Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 06:57

Xədicə cəzanın azaldılması qərarından şikayət verib


Xədicə İsmayıl və Fariz Namazlı
Xədicə İsmayıl və Fariz Namazlı

Araşdırmaçı-jurnalist, AzadlıqRadiosu-nun əməkdaşı Xədicə İsmayıl cəzasının 2 il 3 aya endirilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarından apelyasiya şikayəti verib. Bu barədə AzadlıqRadiosu-na jurnalistin vəkili Fariz Namazlı məlumat verib.

Vəkil deyir ki, apelyasiya şikayətində sözügedən qərarın ləğvi və X. İsmayılın CM-nin 192-ci (qanunsuz sahibkarlıq) maddəsilə cəzadan azad edilməsi barədə ərizəsinin təmin olunması istənilir.

X. İsmayıl Ali Məhkəmənin qərarı ilə mayın 25-də 3 il 6 ay şərti cəza ilə həbsdən buraxılandan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinə 192-ci maddə ilə ona təyin edilmiş cəzadan və cinayət məsuliyyətindən azad edilməsi üçün ərizə ilə müraciət etmişdi. Jurnalist ərizəsini Cinayət Məcəlləsinə edilən dəyişikliklərlə əsaslandırmışdı.

Buna da bax: Xədicə İsmayıl: “Onları Azərbaycana mal-mülk bağlayır” (VİDEO)

X. İsmayıla CM-nin 192.2.2-ci maddəsi ilə verilən ittihamda yazılıb ki, o, Azərbaycan Xarici İşlər Nazirliyində akkreditasiyadan keçmədən xarici mediada (AzadlıqRadiosu) fəaliyyət göstərib və 2010-2014-cü illərdə 79 min 480 manat gəlir əldə edib. Buna görə də ona Ali Məhkəmənin qərarı ilə 3 il cəza verilib.

Jurnalist ərizədə göstərib ki, qanuna dəyişikliklə 192-ci maddənin dispozisiyası konkretləşdirilib. Əvvəl həmin maddədə "dövlət qeydiyyatına alınmadan fəaliyyət"dən bəhs olunurdusa, dəyişiklikdən sonra konkret göstərilib ki, söhbət vergi uçotuna alınmadan və ya lisenziya almadan göstərilən sahibkarlıq fəaliyyətindən gedir. Jurnalistika isə lisenziyalı fəaliyyət növü deyil.

Buna da bax: Xədicə İsmayılın cəzası azaldıldı

Lakin X. İsmayılın ərizəsi qismən təmin olundu. Məhkəmə belə nəticəyə gəldi ki, qanunsuz sahibkarlıq ittihamına xitam verilməməlidir, çünki dəyişikliklərdən sonra da söhbət təkcə vergi uçotuna qeydə alınmadan yox, ümumiyyətlə, dövlət orqanında qeydə alınmadan sahibkarlıq fəaliyyətindən gedir. Amma dəyişiklikdən sonra bu maddə üzrə külli miqdarın 100 min manatdan yuxarı məbləğə aid edildiyi nəzərə alınaraq, jurnalistə verilən ittiham da 192.2.2 maddədən 192.1-ci maddəyə tövsif olundu. Bu maddə ilə ona verilmiş 3 illik cəza isə 4 aya endirildi.

Jurnalistə CM-nin 213-cü (vergidən yayınma) maddəsi ilə də təyin olunmuş 2 il cəza nəzərə alınaraq, X. İsmayılın üzərində qəti olaraq 2 il 3 ay şərti cəza saxlanıldı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG