Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:37

Evlənənlər azalıb, boşananlar çoxalıb


İlham Əliyev və Hassan Rouhani
İlham Əliyev və Hassan Rouhani

Azərbaycan-İran münasibətləri, sosial bərabərsizlik, boşanmaların artması və REAL Hərəkatının icra katibi Natiq Cəfərlinin həbsi bu gün medianın aparıcı mövzusudur.

İRAN-AZƏRBAYCAN ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

«Azərbaycan» qəzetində «Azərbaycan-İran əməkdaşlığı yeni inkişaf mərhələsindədir» sərlövhəli məqalə dərc edilib.

Müəllifə görə, İranla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Avqustun 7-də İran prezidenti Hassan Rouhani-nin Azərbaycana səfəri bu əlaqələrin inkişaf etdirilməsinin təsdiqidir.

Müəllif qeyd edir ki, hər iki ölkənin zəngin potensiala malik olması ikitərəfli əlaqələrin dərinləşməsini zəruri edir. İndi İran Azərbaycanın əsas idxal-ixrac əməliyyatı apardığı tərəfdaşlarından biridir.

Müəllifin gəldiyi nəticəyə görə. İran prezidentinin səfəri ərəfəsində Neftçalada «Iran Khodro» şirkətinin istehsal edəcəyi avtomobil zavodunun təməlinin qoyulması, dərman zavodu tikilməsinin nəzərdə tutulması, «Şimal-Cənub» nəqliyyat dəhlizi layihəsində iştirakı yeni əməkdaşlıq formalarıdır. Məqalədə iki ölkə arasında münasibətlər dəyərləndirilərkən dövlət başçısı İlham Əliyevdən belə bir sitat da gətirilir: «Mən çox şadam, artıq 25 ilə yaxındır ki, İran-Azərbaycan dövlətlərarası əlaqələr uğurla inkişaf edir. Onu da qeyd etməliyəm ki, inkişafın son dövrü xüsusilə əhəmiyyətlidir. Çünki son bir neçə il ərzində İran-Azərbaycan əlaqələrinin inkişafında çox böyük irəliləyiş var».

Müəllif İranın Azərbaycanla bağlı xarici siyasətini də belə qiymətləndirir: «İran dövləti Azərbaycanın Cənubi Qafqazdakı strateji yerini və rolunu düzgün qiymətləndirir. Ölkəmizlə çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə mühüm diqqət yetirir. Prezident Hassan Rouhani-nin Azərbaycana rəsmi səfərinin yekunları iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələdə dinamik inkişaf etdiyini bir daha təsdiq etdi».

Natiq Cəfərli polis maşınında aparılarkən- [video]
Gözlə

No media source currently available

0:00 0:00:34 0:00

REPRESSİYALAR DAVAM EDİR...

Azadliq.info saytında «AXCP sədri Natiq Cəfərliyə azadlıq tələb etdi» başlıqlı yazıda REAL təsisçisinin həbsi dəyərləndirilir.

Yazıda Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli REAL Hərəkatının icraçı katibi Natiq Cəfərlinin həbsini pisləyib. Ə.Kərimli yazıb: «REAL Hərəkatının icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli bu gecə həbs edilib. Gecə saat 11-də vəkilsiz keçirilmiş məhkəmə qanunsuz sahibkarlıqda təqsirli bilərək Natiq bəy haqqında 4 ay müddətində həbs-qətimkan tədbiri seçib. Natiq bəyin ictimai-siyasi fəaliyyətinə görə həbs edildiyinə əminəm. Bu həbsi siyasi repressiya kimi qiymətləndirirəm və Natiq bəyə azadlıq tələb edirəm...».

Neft buruğu
Neft buruğu

CİNİ ƏMSALI

«Exo» qəzetində «Cini əmsalı Azərbaycanda çoxdan hesaba alınmırdı» sərlövhəli məqalədə ölkədə kəskin təbəqələşmədən bəhs edilir.

(«Cini əmsalı» - gəlirlərin təmərküzləşmə əmsalı - gəlirin bölgüsündə qeyri-bərabərlik dərəcəsini miqdarca qiymətləndirməyə imkan verən statistik göstəricidir-AR).

Ekspert Nəriman Ağayev «Cini əmsalı»nın Azərbaycanda tətbiqi barədə dəqiq nəsə deyə bilməyəcəyini söyləyir: «Amma sosial bərabərsizlik aşkar görünür. 2015-ci ildə əhalinin gəlirlərində olan bərabərsizlik qeydə alınıb».

Ekspertin deməsinə görə, Azərbaycanda varlı təbəqə əhalinin 5 faizindən ibarətdir. Son ildə onların gəlirləri iki dəfə artıb. Ekspertə görə, əhalinin 5 faizi də ən yoxsul şəraitdə yaşayır. Onların da gəlirləri iki dəfə azalıb.

Nəriman Ağayevin qeyd etməsinə görə, orta təbəqənin gəlirlərində ciddi dəyişikliklər olmayıb. Ancaq o, bəzi iş adamlarının da son bir ildə müflisləşdiyini vurğulayır: «Ailələr var ki, uşağını məktəbə göndərə bilmir, pul ancaq yeməyə, kommunal xərclərə yetir».

Başqa bir ekspert Oqtay Haqverdiyevə görə isə, sosial bərabərsizlik Azərbaycanda XX əsrin 90-cı illərindən başlayıb, indiyə kimi davam edir: «Varlılar daha da varlanır, yoxsullar isə daha da yoxsullaşır».

Boşanma
Boşanma

SOSİAL PROBLEMLƏR VƏ DAĞILAN AİLƏLƏR

«Novoye Vremya» qəzetində «Nikahların pozulması prosesinin qarşısını necə alaq?» sualına cavab axtarılır.

Yazıda qeyd edilir ki, 2015-ci ildə ölkədə cəmi 68 min 773 min nikah bağlanıb. Bu, son 6 ildə ən aşağı göstəricidir. Əvəzində ötən il 12 min 764 nikah pozulub. Bu da son 6 ildə ən yüksək göstəricidir.

Müəllif vurğulayır ki, ailələrin dağılmasına başlıca səbəb sosial problemlər, sonsuzluq, ailədaxili zorakılıq, narkomaniya, alkoqolizm göstərilir. Amma müəllif xüsusi bir məqamın üzərində dayanır: «Azərbaycanda indiki böhran dövründə işsizlik böyük miqyas alıb. Bu isə o deməkdir ki, bundan sonra daha çox ailələr dağıla bilər».

Müəllif yazır ki, yeni iş yerlərinin açılması, gənclərə güzəştli layihələrin təklifi bu prosesin genişlənməsinin qarşısını ala bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG