Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:07

Avropa Birliyi ilə gözlənilən danışıqlar


Azərbaycan/AB
Azərbaycan/AB

«Bu il oktyabrın ortalarında Avropa Birliyində (AB) Azərbaycanla strateji tərəfdaşlıq haqqında saziş üzrə danışıqlara başlamaq üçün mandat verilə bilər».

APA-nın xəbərinə görə, bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Nazir müavini qeyd edib ki, AB daxilində bununla bağlı proses gedir. Onun deməsinə görə, AB-də Azərbaycan üzrə alt komitələrin Bakıda iclası keçiriləcək: «Biz onlarla danışmışıq və işə başlayacağıq. Səhv etmirəmsə, ilk komitənin iclası sentyabrda, sonuncusu isə dekabrda olacaq. Bütün iclaslar Bakıda baş tutacaq. Tarixləri demək olar ki, məlumdur».

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

Azərbaycan rəsmiləri son illər bəyan edirdilər ki, onlar artıq Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrılıqda əməkdaşlığa üstünlük verirlər

2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi, enerji və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bundan sonra isə tərəflər arasında çərçivə sazişi imzalanmalıdır.

XS
SM
MD
LG