Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:05

Fəhlələrin icra başçısından maaş tələbi


Illüstrasiya
Illüstrasiya

►İmişlidə bir qrup fəhlə icra hakimiyyətindən iki aylıq maaş tələbinə qalxıb

“İcra hakimiyyəti ilə müqavilə bağlayıb 6 ay işləmişik. İndi də deyirlər, “iş bitdi”. Bizəsə yalnız 4 ayın maaşı ödənilib”.

Sentyabrın 2-də İmişlidə bir qrup fəhlə maaş tələbi ilə rayon icra hakimiyyətinin qarşısına toplaşıb. Fəhlələr AzadlıqRadiosunun “Qaynar xətt”inə bildiriblər ki, qurum onları müxtəlif tikintilərdə işlədib, sonra da maaşlarını vermədən onlarla “sağollaşıb”.

100-120 FƏHLƏNİN 2 AYLIQ MAAŞI

Suvaqçı Vasif Babayev:

“Yağış başımıza tökə-tökə binanın qarşısında toplaşıb maaşımızı tələb edirik. İşçilər pəncərələrdən tamaşaya dayanıblar. Yalvarırıq ki, başçı qəbul eləmirsə, heç olmasa, müavinləri qəbul eləsin. Mühafizəçilər hədələyirlər ki, “bir də buralara hərlənsəniz, polis çağırıb hamınızı şöbəyə apartdıracağıq. Bizim mart və avqust aylarının maaşlarını basıb yeyiblər. İndi qarşımıza çıxan yoxdur”.

İlqar adlı fəhlə deyir, o da həmin 100-120 fəhlədən biridir. Orta xidmət haqqı 200-250 manat civarında olub:

“Görün, 100-120 fəhlənin iki aylıq maaşı ciblərində qalanda nə qədər pul edir... İşə martdan başlamışıq. Elə ilk ayın maaşında problem yarandı. İcra hakimiyyəti növbəti aylardan maaşları ödəyəndə arxayın olduq ki, yəqin müqavilə bitənə yaxın martın da maaşını ödəyərlər. Bunlar nəinki birinci, heç sonuncu ayın maaşını ödəmədilər. Maaşlarımızı ödəmədən dedilər ki, “gedin, sizinlə müqavilə bitib””.

“GÖZÜMÜ QƏPİK-QURUŞA DİKMİŞƏM”

Ancaq deyəsən, fəhlələrin iki aylıq maaşlarını bağışlayıb getmək fikirləri yoxdur. Əli adlı fəhlə üç övladına hələ məktəb bazarlığı etməyib. Üstəlik, qarşıdan Qurban bayramı gəlir:

“Gözümü icra hakimiyyətindən alacağım iki aylıq qəpik-quruşa dikmişəm. Uşaqların məktəbə getməsinə iki həftədən də az qalıb. İcra hakimiyyəti mənə borcunu ödəməsə, uşaqlar məktəbə gedə bilməyəcək. Mən də Qurban bayramında uşaqlarıma 1 kilo düyü qaynatmaq, süfrə açmaq istəyirəm”.

İmişli rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, məsələ ilə bağlı rəhbərliyin münasibətini öyrənib gün ərzində özləri AzadlıqRadiosu ilə əlaqə saxlayacaqlar. Qurumdan səs çıxmadığını görən “Qaynar xətt”ə əməkdaşının növbəti zəngləri isə cavasız qalıb.

Hüquqşünas Vaqif Alıyevin sözlərinə görə, əgər fəhlələrlə qurum arasında müqavilə bağlanıbsa, onların məhkəməyə müraciət etmək imkanları var.

XS
SM
MD
LG