-
Viktor Yerofeyev
Rusiyanın təyin olunmuş dostları və düşmənləri
Tanınmış rus yazıçısı Viktor Yerofeyev "DeutschWelleyə" yazdığı məqaləsində Rusiyanın tarixinə bir nəzər yetirir, onun necə tez-tez dostları ilə düşmən olmasını və sonra onlarla barışmasını izah edir. O əvvəlcə Rusiyayla Türkiyənin münasibətində kəskin dəyişikliklərə diqqət çəkir:
“Götürək lap bu yaxınlarda münasibətimizi korladığımız Türkiyəni. Rus turistlərinin ora getməkdən ötrü gözü uçurdu. Rusiya Türkiyəylə əl-ələ addımlayır, öpüşürdü. Bunun ardında dalbadal rus təyyarələrinin Türkiyə sərhəddini pozması ilə bağlı xəbərdarlıqlar və sonda da faciə. Bir anda Türkiyə dünya boyu ən qəddar düşmənə çevrildi. Türklərə tarixdə başlarına
açdıqları dəhşətlərə qədər hər şeyi xatırlatdılar. Ancaq bir də gördük danışıb barışıblar. Eynilə məhəllə davakarları kimi. Axan qanı silib pivə içməyə getdilər. Rus xalqı da boş durmadı. Türkiyə sərhəddini pozan rus təyyarəsi vurulduqdan sonra sosial sorğulara görə amerikalılar və ukraynalılarla birgə xalqın əsas düşməni olan türklər, barışıqdan sonra yenidən həm silaha (bir zamanlar da amerikalılar bizdən silah alarkən xalq onlarla qardaş olmuşdu), həm də kurortlara görə qardaşmı oldular? Bir zamanlar rus-mühacir yazıçısı Gaito Gazdanov Vətəndaş müharibəsinin bütün dəhşətlərini gördükdən sonra yazırdı: “Belə çıxır Rusiyanın dostlarıyla olduğu kimi düşmənləri də şərtidir, elə rus əxlaqı da həmçinin”” – deyə Yerofeyev bildirir.
Buna da bax: "Ruslar Erdoğan haqqında: Barışmaq olar, inanmaq yox..."
Yerofeyev qeyd edir ki, Rusiyada hələ Stalin dövründən dostluğu və düşmənliyi manipulyasiya etməklə bağlı qədim ənənələr olub. “Bir simada həm dost, həm düşmən olmaq – rahat bir şeydir! “Dünənki üçün sağ ol, bu günkü üçün cavab ver” – deyə “böyük terror” dövründə minlərlə köhnə bolşeviklərlə birlikdə dövlətin qurulmasında iştirak etmiş adamlar məhv edilərkən stalinçi qəzetlər yazırdı. Hələ SSRİ-nin qurulmasına qədər Rusiyanınetibarlı dostları həmişə az olub. Götürək elə Fransanı. Tariximizə baxınca o gah düşmənimizdir, gah dostumuzdur, gah yenidən düşmənimizdir, gah yenidən dostumuzdur. Tarix boyu Fransa bizimçün başağrısı olub. Lap indiki Türkiyə kimi”.
Yazıçı Rusiyanın bu qəribə yönünü də izah edir: “Çünki, onun qərb və şərqimizdəki qonşularımızdan fərqli, tamam başqa inancı var. Bu inancı məsihçilik adlandıra bilərik. Onun ilahi bir missiyası var. Bu missiya nədən ibarətdir? Mühüm deyil! Cürbəcür ola bilər! O gah Avropadakı inqilablarla mübarizə aparır (XIX əsrdə), gah özü inqilaba qərq olur, düzdür bu inqilab da dərdinə dərman olmur, tezliklə şahlığa çevrilir, əvvəl Stlainin şahlığına, sonra uzun bir tarixi pauza verərək, yenidən indiki şahlığa çevrildi. O şahlıq ki, Rusiyanın qonşularında artıq çoxdan dəbdən düşüb. Rusiya şahlıq üsul-idarəsindəykən özünü xüsusi bir qüvvə kimi hiss edir, ona görə yox ki, şahlıq onu xoşbəxt edir. Xeyr, heç vaxt Rusiyada xoşbəxt yaşamayıblar. Ona görə ki, Rusiya da hamı kimi normal ola bilmir. Axı başqa ölkələr kimi olsaydı Krım hadisələri indi yox orta əsrlərdə baş verərdi”.
Buna da bax: Putin bir daha dedi ki, onu Erdoğanla Nazarbayev barışdırıb
Viktor Yerofeyevə görə Rusiya tarixində bu ölkə üçün ən mühüm şey superdüşməni seçmək olub. “Bir zamanalr superdüşmən Polşa olub. Bu qorxunc düşmən Rusiyaya özünü Avropada tapmağı təklif edirdi. İkinci dünya müharibəsindən sonra isə superdüşmən obrazına Qərbi Almaniya büründü. Sovet hakimiyyəti qəzəb dolu baxışlarla onun Rus İmperiyasından intiqam aldığını iddia edirdi. Və xalq buna inanırdı. O zaman Rusiya üçün Qərbi Almaniyanın qorxu oyadan hərəkəti bir-biriylə əbədi düşmən olmuş Avropanı birləşdirmək ehtimalı idi. İndi isə Rusiya özünə təzə düşmən tapıb, onun ən nifrət etdiyi düşməni – Amerikadır. Xalq buna da inanır” – deyə yazıçı fikrini tamamlayır.