Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 4 dəfə pozublar.
Məlumatda qeyd edilir ki, Füzuli rayonunun işğal edilmiş ərazilərindən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Müdafiə Nazirliyinin iyunun 30-da yayılan açıqlamasında isə atəşkəsin gün ərzində 14 dəfə pozulduğu bildirilirdi.
Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Görüşdən sonra atəşkəsin pozulması davam etsə də, iri hərbi əməliyyatların keçirilmədiyi bildirilir.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal ediblər.