►Ötən il Azərbaycan təyyarələri 23 min 604 dəfə havaya qalxıb
Bu il dövlətə məxsus «Azərbaycan Hava Yolları» QSC yeni təyyarə almayacaq.
Şirkətin hava gəmiləri donanmasında 23 təyyarənin olduğu bildirilir.
İstər AZAL, istərsə Azərbaycanda qeydiyyatdan keçmiş 3 aviaşirkət vasitəsilə sərnişin və yük daşımaları gerçəkləşdirən özəl kapitallı «Silk Way Holding» yaxın 3 ildə, ən azı, 20 yeni təyyarə almaq planlarını açıqlayıblar.
Buna da bax: Hesablama Palatası AZAL-da nöqsanlar aşkarlayıb
DSK-da AzadlıqRadiosuna deyiblər ki...
Dövlət Statistika Komitəsində (DSK-da) AzadlıqRadiosuna deyiblər ki, ötən il Azərbaycan hava nəqliyyatı parkına 7 hava gəmisi gıtirilib və beləliklə, təyyarə və helikopterlərin sayı 67-yə çatıb.
ABŞ-ın rəsmi mənbələri 2015-ci ildə Azərbaycana 184,6 milyon dollar dəyərində təyyarə ixrac edildiyini bildirir.
Ötən il ölkənin hava gəmiləri Bakıdan və əks istiqamətə uçmaq üçün 23 min 604 dəfə səmaya yüksəlib. Pilotlar 2014-cü illə müqayisədə 3 min 500 dəfə çox sükan arxasına keçiblər. Uçuşların 14 min 451-i beynəlxalq marşrutlarda icra olunub.
Təyyarə və helikopterlər 59 min saat və ya 2014-cü illə müqayisədə 15,8 faiz çox havada olublar. Bunun təxminən 45 min saatı ölkə xaricinə uçuşlarla bağlıdır.
Yanacaq sərfi 8,4 faiz artıb
İlboyu hava gəmilərinin yanacaq sərfiyyatı 8,4 faiz artaraq, 193,7 min ton olub. Səkkiz “Airbus-320” sərnişin təyyarəsi il ərzində 4 min 573 uçuş etməklə 38,2 min ton yanacaq işlədib. Dörd “A-319” təyyarəsi 2 min 469 uçuşa – 17,7 min ton, dörd “Boeing-757” 4 min 22 uşuşa – 23,6 min ton, 3 “Boeing-767” 1254 uçuşa – 20,4 min ton yanacaq tükədib.
“İl-76” təyyarələri 303 beynəlxalq istiqamətə yük daşıyaraq, 3 min 80 saat havada olub və 32,3 min ton yanacaq yandırıb.
Azərbaycan hava nəqliyyatı gəmilərinin 19-u 5 ilədək, 9-u 5-15 il arası, 28-i 30 ilədək, qalan 11-i isə 30 ildən yuxarıdır istismardadır.