Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:54

Oğlu Qarabağda ölən ana: 'Biz acından ölməliyik?'


İlham Əliyev
İlham Əliyev

Azərbaycanın xarici siyasəti, Bakıda yaşayan naxçıvanlıların muxtar respublika haqqında təəssüratları və oğlu Qarabağ savaşında həlak olan ananın prezidentə müraciəti bu gün medianın əsas mövzularıdır.

UĞURLU XARİCİ SİYASƏT

«Azərbaycan Cənubi Qafqaz regionunda əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum şəkildə yararlanaraq uğurlarının miqyasını artırmaqdadır». «Azərbaycan» qəzetində dərc edilən baş yazıda belə deyilir. Məqalə «Uğurlu xarici siyasət yürüdən ölkə» sərlövhəsi ilə dərc olunub.

«Son 13 ildə iqtisadi inkişaf və demokratikləşmə xəttini milli inkişafın dəyişməz formulu kimi önə çəkən dövlət başçısı İlham Əliyev respublikamızın qlobal siyasi arenada müsbət imiclə tanınmasını, regional və beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsini təmin edib. Beləliklə, həm də hücum xətti üzərində qurulan çevik və səmərəli xarici siyasət yürütmək imkanı qazanan cənab İlham Əliyev «güclü dövlət - müstəqil siyasət» devizini praktik olaraq gerçəkləşdirib», - məqalədə oxuyuruq.

Müəllif ölkə başçısının 2016-cı ilin 7 ayında xarici siyasət sahəsində addımlarına toxunur. Məqalədə qeyd olunur ki, prezident İlham Əliyevin xaricə səfərləri çərçivəsində dövlət və hökumət başçıları ilə keçirdiyi yüksəksəviyyəli görüşlər Azərbaycanın tanıdılması baxımından böyük əhəmiyyət kəsb edib:

«Ölkə başçısı son 7 ayda 7 beynəlxalq toplantıda iştirak edib, 10 ölkəyə 13 səfər edib və ümumilikdə 59 görüş keçirib. Azərbaycanın haqlı mövqeyi Avropa Şurasında, BMT, Avropa Birliyi, ATƏT, NATO, İƏT, GUAM və digər beynəlxalq təşkilatlarda dəstəklənib. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələrdə birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi müdafiə olunub. Münaqişələrin məhz bu prinsipləri nəzərə almaqla həllinin vacibliyi vurğulanıb», - məqalədə qeyd edilir.

Məqalənin sonunda da oxuyuruq: «Nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq quran və dünyada gündən-günə nüfuzu yüksələn respublikamız ən qısa zamanda qarşıya qoyduğu bütün məsələləri həll edəcək».

Poçt qutusu
Poçt qutusu

«BİZ ƏLƏBAXAN DEYİLİK»

«Azadlıq» qəzetində oğlu Qarabağ savaşında həlak olan Zərifə Aslanovanın ölkə başçısına məktubu dərc edilib.

Kiçik oğlu ilə Sumqayıtda yaşayan Z.Aslanova həyat şəraitlərinin dözülməzliyindən ölkə başçısına şikayətlənir. O deyir ki, müavinətlə dolanmaq istəmirlər, ancaq oğluna da iş tapılmır: «Cənab prezident, mən yardım, ev, mülk istəmirəm. Halbuki, bir şəhid anası kimi buna da haqqım var. İstəyim yalnız oğluma iş tapmaqdır. Məşğulluq idarəsindən bizə deyirlər ki, işsizliyə görə müavinət verək. Biz ələbaxan deyilik. Siz özünüz də müşavirələrin birində bəyan etmişdiniz ki, xalqı ələbaxımlığa öyrətmək lazım deyil. 3 uşaq atası oğlum Aslan Aslanov sürücüdür. Amma bir neçə ildir ki, öz peşəsi üzrə iş tapa bilmir. Daha doğrusu, ümumiyyətlə, iş tapa bilmir. Onun iş axtardığı müddətdə məlum olub ki, işləmək üçün ya pulun olmalıdır verib işə düzələsən, ya da tanış-bilişin. Bizdə heç biri yoxdur. İndi biz acından ölməliyik?», - deyə ana prezidentdən soruşur.

Vasif Talıbov
Vasif Talıbov

VASİF TALIBOVA İKİLİ MÜNASİBƏT

«Yeni Müsavat» qəzeti isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova müxalifətçilərin sevgisindən bəhs edir. Məqalə «Vasif Talıbovu müxalifətçilərə sevdirən məqam» adlanır.

Məqalədə vurğulanır ki, son zamanlar mətbuatda, sosial şəbəkələrdə Naxçıvanın abadlığı, təmizliyi, oradakı yenidənqurma, təmir işləri geniş müzakirə olunur. Xüsusilə də müxalifət düşərgəsinin nümayəndələri bu barədə statuslar yazıb, Vasif Talıbovun Naxçıvanda gördüyü işləri alqışlayırlar.

Qəzet mərhum prezident Əbülfəz Elçibəyin kürəkəni, «Bütöv Azərbaycan Birliyi»nin Mərkəzi Şurasının sədri Aqil Səmədbəylinin sosial şəbəkələrdə yayılan fikirlərinə yer verir: «Bütün kəndlərin girişində kəndin adı yazılı lövhələr vurulub. Kəndlər çox təmizdir. Etiraf edirəm ki, bu məsələdə Vasif Talıbov Azərbaycanda bir nömrədir. Səlahiyyət sahibləri onu sırasıyla bütün şəhərlərə bir neçə aylığına icra başçısı qoysaydılar, bəlkə bu təmizlik məsələsi həyat normasına çevrilərdi. Ancaq Kələkiyə ögey münasibət davam edir. Yolu hələ də asfaltlanmayıb».

Vəkil Namizəd Səfərov isə qeyd edir ki, «10 gün idi ki, Naxçıvanda idim. Hər yeri qarış-qarış gəzdim. Təəccübümü heç cür gizlədə bilmirəm. Gəldiyim ümumi nəticə budur ki, Naxçıvan dünyanın tanıdığım ən abad diyarıdır. Bir sözlə, heyran qaldım».

Yazıda fikirlərinə yer verilən hüquq müdafiəçisi Novella Cəfəroğlu isə deyir ki, «ora Vasif Talıbov kimi bir adam lazımdır ki, Naxçıvanı saxlaya bilsin». Hüquq müdafiəçisi Muxtar Respublikada insan haqlarının durumuna da toxunub.

«Bu gün, doğrudur, insan haqları pozulur. Çox adam Naxçıvandan çıxıb Bakıya gəlib, iş dalınca. Türkiyənin şəhərlərinə üz tutanlar var. Ancaq bütün bunların da düzəlməsi üçün zaman lazımdır. Zaman gələcək, bunlar da düzələcək - baxmayaraq ki, məni Naxçıvanda döyürdülər, indi də ora gedəndə arxamca adam saldırıb izlədirlər. Bütün bunlara baxmayaraq, deyirəm ki, Naxçıvana Talıbov kimi adam lazım idi», - hüquq müdafiəçisi əlavə edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG