Avqustun 25-də futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.
«Qarabağ»ın ardınca Qəbələ şəhərinin də eyniadlı klubu Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ qazanıb.
«Qəbələ» futbol klubu səfərdə «Maribor» klubuna 1:0 hesabı ilə məğlub olsa da, növbəti mərhələyə adlamaq şansını əldən verməyib. Bir həftə öncə Bakıda keçirilən oyunda «Qəbələ» «Maribor»a 3:1 hesabı ilə qalib gəlmişdi. Roman Hrygorchuk-un yetirmələri 69-cu dəqiqədə meydanda azlıqda qalsalar da, final fiti səslənənə qədər qapılarından ikinci topun keçməsinə imkan verməyiblər.
Beləliklə ötən il olduğu kimi, bu il də Avropa Liqasının qrup mərhələsində Azərbaycanı iki klub-«Qəbələ» və «Qarabağ» təmsil edəcəklər.
Avqustun 25-də Ağdamın «Qarabağ» klubu da Bakıda İsveçin «Qöteborq» klubunun qapısından 3 cavabsız top keçirərək, adını qaliblər sırasına yazdırmışdı.
Hər iki klubun qruplardakı rəqibi avqustun 26-da atılan püşklərdən sonra bəlli olacaq.