Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:13

F. Hüseyn: Biz dünya ədəbiyyatına da "fırıldaqla" çıxmaq istəyirik


Fərid Hüseyin
Fərid Hüseyin

-

"Xalq arasında günün ədəbiyyatına inanmırlar, elə bilirlər ki, şeir də, nəsr də bəzi klassiklərlə birgə torpağa gömülüb. Bizim ən böyük missiyamız, hər nə qədər təntənəli səslənsə də, deyim ki, ədəbiyyata inamı bərpa etməkdir".

Müsahibimiz, gənc şair Fərid Hüseyn bu gün Azərbaycanda ədəbiyyatçıların üzləşdikləri çətinliklərdən, həmçinin müasir ədəbiyyatımızın niyə dünyaya açıla bilmədiyindən danışır:

- Fərid bəy, bu günlərdə “Qonorar davası” adlı yazınız yayımlandı. Hər kəs kimi ədəbiyyatçılar da devalvasiyadan nəsiblərini alırlar. Amma nə qədər? Vəziyyət necədi?

- Vəziyyət ancaq 20-30 ədəbiyyat adamı üçün normaldır, yerdə qalan yazar və şairlərimiz ya başqa işlərdən pul qazanırlar, ya da mümkün halda kimsə onlara maddi baxımdan müvəqqəti, qonorar hesabına olan iş tapmaqda kömək edir. Hərə birtəhər keçinir...
Azərbaycan yazıçısı, şairi bu gün jurnalistikanın hesabına dolanır və özümü uzaqgörən hesab etməsəm də, bilirəm ki, bu proses - yəni bədii mətnlərə qonorar verilməsi azı 10-15 il, bəlkə də daha çox çəkəcək...

Şair Fərid Hüseynli kitab sərgisində.
Şair Fərid Hüseynli kitab sərgisində.

- Niyə Azərbaycanda ədəbiyyat sahəsində dünya standartları tətbiq oluna bilmir? Çünki digər sahələrdən fərqli olaraq sanki ədəbiyyat daha azaddı. Dünyadakı ədəbiyyat adamlarının həyatını yaşamağa bizə nə mane olur?

- Azərbaycanda əsl dünyanı arzulayan ədəbiyyatçıların sayı 20 nəfər olar uzağı, qalanı öz dünyasının hayındadır. Biz bir sıra hallarda dünya ədəbiyyatına da “fırıldaqla”, uğurlarımızı burda bir-birimizin gözünə soxmaqla, dostbazlıqla çıxmaq istəyirik. Ona görə də dünyaya çıxa bilmirik... Bir də açığı, dünyaya çıxa bilməməyimizdə ilahi ədalət görürəm. Axı, hansı üstün, vazkeçilməz mətnlə dünyaya çıxacağıq?!
Təfəkkürün iki forması var: Orijinal və təqlid təfəkkürü. Bizdə mətnlər daha çox təqlid təfəkküründən yaranır. Nizami Gəncəvi deyirdi ki, təqlid hünər sayılsaydı, onda meymun hamıdan üstün olardı. Dünyanın ən müxtəlif coğrafiyalarından olan yazıçıların heyrətamiz əsərlərini oxuyuram, onun yanına eyni ildə Azərbaycanda yazılan əsəri qoyursan və görürsən ki, cılız problemdən bəhs edir. Zənnimcə, biz dünyaya hələlik ancaq yaxşı şeirlə çıxa bilərik. Çünki Azərbaycan şeirinin bugünkü mənzərəsi ürəktoxdadandır. Qaldı ki, dünyadakı ədəbiyyat adamları kimi yaşamağımıza, bu mümkünsüzdür. Çünki dünya yazıçıları kimi yaşamaq üçün bizdə bədii əsərlərə normal qonorar verilməlidir ki, yazıçı ancaq əsər yazmaq, özünü yetişdirmək haqda düşünsün. Bu qədər sadə və bu qədər mümkünsüz...

- Bilirsiniz ki, bu yaxınlarda Gəncədə də növbəti böyük kitab mağazası açılıb. Bakıda və Sumqayıtda da çoxlu sayda kitab mağazaları var, bəs niyə hələ də yerli müəlliflər kitablarının satılmamasından şikayətlənir? O mağazalarda satılan kitablar kimlərindi?

Bu günlərdə Gəncədə açılmış ölkənin ən böyük kitab mağazası.
Bu günlərdə Gəncədə açılmış ölkənin ən böyük kitab mağazası.

- Yerli müəlliflərin kitablarına, doğrudan da, hörmətsizlik var, əksər mağazalarda tullantı kimi baxırlar o nəşrlərə. Xalq arasında günün ədəbiyyatına inanmırlar, elə bilirlər ki, şeir də, nəsr də bəzi klassiklərlə birgə torpağa gömülüb. Bizim ən böyük missiyamız, hər nə qədər təntənəli səslənsə də, deyim ki, ədəbiyyata inamı bərpa etməkdir. Kitab mağazalarının açılmasını arzulamaq kitabla bağlı ən sadədil arzudur. Elə bilirəm, istək olan yerdə asan reallaşan işdir. Sadəcə təhsil sistemimizdəki qüsurlar tədricən aradan qalxsa, hər il 11-ci sinfi bitirən on minlər gənc Azərbaycan kitabına maraq göstərər... Hər gün kitab mağazalarının qarşısından belədən-belə, elədən-elə minlərlə biganə insan keçir. Onların normal təhsili olsa, əlbəttə ki, kitab mağazasının qarşısından biganə keçə bilməyəcəklər. Bu gün Azərbaycanda kitabı ancaq özü özünü yetişdirən böyük azlıq, intuisiya, duyum sahibləri oxuyur.

- Bəzən neft bumu dövrünü Azərbaycan ədəbiyyatının müvəqqəti çiçəklənmə dövrü sayırlar. Siz həmin dövrü necə xarakterizə edərdiniz? Bizim ədəbiyyat ordan nə qazandı və nə itirdi?

- Neft bumu dövründə kitab sahəsində çox işlər görüldü, latın qrafikasına keçid mərhələsi ilkin halda tamamlandı. Yüz əlli cildlik dünya ədəbiyyatı kitabxanası reallaşdı, istər-istəməz ədəbiyyatın xeyirxahları çoxaldı. Tərcümə və redaktə baxımından qonorar mədəniyyəti qismən bərqərar olundu. Ədəbiyyat saytları, jurnalları çoxaldı. Bu sahədə işsizlik azaldı. Maddi rifah baxımından uğurlu illər idi, işlərin keyfiyyəti sarıdan isə daha yaxşı ola bilərdi. Hər halda o vaxtın intizarını çəkəcəyik. Təki ölkəmizçün hər şey gözəl olsun...

- Bildiyim qədəriylə Tərcümə Mərkəzindəki işinizdən azad olunduqdan sonra bir müddət işsiz qalıbsınız, bəs indi harda işləyirsiniz, necə yaşayırsınız? Sizi hələ də bu mühitdə saxlamağa davam edən ədəbiyyat sevginizdən peşman olursunuzmu heç?

- Cəmi 1 həftə işsiz qaldım. Sonra isə “Kaspi” qəzetinin Ədəbiyyat Əlavəsinin redaktoru təyin olundum. Bir də qafqazinfo.az saytında köşə yazıları yazıram. Nizami adına Milli Ədəbiyyat Muzeyindən dissertantam və hazırda mövzum üzərində çalışıram. Ədəbiyyat sevgimdənsə peşman deyiləm, hesab eləyirəm ki, insan bütünlüklə taleyini özü müəyyənləşdirir...

XS
SM
MD
LG