Keçid linkləri

2025, 22 Mart, şənbə, Bakı vaxtı 20:36

Vəkil cəbhəçi gənclə görüşüb


Ruslan Qarayev
Ruslan Qarayev

«İnzibati cəza alan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Sumqayıt şəhər Gənclər Təşkilatının sədri Ruslan Qarayevlə iyulun 25-də görüşdüm».

Bunu vəkil Əsabəli Mustafayev AzadlıqRadiosuna bildirib.

Onun deməsinə görə, R.Qarayev iyulun 20-də saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (polisə müqavimət) və 535-ci (xuliqanlıq) maddələri ilə ittiham edilir: «Guya R.Qarayev söyüş söyürmüş, özü də hündürdən. Polis onu ictimai asayişi pozmamağa çağırıb, amma polisə fikir verməyib, yenə söyüş söyməkdə davam edib».

Vəkil R.Qarayevin saxlandıqdan sonra işgəncəyə məruz qaldığını ehtimal edir: «Onunla üç gün görüşməyə imkan verməyiblər. Təkcə bu faktın özü qaranlıq mətləblərdən xəbər verir. Düzdür, o özü işgəncə verilmədiyini deyir. Amma başa düşmək olar ki, adam polis nəzarətindədir».

Ə.Mustafayev bildirib ki, R.Qarayev Sumqayıt Şəhər Polis İdarəsi yanındakı Müvəqqəti Saxlanma Yerində saxlanır.

Vəkil gəncin saxlanması ilə bağlı apelyasiya şikayəti verməyə hazırlaşdığını deyib.

AXCP Sumqayıt Gənclər Komitəsinin sədri R.Qarayev iyulun 20-də saxlanılıb. Ona 20 gün inzibati həbs cəzası verildiyi bildirilir.

Vəkil Ə.Mustafayev deyir ki, iyulun 22-si və 23-də saatlarla Sumqayıt şəhər Polis İdarəsinin qarşısında gözləsə də, gənclə onun görüşünə icazə verilməyib.

AXCP rəhbərliyində gəncin üzərinə böhtan atıldığını, onun sifarişlə saxlandığını düşünürlər.

Hazırda AXCP-nin 10-dan çox üzvü həbsdədir. Partiya onların siyasi sifarişlə həbs edildiyini bildirir.

Hakimiyyət rəsmiləri isə Azərbaycanda siyasi məhbusların olması fikri ilə razılaşmırlar.

XS
SM
MD
LG