Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:24

Əhalinin kredit borcları artır


NATO baş katibi Jens Stoltenberg (solda) və Polşa prezidenti Andrzej Duda İlham Əliyevi salamlayır - 8 iyul 2016
NATO baş katibi Jens Stoltenberg (solda) və Polşa prezidenti Andrzej Duda İlham Əliyevi salamlayır - 8 iyul 2016

Polşada keçirilən NATO sammiti, problemli kreditlərin artması, Azərbaycanda otel və istirahət mərkəzində qiymətlər bu gün medianın əsas mövzularıdır.

İLHAM ƏLİYEVİN NATO MİSSİYASI

«Azərbaycan» qəzetində «İlham Əliyevin NATO missiyası» sərlövhəli məqalə dərc edilib.

Müəllifin düşüncəsinə görə, NATO sammiti çərçivəsində İlham Əliyevin öz missiyası var: «Azərbaycan prezidentinin fəaliyyəti fövqəlgüclər arasında «soyuq müharibə»nin bitməsinə, qlobal hərbi gərginliyin aradan qalxmasına və qarşılıqlı etimadın yaranmasına yönəlib».

Daha sonra müəllif keçmişə qayıdır. SSRİ-ABŞ qarşıdurması, SSRİ-nin çökməsinə toxunur və nəhayət, 1992-ci ildən başlayan Azərbaycan NATO əməkdaşlığından söz açır.

Məqalədə vurğulanır ki, İ.Əliyev NATO tədbirlərində arzuolunan qonaq, xüsusi hörmətlə qarşılanan tərəfdaşdır. Müəllif düşünür ki, alyansın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi bu əməkdaşlığın nəticəsidir.

Yazıda qeyd edilir ki, indi də NATO ilə Rusiya arasında soyuq küləklər əsir. Azərbaycan belə bir şəraitdə kənarda qalmır, əksinə, gərginliyi aradan qaldırmağa çalışır: «Türkiyə-Rusiya münasibətlərinin tənzimlənməsində əsas rol alan ölkə kimi Azərbaycan öz uğurlu təcrübəsindən yararlanaraq, NATO-Rusiya qarşıdurmasının da itkisiz yekunlaşmasına çalışır. Çünki hər iki tərəf ölkəmizin strateji müttəfiqidir. Prezident İlham Əliyevin «NATO missiyası»nın mövcud əsas istiqaməti də məhz budur...».

Manat
Manat

PROBLEMLİ KREDİTLƏR ARTIR

«Azadlıq» qəzetində isə «Azərbaycan banklarının kredit qoyuluşları son 18 ayın ən aşağı səviyyəsinə enib» sərlövhəli yazı oxumaq olar.

Məqalədə qeyd edilir ki, 2016-cı ilin iyun ayına qədər 17 milyard 648 milyon manat kredit qoyulub. Bu rəqəm may ayı ilə müqayisədə 561 milyon manat və ya 3.1 faiz azdır.

Müəllif xatırladır ki, bu ilin yanvarında kredit qoyuluşu təqribən 21 milyard manat olub. Bu, ötən 5 ayda kredit qoyuluşların 3 milyard yarımdan çox və ya 17 faiz azalmasından xəbər verir.

Müəllif yazır ki, kredit portfeli azalsa da, problemli kreditlərin həcmi artıb. Artıq problemli kreditlər 1.5 milyard manatı keçib.

Müəllifin gəldiyi nəticəyə görə, sadalanan bütün bu rəqəmlər ölkənin yaxın gələcəyi haqda nikbin düşünməyə heç bir əsas yaratmır.

Bakı
Bakı

«KÜBAR TURİZM» AZƏRBAYCANDA

«Novoye Vremya» qəzetində yer alan ««Kübar turizm» Azərbaycanda» başlıqlı məqalədə ölkədə turizm infrastrukturunun vəziyyəti dəyərləndirilir.

Müəllif yazır ki, hökumət rəsmiləri ölkə iqtisadiyyatında durum ağırlaşdıqca, turizmin inkişafı haqda daha çox danışırlar. Ancaq ölkədə turizm heç də inkişaf etmir: «Turizm adına keçən il Azərbaycanın uğuru o olub ki, Novruz bayramı tətillərində ölkəyə İrandan 45 min nəfərə yaxın turist gəlib. Bu turistlərin xərclədikləri vəsait üst-üstə 30-35 milyon dollar arasında olub».

Məqalədə qeyd edilir ki, ölkədə turizmin lazımı infrastrukturları yoxdur. Müəllifə görə, turizm sahəsində Azərbaycan Dubay və İstanbul yolunu özünəməxsus şəkildə getməyə çalışır. Ancaq Dubay, İstanbul varsa, Bakıya gəlməyə zərurət yoxdur.

Müəllif ölkədəki otellərdə qiymətlərin bahalığına da diqqət çəkir.

Məqalədə deyilir ki, «bahalı» turizm Azərbaycana ayaq açıb. Müəllifin gəldiyi nəticəyə görə, Azərbaycanda qiymətlər ucuz deyilsə, böyük turist axınına ümid bəsləmək olmaz: «Beləliklə, belə bir nəticəyə gəlmək olar ki, ölkədə turizmin inkişafı, onun bütün ölkəyə yayılması barədəki bəyanatların əsası yoxdur. 15 ilə ölkəni turizm mərkəzinə çevirmək olardımı? Əlbəttə, mümkün idi. Amma ölkə bu müddəti varlılar üçün infrastruktur yaratmağa həsr etdi ki, onlar ümumiyyətlə bura gəlməyəcəklər».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG