«Sentyabrın 1-də «Avto FM» MMC ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) arasında bağlanan xidmət müqaviləsi başa çatıb və bununla da müqaviləyə xitam verilib. Sadəcə, «Avto FM» MMC ilə müqaviləyə xitam verilib».
Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Nuridə Allahyarova «Report»a açıqlamasında «Avto FM-in» yayımının dayandırılması məsələsini şərh edərkən bildirib.
Ancaq onun deməsinə görə, işçilər azad edilməyiblər: «Eyni heyət yenə də öz işini davam etdirir. NİİM-in tərkibində yaradılan radionun fəaliyyətinə aid bütün səlahiyyətlər artıq Bakı Nəqliyyat Agentliyinə aiddir. Çünki NİİM də agentliyin tabeliyindədir».
«AVTO-FM» YAYIMINI DAYANDIRIB
Azərbaycanda fəaliyyət göstərən «Avto FM - 107.7 FM» radiosu yayımını dayandırıb.
«Report»un xəbərinə görə, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi faktı təsdiqləyib.
Lakin radionun yayımının dayandırılmasının səbəbləri açıqlanmayıb.
2013-cü ildə fəaliyyətə başlayan «Avto FM» 107.7 MHz tezliyində yayımlanırdı.
Milli Televiziya və Radio Şurasının 2013-ci il aprelin 2-də verdiyi qərar ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdi.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 2011-ci il dekabrın 29-da açılıb. Müstəqil ekspertlər bildirir ki, bu sistemin yaradılmasına böyük pullar xərclənsə də, o özünü doğrultmayıb. Sistem şəhərdə tıxacların aradan qaldırılmasına ciddi töhfələr verməyib.
Artıq bir çox dayanacaqlarda mərkəzin quraşdırdığı monitorların da işləmədiyi bildirilir.