Keçid linkləri

2024, 17 İyun, Bazar ertəsi, Bakı vaxtı 03:10

Prezidentin dincəlməkliyi...


Marxal
Marxal

►Üç il öncə tikintisinə başlanan «Marxal» Müalicə-İstirahət Kompleksi avqustda istifadəyə verilməlidir

Tikintisinə 2013-ci ildən başlayan «Marxal» Müalicə-İstirahət Kompleksinin bu ilin avqustunda istifadəyə veriləcəyi gözlənilir.

Şəkidə - dağlar qoynunda və yaşıllaqlar arasındakı 30 hektar ərazidə tikilən 7 mərtəbəli otel-kompleksin əsas özəlliyi onun Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin nəzdində olmasıdır.

Neçəyə tikildiyi açıqlanmır

Prezident İlham Əliyev son dəfə ötən ilin noyabrında obyektin tikintisi ilə maraqlanıb. Buradakı 178 nömrəlik otel 412 adama nəzərdə tutulub.

Kompleksə 164 yerlik 27 ikimərtəbəli kottec, 250 və 600 nəfərlik restoranlar, 40 nəfərlik yay kafesi, eləcə də 6 ticarət mağazası, 2 kinoteatr zalı və başqa tikililər daxildir.

İstirahət və əyləncənin təşkili üçün süni göl, su atraksionları və böyük hovuz var. Burada 6 boulinq xətti də qurulub. Minifutbol, tennis və basketbol meydançaları, 500 nəfərlik amfiteatr, SPA mərkəzi, qapalı hovuz, sauna, fitnes zalı, müxtəlif müalicə prosedurlarının aparılacağı otaqlar və s. də öz yerində.

«Marxal» Kompleksi özəllikləri baxımından digər müalicə və istirahət mərkəzlərindən geri qalmır, hətta bir çoxundan öndədir. Bəs dövlət başçısına xidmət edən bir qurumun belə bir obyektə sahib olması normaldırmı? Axı məbləği gizli saxlansa da, onun tikintisinə milyonlarla manat xərclənib.

«Məsələn, Rusiyada – Kremlin balansında...»

Prezidentin İşlər İdarəsinin balansında belə obyektlərin olmasını normal sayan keçmiş maliyyə naziri Fikrət Yusifov AzadlıqRadiosuna deyib ki, obyekt konkret şəxsə deyil, dövlətə məxsusdur:

«Deməli, nəticə etibarılə, dövlət mülkiyyətinə aiddir. Belə obyektlərin yaradılması və istifadəsi onunla bağlıdır ki, bu tip komplekslərdə, adətən, ölkə rəhbərliyinin dəvəti ilə Azərbaycana gəlmiş yüksək səviyyəli qonaqlar qarşılanıb-yerləşdirilir. Zəruri hallarda müxtəlif dövlət əhəmiyyətli tədbirlər də keçirilir».

F. Yusifov belə qonaqların güvənliyi baxımından da həmin obyektlərin mövcudluğunu önəmli sayır: «Müxtəlif ölkələrdə bu məsələlər fərqli şəkildə həll olunur. Məsələn, Rusiyada - Kremlin balansında yetərincə qonaq evləri və başqa zəruri obyektlər var».

Gürcüstan prezidenti şəxsi imarətində dincəlir...

Natiq Cəfərli
Natiq Cəfərli

«Respublikaçı Alternativ» Hərəkatının icra katibi Natiq Cəfərli də prezidentin istifadəsində olacaq məxsusi müalicə-istirahət kompleksinin mövcudluğunu təbii qarşılayır və bu zaman Türkiyə, Rusiya və ABŞ təcrübəsinədə istinad edir. Amma o, dövlət səviyyəli qonaqlara nəzərdə tutulan belə yerlərin tam şəffaf fəaliyyət göstərməsini vacib sayır.

Gürcüstanlı jurnalist Gio Pkhachiashvili AzadlıqRadiosunda deyib ki, onun ölkəsinin prezidenti öz şəxsi imarətində dincəlir. Xaricdən gələn rəsmi qonaqların qəbul və istirahəti üçünsə dövlət kurortları mövcuddur.

Belarusda prezidentin İşlər İdarəsinin nəzdində onlarla istirahət, əyləncə, istehsalat, xidmət və s. tipli müəssisə və obyekt var. Ancaq bu ölkədə həmin qurum, faktik olaraq, dövlətin ölkə daxilindəki və xaricindəki mülkiyyətinin saxlayıcısı funksiyasını yerinə yetirir. Prezident A. Lukaşenko bu obyektlərin istifadəsinə qarışmır.

İki otel, 3 qonaq evi və 3 rəsmi iqamətgah...

Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Bakıda iki oteli («Respublika-I», «Respublika-II»), 3 qonaq evi («Ulduz», «Gənclik» və «Azadlıq») və prezidentin 3 yerdə («Zuğulba», «Gənclik» və «Qəbələ») rəsmi iqamətgahı var.

Birinci özəlləşdirmə proqramı çərçivəsində «Marxal» istirahət mərkəzini şəkili iş adamı Tehran Lətifov özəlləşdirmişdi. Sonradan özəlləşdirilmə zamanı qanunsuzluqlara yol verilməsi əsas gətirilərək obyekt onun əlindən alınıb. İndi sökülən keçmiş istirahət mərkəzinin yerində sözügedən kompleks ucaldılıb.

Kottecdə qalmaq istəyən bilsin ki...

Mediada gedən xəbərlərə görə, «Marxal» Müalicə-İstirahət Kompleksi adi turistlərə də xidmət göstərəcək və hətta qiymətlər də indidən bəllidir. Otel nömrəsində bir nəfərin qalması 70-80 manata, kotteclərin bir günlük kirayəsi isə 140-160 manata başa gələcək.

XS
SM
MD
LG