Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə, sutka ərzində atəşkəsi ümumilikdə 13 dəfə pozublar.
Məlumatda qeyd edilir ki, Ermənistanın Noyemberyan, İcevan rayonlarından Qazax rayonunun Qaymaqlı və Fərəhli kəndləri atəşə tutulub.
Habelə, Berd rayonunun Çinari kəndindən Tovuz rayonunun Koxanəbi kəndinin vurulduğu açıqlanıb.
Bundan başqa, işğal altında olan Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığındakı mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin hədəf seçildiyi bildirilir.
Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.