Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 02:27

'Qarabağ' qolsuz bərabərliyə qaldı


Foto arxiv
Foto arxiv

İyulun 26-da Azərbaycanın Çempionlar Liqasındakı yeganə təmsilçisi «Qarabağ» III təsnifat mərhələsində ilk oyununa çıxıb. Azərbaycan təmsilçisi səfərdə Çexiyanın «Viktoriya Plzen» klubu ilə qolsuz bərabərə qalıb.

Bakı vaxtı ilə saat 22:15-də «Dusan Arena» stadionunda başlayan oyunun 75-ci dəqiqəsində «Viktoriya Plzen»in bir oyunçusu iki sarı kartdan qırmızı kart aldığından, «Qarabağ» meydanda say üstünlüyü əldə edib. Ancaq Ağdam təmsilçiləri bu üstünlükdən yararlana bilmədi.

Bir həftə sonra Azərbaycanda keçirilən cavab qarşılaşmasında növbəti mərhələyə adlamaqdan ötrü «Qarabağ»a qələbə lazımdır. Qollu bərabərlik nəticəsində növbəti mərhələyə Çexiya təmsilçisi vəsiqə qazanacaq. Oyundan sonra baş məşqçisi Qurban Qurbanov deyib ki, «Qarabağ»ı Bakıda daha çətin oyun gözləyir: «Oyundan əvvəl bildirdim ki, «Viktoriya Plzen» özünəməxsus üslubu ilə seçilir. Matçın 75-ci dəqiqəsinə qədər rəqib pressinq tətbiq etdi. Öz oyunlarından əl çəkmədi. Bu oyunda məğlub da ola bilərdik, lakin futbolçularım sona qədər mübarizə apardı. Bakıda bizi daha çətin oyun gözləyir. Rəqib göstərdi ki, yetərincə güclü komandadır».

Çempionlar Liqasının II təsnifat mərhələsində «Qarabağ» Lüksemburq təmsilçisi «Düdelanj»ı mübarizədən kənarlaşdırmışdı. Bakıda rəqibinə 2:0 qalib gələn «Qarabağ» cavab qarşılaşmasında 1:1 hesabı ilə heç-heçə ilə kifayətlənmişdi.

XS
SM
MD
LG