Türkiyə prezidenti Recep Tayyip Erdoğan bildirib ki, 15 iyul çevriliş cəhdinin arxasında dayanan Fethullah Gülen-in verilməsi uzun çəkməməlidir.
TRT-yə müsahibəsində Erdoğan deyib: «ABŞ hansı terrorçunu istəyibsə, vermişik. Deməmişik ki, sənəd göndərin. İndi biz də Amerikaya deyirik ki, gəlin bu işi çox uzatmayın».
Çıxışında Erdoğan Gülen-i «şarlatan» adlandırıb. Deyib ki, onu kimlərsə idarə edir: «O, kimlərinsə işinə yarayır. Çünki Türkiyənin güclənməsini istəmirlər. Milli birliyimizi parçalamaq istəyirlər».
Türkiyə iyulun 15-də baş vermiş çevriliş cəhdinin arxasında Fethullah Gülen-in dayandığını bildirir. Məhkəmə Fethullah Gülen haqqında həbs qərarı çıxarıb.
Türkiyə indiyədək ABŞ-a Gülen-in verilməsi üçün iki dəfə sənədlər toplusu göndərib.
Buna da bax - Rəsmi Ankara ABŞ-ı itirmək istəmir
GÜLEN: ÖZ FİKRİMDƏ QALIRAM
Fethullah Gülen yazılı açıqlamasında haqqındakı həbs qərarına etiraz edib. Bildirib ki, Türkiyədə ədliyyə sistemi müstəqil deyil, həbs qərarı isə prezident Erdoğan-ın demokratiyadan uzaqlaşmasının nümunəsidir. «Türkiyə məhkəməsinin barəmdə çıxardığı həbs qərarı mənim statusumu və fikirlərimi dəyişdirmir», - Gülen deyib.
Fethullah Gülen Türkiyədə çevrilişə qarşı çıxdığını dəfələrlə bəyan etdiyini xatırladıb.
Türkiyədə iyulun 15-də hərbi çevriliş cəhdi yatırılarkən 300 nəfərdən çox adam ölüb. Onlardan 200-dən artığı dinc sakinlər, qalanları hərbçilər və polislərdir.
Qiyam yatırılandan sonra Türkiyədə kütləvi həbslər və işdən çıxarmalar başlayıb.