«Əminəm ki, bu görüş mövqelərimizin daha da yaxınlaşması və vacib nəticələr əldə olunması üçün yaxşı imkan yaradacaqdır».
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bunu iyulun 13-də Qazaxıstanda keçirilən Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin toplantısında söyləyib.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, E.Məmmədyarov Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya layihəsinin müddəalarının razılaşdırılması sahəsində əhəmiyyətli işlər görüldüyünü bildirib.
«Xəzəryanı dövlətlərin əməkdaşlığı üçün hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə ticarət, nəqliyyat-logistika, ekologiya, təhlükəsizlik məsələləri ilə bağlı bir sıra sahəvi saziş layihələri irəli sürülüb. Biz bu layihələrin müzakirəsi və razılaşdırılmasında fəal iştirak edirik. Bununla yanaşı, müvafiq Konvensiyanın qəbulunadək Xəzər dənizinin hüquqi statusunu əvvəlcədən müəyyən edə bilən müddəalara malik sənəd layihələrinin müzakirəsini vaxtından əvvəl hesab edirik. Biz o nöqteyi-nəzərdən çıxış edirik ki, təklif olunan bütün sahəvi saziş layihələrinin müzakirəsi bütün beş Xəzəryanı dövlətin iştirakı ilə aparılmalıdır», - E.Məmmədyarov çıxışında söyləyib.
E.Məmmədyarova görə, beynəlxalq prinsip və normalara uyğun ilkin xətlərin çəkilməsi metodikasına dair konsensusun tapılması ümumi razılaşmaların əldə olunmasına kömək edəcək. «Biz Azərbaycan, Qazaxıstan və Rusiya arasında Xəzər dənizinin delimitasiyası üzrə sazişlərə xüsusi əhəmiyyət veririk. Xəzər dənizinin mərkəzi və cənub hissələrində dibin delimitasiyası məsələlərinin ən tez zamanda nizamlanmasına ümid edirik», - deyə nazir bildirib.
Xəzərin hüquqi statusunun müəyyən olunması ilə bağlı müzakirələr 5 Xəzəryanı dövlət arasında 1998-ci ildən gedir. Bu məsələdə Azərbaycan, Qazaxıstan və Rusiya ümumi mövqeyə malikdir. İran və Türkmənistan isə fərqli baxışa malikdir. Fikir ayrılığına görə illərdir ki, Xəzərin hüquqi statusu müəyyənləşə bilmir.