Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:23

Obama Dallasda baş verənləri qınayıb


Obama polislərin qətlini pislədi
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

Obama polislərin qətlini pislədi

►"Ədalət bərqərar olacaq"

Dallasda beş polis nəfəri snayper atəşi ilə öldürülüb, doqquzu isə yaralanıb. ABŞ prezidenti Barak Obama baş verənləri sərt tənqid edib.

Baş verən hadisə ABŞ polisinə qarşı ən dəhşətli hücumlardan biridir.

Dallas polisi bildirib ki, azı iki snayper hündür mövqelərdə pusqu quraraq atəş açıb. Hücumla bağlı üç nəfər saxlanıb, dördüncü şübhəli şəxs isə polis tərəfindən yaxalanacağını görüb, özünə atəş açıb və ölüb. Dallas Polisinin rəisi David Brown bildirib ki, hücumun motivləri polisə məlum deyil. Hadisə iyulun 7-də, bütün ölkə boyu polis zorakılığına qarşı əsasən dinc etiraz nümayişlərinin keçirildiyi vaxt baş verib.

Dallasda nümayişçilər iki qaradərili şəxsin polis tərəfindən güllələnməsinə etiraz edirdilər.

Polis iyulun 6-da 32 yaşlı Philando Castile-ı Minnesotada güllə ilə öldürüb. Onun sevgilisi Diamond Reynolds Castile-ın qan gölü içərisində öldüyünü göstərən videonu İnternetdə yayıb. Bu hadisədən bir neçə saat əvvəl, iyulun 5-də beş uşaq atası Alton Sterling Luiziana ştatında iki ağ dərili polis tərəfindən bir neçə dəfə atəş açılaraq öldürülüb. Bu insidentin də tükürpədici videosu sosial şəbəkələrdə yayılıb və insanların qəzəbinə səbəb olub. Çikaqoda nümayişçilər şəhərin əsas nəqliyyat arteriyalarını 10 dəqiqəliyinə bağlayıblar. Nyu York şəhərində isə yüzlərlə etirazçı şəhərin əsas meydanı olan Tayms meydanında nəqliyyatın hərəkətini bloklayıb. Nümayişçilər "Əllər yuxarı, atəş açma" şüarını səsləndiriblər. Polis ərazini təmizləyib.

Castile-ın qətlə yetirildiyi Minnesotanın Sent-Pol şəhərciyində isə 1000 nəfərə qədər etirazçı qubernatorun evinin qarşısına toplaşaraq "Hey hey, ho ho, qatil polislər getməlidir" kimi şüarlar səsləndiriblər.

Ştat qubernatoru Mark Dayton insanların qarşısına çıxaraq deyib ki, o, Castile-ın irqçilik zəminində öldürülə biləcəyinə inanır və hazırda hökumət istintaq aparır.

İyulun 8-də NATO-nun sammitində iştirak etmək üçün Varşavaya gəlmiş Barack Obama bu qətlləri sərt tənqid edərək hadisəni törədənlərin məsuliyyətə cəlb ediləcəyinə söz verib.

O, mətbut konfransı zamanı deyib ki, polis zabitləri bir neçə şübhəli şəxs tərəfindən "hədəfə alınıblar". "...Gəlin açıq danışaq. Hüquq mühafizəçilərinə qarşı buna bənzər hücumlara heç nəylə haqq qazandırmaq mümkün deyil. ...Bu qəddar qətllərdə əli olan hər kəs cavab verəcək. Ədalət bərqərar olunacaq," deyə Obama bildirib.

Son iki il ərzində Ferqyuson, Baltimor və Nyu York kimi yerlərdə polisin Afrika mənşəli vətəndaşlara qarşı zor tətbiq etməsi çoxsaylı etiraz nümayişlərinə səbəb olub. Onların bir neçəsi zorakı xarakter alıb. Bundan başqa "Qaraların da həyatı mühümdür" adlı hərəkat da başlayıb. Bu qətlləri törətmiş polis əməkdaşları cəzalarını almayanda qəzəb daha da artır.

Castile-ı güllələmiş polisi təmsil edən həmkarlar ittifaqı xalqı səbrli olmağa, hökm çıxarmağa tələsməməyə çağırıb. Həmkarlar ittifaqının rəhbəri Sean Gormley deyib ki, "Açıq, dərin və obyektiv istintaq zamanla bizim hamımızı maraqlandıran sulların cavabını ortaya qoyacaq."

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG