Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 16:32

Ekspert: 'Xalq boğazından kəsir'


İlham Əliyev
İlham Əliyev

Prezidentin bölgələrə səfəri, Azərbaycan, Rusiya, İran dövlət başçılarının üçtərəfli sammitində müzakirə edilən məsələlər, inflyasiya və əhalinin dolanışığı bu gün medianın əsas mövzusudur.

DÜNYADA BÖHRAN, AZƏRBAYCANDA İNKİŞAF

«Azərbaycan» qəzetində «Azərbaycan dünyada iqtisadi böhran dərinləşdiyi şəraitdə də inkişaf edir» sərlövhəli məqalə oxumaq olar.

Məqalə dövlət başçısı İlham Əliyevin bu günlərdə Qəbələ və İsmayıllı rayonlarına səfəri fonunda ölkənin iqtisadi inkişafından bəhs edir.

Müəllif yazır ki, prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasət Azərbaycanı regionda iqtisadi cəhətdən güclü dövlətə çevirib. Məqalədə qeyd edilir ki, ölkədə işsizlik problemi həll edilib, energetika, nəqliyyat, mədəniyyət, sənaye və kənd təsərrüfatı sahəsində ciddi proqramlar həyata keçirilir.

Müəllif İ.Əliyevdən belə bir sitat da gətirir: «Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir».

Müəllifin fikrincə, ölkədə investisiya və sosial yönlü milli inkişaf modeli tərəqqi edir. Mövcud siyasətdə regionların qeyri-proporsional inkişafının qarşısının alınması, yeni iş yerlərinin açılması, infrastrukturun yenilənməsi və mövcud problemlərin aradan qaldırılması kimi cəhdlər diqqət çəkir: «Bütün bunlar Azərbaycan vətəndaşının dövlətə, onun rəhbərinə etimadı, sevgisini və rəğbətini daha da artırır».

Məqalədə sözügedən rayonlarda bir sıra sosial yönlü obyektlərin açılışı, turizmin inkişafı ilə bağlı görülən işlər vurğulanır. Müəllif İsmayıllıdakı velosiped zavodunun açılışında dövlət başçısı İ.Əliyevin ölkə iqtisadiyyatının müxtəlif istiqamətləri üzrə inkişafından danışmasını da yaddan çıxarmır.
Məqalədə Azərbaycanın İ.Əliyevin rəhbərliyi ilə inkişaf tempini sürətləndirəcəyinə və qabaqcıl dövlətlər arasında layiqli yerini tutacağına inam ifadə edilir.

Milli Şuranın iclası
Milli Şuranın iclası

5 RAYONUN TALEYİ

«Azadlıq» qəzetində Milli Şuranın Koordinasiya Mərkəzinin toplantısı ilə bağlı məqalə dərc edilib.

Toplantıda bu günlər Bakıda keçirilən Azərbaycan, Rusiya, İran prezidentlərinin üçtərəfli sammiti və orada müzakirə olunan məsələlər geniş təhlil edilib.
Milli Şura bildirir ki, qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın əleyhinə deyillər: «Lakin bu münasibətlər ölkənin prioritet istiqaməti sayılan Avrointeqrasiya prosesini əvəz etməməli, onun əleyhinə yönəlməməli və Qərb ölkələri ilə əməkdaşlığı zəiflətməməlidir».

Koordinasiya Mərkəzinin üzvləri Rusiya prezidenti Vladimir Putin-in Qarabağla bağlı bəyanatından ciddi narahatlıq ifadə ediblər. Onların fikrincə, Rusiya prezidentinin bu məsələdə «qalib tərəf olmamalıdır» bəyanatı işğalçıya dəstək kimi dəyərləndirilməlidir:

«Müzakirələrin gedişində qeyd edildi ki, prezident Putin-in Bakı səfəri zamanı açıqladığı bəyanatlar uzun müddət Azərbaycan hakimiyyətinin guya Rusiyanın 5 rayonu qaytarması barədə ictimai fikrə təlqin etmək istədiyi ideyanı puça çıxardı. Hökumət mətbuatı səfərdən 1 ay öncə kampaniya başlamışdı ki, guya cənab Putin Ermənistan tərəfindən işğal olunmuş 5 rayonu qaytarır. Səfərin nəticələri belə fikirlərin illüziya xarakteri daşıdığını ortaya qoydu».

Yaşıl Bazar
Yaşıl Bazar

GƏLƏCƏK NƏSİLLƏRƏ - HEÇ NƏ...

«Novoye Vremya» qəzetində «Statistika Komitəsi də ölkədə inflyasiya olduğunu etiraf edir» sərlövhəli məqalə ilə tanış olmaq olar.

Məqalədə Dövlət Statistika Komitəsinin göstəricilərinə isnadən qeyd edilir ki, bu ilin iyul ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətlər 10.6 faiz bahalaşıb: «O cümlədən il ərzində ərzaq malları 12 faiz, qeyri-ərzaq malları 15.5 faiz, xidmətlər isə 4.7 faiz bahalaşıb».

Yazıda statistik rəqəmlərin təqdimatından sonra dəyərləndirmələrə keçilir.

Müəllif yazır ki, hökumətin qiymət artımının nəzarətində olması barədə bəyanatlarının heç bir əsası yoxdur: «Əslində isə Azərbaycanda bazar iqtisadiyyatı yox, əsl «bazar» hökm sürür».

Müəllifin fikrincə, rəqabət mühiti olmadıqda və inhisar kök salanda, başqa cür ola da bilməz.

Yazıda qeyd edilir ki, manatın dəyər itirməsi, nəzərəçarpan inflyasiya hökumətin iqtisadi siyasətinin dayanıqsızlığını göstərir. Müəllifin fikrincə, inflyasiyanın daha bir səbəbi, hələ də, büdcənin neftdən yüksək dərəcədə asılı olmasındadır: «Əsl qorxu budur ki, bu meyl davam etdiyi halda, bizdən sonrakı nəsillər təkcə təbii sərvətlərdən yox, bu sərvətlərin gətirə biləcəyi pullardan da məhrum olacaqlar».

Karikatura
Karikatura

XALQIN QAZANCI YEMƏYƏ GÜCLƏ ÇATIR

«Exo» qəzetində də «Azərbaycan əhalisi ilk növbədə yeməyə və geyimə qənaət edir» başlıqlı yazı dərc edilib.

Müəllif qeyd edir ki, bahalığa görə əhali öz qida rasionuna yenidən baxır. Bahalı ərzağı ucuz ərzaqlarla əvəz edir.

Müəllifin gəldiyi nəticəyə görə, devalvasiyadan sonra əhalinin gəlirləri təqribən 50 faiz azalıb. Buna görə də, insanlar öz büdcəsinə və xərclərinə yenidən baxmaq məcburiyyətindədir.

Ekspertlərdən Oqtay Haqverdiyev də qəzetə deyib ki, iqtisadi böhran və gəlirlərin azalması əhalini qənaət rejiminə keçirib: «Qənaət isə, ilk növbədə, buna qədər də təmtəraqlı olmayan qidaya zərbə vurub. İndi ərzağın qiyməti baha olduğu üçün insanlar yenidən onun tərkibinə baxmalı olurlar. Devalvasiyaya qədər insanlar ət məsullarına üstünlük verirdilərsə, indi tərəvəzə və daha əlçatan qida məsullarına üstünlük verirlər. Çoxları yeni geyim almaqdan məhrum olublar. Digər tərəfdən suya, işığa olan məsrəflər artıb».

Azad İstehlakçılar Birliyinin sədri Əyyub Hüseynov da qeyd edib ki, əhalinin məişət xidmətilərinə olan tələbatı azalıb. Onun deməsinə görə, indi Azərbaycanda məişət avadanlıqlarının alışı təqribən 20 faiz düşüb.

Başqa bir ekspert Vüqar Bayramov isə deyib ki, artıq bir çox ailələr ət, kolbasa məhsullarına qənaət edirlər. Hətta çoxları sağlamlıq kimi vacib məsələni arxa plana keçirir. Onun deməsinə görə, ailələr var ki, uşağı tibbi müayinəyə apara bilmir.

Ekspertlərin deməsinə görə, xalq boğazından kəsir, qayğıları bir növ görməməyə çalışır.

XS
SM
MD
LG