-
Yaxın zamanda Azərbaycandan keçməklə Rusiyadan Hindistanadək yeni yük qatarı xətti açılacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.
C.Qurbanovun deməsinə görə, «Şimal-Cənub» layihəsi çərçivəsində Sankt-Peterburq və ya Helsinkidən Hindistana qədər olan yük qatarının yeni xətti açılacaq. Avqust və ya sentyabr aylarında ilk qatar Azərbaycanda qarşılanacaq və həmin istiqamətdə yola düşəcək.
2000-ci il sentyabrın 12-də «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizi haqqında Rusiya, İran və Hindistan arasında razılaşma əldə edilib. Sonradan Azərbaycan da bu prosesə qoşulub. Bu il fevralın 16-da «Azərbaycan Dəmir Yolları» QSC ilə İranın uyğun qurumu arasında «Şimal-Cənub» nəqliyyat dəhlizinin tərkib hissəsi kimi, Astara çayı üzərində dəmiryol körpüsünün tikintisi haqqında müqavilə imzalanıb. Aprelin 20-də körpünün təməli qoyulub.