Sentyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yeni qeydiyyatdan keçmiş 11 dini icmaya şəhadətnamələr təqdim edilib. Xəbəri komitə yayıb.
Xəbərdə qeyd edilir ki, Komitə sədrinin müavini Gündüz İsmayılov icmaları aktiv olmağa, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməyə, ideoloji təhlükəsizlik məsələsinə həssas yanaşmağa çağırıb.
Sədr müavini habelə dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almağı, radikalizmə qarşı ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrini, ümummilli maraqlardan və ənənəvi dəyərlərdən çıxış etmələrini tövsiyə edib.
Azərbaycanda bütünlükdə 680-ə yaxın dini icmanın qeydiyyatdan keçdiyi bildirilir. Ancaq hələ də bəzi dini icmalar qeydiyyatdan keçməyib. ABŞ Dövlət Departamentinin bu yaxınlarda dünya ölkələrində din azadlığına dair illik hesabatında da bildirilirdi ki, Azərbaycanda bəzi dini icmaların qeydiyyatdan keçməsində problemlər var.