Keçid linkləri

2025, 22 Mart, şənbə, Bakı vaxtı 18:56

Gəncədə kitab evi aç, sonra kitabı şəhərə buraxma


Yazar Araz Gündüz
Yazar Araz Gündüz

-

ARAZ GÜNDÜZ

GƏNCƏNİN ADINI “KİRLƏDƏNLƏR”.

Elə şeylər var ki, onarı yaddaşlardan silib atmaq olmur: araya tikanlı tellər çəkirlər, yolları bağlayırlar, adını çəkməyə yasaq qoyurlar, başqa adla çağırırlar, ancaq xeyri olmur. Bizim kənddə qərbdən əsən küləyə “germic” deyərdilər, mən də elə ağlım kəsməyə başlayandan dili qurdalamağı sevən birisi olaraq bu sözün nədən yarandığını yaşlı kişilərdən soruşmuşdum, bir ağsaqqal belə demişdi: hə, bu külək o tayın Germi şəhərinin olduğu yöndən əsir, ona görə də adına “germic” deyirlər. Bunu deyən ağsaqqal əlini günçıxanla quzey arasında olan bir yönə uzadıb bunu da demişdi: hə, bax bu tərəfdən əsən küləyə də, Gəncə yeli deyərlər, sonra biraz duruxub, indi bu Kirabad (Kirovabad adını belə deyirdi) şəhərinin keçmiş adı Gəncə olub, bu küləyin də adını ondan götürüblər. Desəm inanmayacaqsınız, bu sözləri mənə danışan Hidayət kişinin oğlunun adı Müsavat idi, özü də 1938-ci ildə doğulmuşdu...

Gəncənin tarixi çox qədimdir və mən burada bu tarixi sizin yadınıza salmaq istəmirəm, onsuz da son illər bu məlumatlar yetərincə yayılıb və oxuyanlar Gəncənin şərəfli bir tarix yaşamış şəhər olduğunu yaxşı bilirlər.

Qayıdıram, Gəncənin adının “kirlənməsinə”. Gəncənin adını Kirovabad qoysalar da, dilə yatmayan bu sözü hamı “kirabad” kimi çağırardı və bu da “kirli şəhər” anlamına gəlirdi. Sonradan sovet dönəmində bir neçə dəfə şəhərin adını “durultmağa” çalışanlar oldu, ona özünün tarixi adını qaytarmaqla bağlı səslər eşidildi, ancaq bu səslərin hamısını yerindəcə boğdular.

Ötən yüzilliyin 70-ci illərində Sabir Rüstəmxanlı Gəncə adını durultmaq-doğrultmaq üçün cəsarətli bir addım atdı: “Salam Gəncə qapısı” şeirini yazdı, yaddaşları oyatmağa çalışdı, az-çox təsiri də oldu, hətta, insanlar bilərəkdən şəhərin adını öz aralarında “Kirabad” yox Gəncə çağırmağa başladılar. Azərbaycan müstəqiliyini bərpa eləyəndən sonra şəhərin adını “kirdən” təmizləyib halal Gəncə adını özünə qaytardılar. Bundan sonra da çox yellər əsdi, Gəncənin adını kirlədən hadisələr də oldu, ancaq sözümüz bunda deyil.

Gəncədə açılmış ölkənin ən böyük kitab mağazası.
Gəncədə açılmış ölkənin ən böyük kitab mağazası.

Bu yaxınlarda mətbuatda oxuduq ki, Gəncədə ölkənin ən böyük Kitab Evi açılıb. Sevindik, ölkədə kitabın necə az oxunduğunu bildiyimizdən, barı belə bir tədbirin insanlarımızı yerindən tərpədəcəyini düşündük. Görünür, elə bu coşqunluq dalğasından təsirlənən Qanun nəşriyyatının direktoru Şahbaz Xuduoğlu da həvəslənib, Gəncədə kitaba olan marağı artırmaq üçün burada gəzərgi bir kitab sərgisi keçirmək istəmişdi. Ancaq necə deyərlər, sən saydığını say, gör hələ hakimiyyət nə sayır.

Deyilənlərdən belə bəlli olur ki, Şahbaz bəy Gəncə şəhər icra hakimiyyətinə şəhərdə kitab sərgisi açmaq üçün müraciət eləyir, razılıq alır və sərgini açmaq vaxtı çatanda... birdən yuxarı dairələrdə bu yaxınlarda, Qanun nəşriyyatının kitablarının arasında “bomba tapıldığını” xatırlayırlar və... Gəncəni kitab bomardmanından xilas eləmək üçün təcili şəkildə bu razılaşdırılmış tədbiri ləğv eləyirlər... Necə deyərlər, gəncəlilərin anaları namaz üstündə olub, yoxsa Şahbaz bəyin Gəncəyə gətirdiyi “kitab-bombaların” bir partlasaydı, gör nə qədər başlar itiriləcəkdi!

Bir söz var, deyərlər: o nə pəhriz idi, bu nə xiyar turşusudur? İndi soruşmaq istəyirsən: o nə hay-küy idi salmışdınız: Gəncədə ən böyük Kitab Evi açmışıq, sonra, bu nə kitabın qarşısını kəsib şəhərə buraxmamaqdır? Bilirəm cavabınız yoxdur, ona görə də cavabı da özüm verirəm: əminliklə deyə bilərəm ki, o tikilən Kitab Evinin tikinti sənədlərini araşdırsan, orada milyonların oğurlandığını tapmaq olar, ancaq Qanun nəşriyyatının kitablarından cibinizə bir qəpik də xeyir gəlməyəcəkdi, üstəlik, 5-10 nəfərin kitaba yoluxub gözləri açıla bilərdi, gördüyünüz bu iyrənc işlərlə bağlı sizə, tərs suallar verərdilər və habelə...

Biz kitab əhli də biraz qəribə adamlarıq, uşaq kimi hər sözə aldanırıq. Son bir neçə ayda Məmmədəmin Rəsulzadənin heykəlinin başına çuval keçirməklə və bu şəhərdən seçilmiş (daha doğrusu təyin olunmuş!) deputatın Məmmədəmin bəyi satıq adlandırması ilə “tanınan” bir şəhərdə kitab sevgisi arayırıq.

Gəncənin yan-yörəsində hələ də keçmişdən qalma: aluminium zavodunun püskürdüyü ağulu buludların çöküntüləri qızarır. Torpağın canına işləmiş kir-pasaq uzaqdan bir bəzək kimi “göz oxşayır”. Görünür, ölkənin ən böyük Kitab Evi də, bəzək üçün tikilib, uzaqdan baxırsan yaraşıqdır, yaxına gəlirsən bulaşıqdır.

Biz kitabsevərlərin isə, “Mən çörəksiz yaşayaram, Nizami Gəncəvisiz yaşaya bilmərəm” deyən ulu Sabirin sözlərinə inanmaqdan başqa bir çarəmiz qalmır:

Qarışıqdır hələlik millətin istedadı, --

Ələnirsə, safı bir yan, tozu bir yanlıq olur.

XS
SM
MD
LG