna görə müharibə ona digərlərindən daha çox zərbə vurmuşdu, ancaq o, siyasətə qarışmamaqda qərarlı idi. Odur ki, II Dünya Müharibəsi başlayanda o, işğal altında olan Parisi tərk eləyib Amerikaya yollanır.

Jaen Gabin kariyerasının zirvələrindəykən.

Jaen Gabin kariyerasının zirvələrindəykən.

Onun əsl fransız xarizması amerikalıların xoşuna gəlirdi, Hollivudda onu “fransız Spencer Tracy” adlandırırdılar. Jean hər zaman təbii idi, oynadığı personajların xarakteri aktyorun öz xarakterindən, demək olar ki, fərqlənmirdi. Daxilən sentimental, zahirən qaya kimi sərt, alicənab olan aktyorun daş kimi üz ifadəsini arabir qəzəb dalğası pozurdu. Aktyor, hərdən şüurlu şəkildə “yaratdığı” bu dalğanı obrazının vacib elementi hesab eləyirdi. Fransız “Yeni dalğa”sının məşhur nümayəndələrindən biri, rejissor Fransua Truffaut onun haqqında: “ Gabin və Gerard Philipe son dərəcə təhlükəli aktyorlar idilər. Hədsiz populyarlıqlarından istifadə eləyirdilər, hələ ssenari mərhələsində film müəlliflərinin işinə qarışırdılar. Gabin qışqıra-qışqıra rejissoru və ssenaristi inandırmağa çalışırdı ki, onun personajı bu və ya digər geyimi geyinə bilməz, filan siqareti çəkməməlidi və s. Hərdən bu müdaxilələr belə sadə detallarla məhdudlaşmır, daha ciddi şəkil alırdı” deyir.

Buna da bax: "Heminqueyin Hollivud ulduzuna məzəli məktubu satılacaq"

Adətən, Gabin tələb eləyirdi ki, filmdə mütləq qəzəb səhnəsi olsun. Onun tez-tez real həyatda yaratdığı kimi, ancaq daha ciddi səbəbli.

Jean Gabin II Dünya müharibəsində Marlene Dietrichlə birlikdə.

Jean Gabin II Dünya müharibəsində Marlene Dietrichlə birlikdə.

Siyasətdən nə qədər uzaq durmağa çalışsa da, yaxın dostları Fransada döyüşərkən özünün amerikan kameraları qarşısında “əzilib-büzüldüyü” fikri Jeanı dəli eləyirdi. Elə həmin vaxtlar Fransa Azadlıq Hərəkatının Nyu-Yorkdakı nümayəndəsi, Gabinə Fransanın azadlığı uğrunda mübarizədən bəhs eləyən “Saxtakar” filmində çəkilməyi təklif edir. Filmin ssenari müəllifi Gabinin dostu, rejissor Julien Duvivier idi. Bu təklif Gabinin səbrini daşıran son damla olur. O, faşistlərlə kinoda yox, gerçəklikdə döyüşmək qərarına gəlir. 1943-cü ilin aprelində Əlcəzairə yola düşən Jean Gabin, əvvəlcə Elorn hərbi gəmisində korabel polisinin starşinası olur, sonra isə dəniz atıcıları məktəbində təlimatçı təyin edilir. General Charles de Gaulle​-nin başçılıq etdiyi “Döyüşən Fransa” hərəkatına qoşulan Gabin Şimali Afrikada gedən döyüşlərdə göstərdiyi igidliyə görə bir neçə medalla təltif olunur, Parisin azadlığı uğrunda gedən döyüşlərdə iştirak eləyir.

Müharibədən sonra Gabin keçmiş həyatına və şöhrətinə qayıdır.

Əslində bu elə də çətin olmur. O, müharibəyə qədərki kinonun əfsanələrindən biri idi. Bu, müharibədən sonra da dəyişməmişdi. Əksinə, Gabini Troya atı ilə müqayisə eləyirdilər: film başlayırdı, heç kim heç nə başa düşmürdü, ancaq Gabinə görə uğur qazanırdı. Jean Gabinin dəyəri sadəcə istedadında deyildi, o özü dəyərliydi. Onun haqqında deyirdilər ki, istənilən başqa peşədə də eyni qədər uğur qazanardı.

Təcrübə aparmağı sevən kinematoqrafçılar Gabini meydançada daha gənc, amma onun özü qədər istedadlı aktyorlarla üz-üzə qoymağa çalışırdılar. Gabin hər dəfə Alen Delon, Jan Pol Belmondo, Brigitte Bardot kimi yeni dövrün ulduzları ilə tərəf müqabili olanda paparatsilər meydançanı güdür, dava, ən azından, ulduz dueli gözləyirdilər, lakin bunların heç biri baş vermirdi. Nə Bordonun enerjili qadınlığı, nə Belmondonun üsyankar gücü Gabini qıcıqlandırmırdı. Aralarındakı yaş fərqinə baxmayaraq, onlar bir-birini çox yaxşı başa düşürdülər. Həm də Gabin tərəf müqabillərini kölgədə qoymağa çalışmırdı, tamaşaçı kadrda onu da, digər aktyorları da görə bilirdi.

Dəlicəsinə sevdiyi yeganə qadın

Jean Gabin ilk dəfə 1925-ci ildə Gaby Basset ilə evlənmiş, bu nigah beş il çəkmişdi. İkinci arvadı, iki uşağının anası, altı il birlikdə yaşadığı Suzanne Marguerite Janne Mauchain​-lə 1939-cu ildə Marlene Dietrichə görə Amerikada boşanmışdı. Üçüncü arvadı, Marlène Dietrichin acığına evləndiyi (1949) Dominique Fournier ona Florans və Valeri adlı iki qız və Matias adlı bir oğul bəxş eləmişdi.

Buna da bax: "Hollywoodun "vəhşi" ləqəbli xaç atası - Marlon Brando"

Gabin övladlarının onun yolunu davam etdirmələrini qətiyyən istəmirdi və hər-vəchlə buna mane olmağa çalışırdı. Qızı Florans atasının etirazına rəğmən jokeyə (at yarışlarında süvari) ərə getdiyinə görə onun toyunda iştirak etməmiş, öz yerinə dostu, aktyor Lino Venturanı göndərmişdi.

Ancaq Gabin həyatı boyu bircə qadını dəlicəsinə sevmişdi - alman aktrisası Marlene Dietrichi.

Onlar 1941-ci ilin bir iyul axşamı Nyu-Yorkda, “Paris həyatı” adlı kabaredə tanış olmuşdular. O vaxta qədər Gary Cooper, James Stewart, John Wayne, Erich Maria Remarque, Ernest Hemingway, Josef von Sternberg kimi dahiləri özünə aşiq eləyən Marlene Jeana ilk baxışda vurulmuşdu. Onları bir çox şey birləşdirirdi - hər ikisi faşizmin ucbatından doğma vətənlərini tərk eləmişdilər, hər ikisinin Hitler diktaturasını görməyə gözləri yox idi, Dietrich Goebbelsin faşizmi təbliğ edən fimlərdə çəkilmək təklifinə yox demişdi, əvəzində Amerikaya qaçan həmvətənləri üçün əlindən gələni eləməyə çalışırdı, Gabin isə alman işğalçılarının ona təklif etdiyi puldan imtina eləmişdi. Bir sözlə, heç kim onlar qədər bir-birini anlaya bilməzdi. Dietrich Gabin üçün hər şeyə hazır idi. Onun alt paltarlarını öz əlləri ilə yuyurdu, onun sevdiyi yeməkləri bişirməyi öyrənmişdi, fransızca Jeanın ləhcəsinə danışırdı, Gabin müharibəyə gedəndə Marlene də onun ardınca Əlcəzairə yollanmışdı, gündüzlər dəniz piyadaları üçün konsertlər verir, gecələrsə gizlincə sevimli Jeanı ilə görüşürdü.

Normandiya əməliyyatından Gabin Parisə qayıdanda Marlene Dietrich artıq qalibləri qarşılayan kütlənin içində onu gözləyirdi. Jurnalistlər, Marlenenin, tankın üstündə şəhərə daxil olan Gabinin boynuna atıldığı anı lentə almışdılar.

Jaen Gabinlə Marlene Dietrich "Martin Roumagnac" filmində.

Jaen Gabinlə Marlene Dietrich "Martin Roumagnac" filmində.

Gabin isə öz prussiyalı gözəli ilə eyni filmdə çəkilməyi arzulayırdı. Amerikada hər dəfə rol təklifi alanda prodüserlərdən Marlene Dietrichə rol verməyi (özü də baş rol) tələb eləyir, hər dəfə də rədd cavabı alırdı, tələbində israrçı olanda isə özünü də layihədən çıxarırdılar. Nəhayət, Jean, onları birlikdə çəkməyə razılıq verən prodüser və rejissor tapır. Lakin «Martin Roumagnac» adlı filmin prokatı uğursuz olur.

Bütün ehtiraslı, çılğın kişilər kimi Jean da Marlenenin təkcə ona aid olmasını, bütün başqa kişiləri həyatından çıxarmasını istəyirdi. Bu istək də onların münasibətlərinin get-gedə korlanmasına səbəb olurdu. Marlenenin nə ərindən boşanmayacağını, nə də adət elədiyi həyatını dəyişməyəcəyini anlayan Jean onun acığına başqa qadınlarla görüşməyə başlayır.

Jean Gabinlə Marlene Dietrichin 41-ci ilin iyul axşamı Nyu-Yorkdakı “Paris həyatı” kabaresində başlayan münasibətləri səkkiz il sonra – 49-cu ilin may axşamı Parisdəki “Paris həyatı” restoranında başa çatır. Yenicə evləndiyi həyat yoldaşı ilə birlikdə təsadüfən restorana gələn Gabin, orda Jean Marais ilə oturmuş Marlene-ə fikir vermir. Özünü təhqir olunmuş hiss eləyən Marlene Dietrich düz Gabinin oturduğu masanın yanından keçərək restoranı da, onun həyatını da tərk eləyir.

***

Jaen Gabin son filmlərinin birində.

Jaen Gabin son filmlərinin birində.

Jean Gabin həyatının son illərində ailəsi ilə birlikdə Normandiyadakı fermasında yaşayır, başqa heç kimi özünə yaxın buraxmırdı. Deyilənə görə, o, axşamlar kresloda oturub qəzet oxumağı, ya da televizorda futbol matçlarını izləməyi sevirmiş.

Jean Gabin 1976-cı ilin noyabrında ürək xəstəliyindən dünyasını dəyişib. Dahi aktyor, öz vəsiyyətinə əsasən, kremasiya edilib, külləri hərbi gəmidən okeana səpələnib.

Günün bütün mövzuları

XS
SM
MD
LG