Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:36

Prezident zənginləri ölkəyə, ekspertlərsə prezidenti islahatlara çağırır


İlham Əliyev
İlham Əliyev

-

Dünya Azərbaycanlılarının IV Qurultayı, ölkədə biznes mühit, yeni verilən kreditlərin şərtləri və büdcə vəsaitlərindən səmərəsiz istifadə halları bu gün medianın aparıcı mövzusudur.

İLHAM ƏLİYEV: «GÜCÜMÜZ BİRLİKDƏDİR»

«Azərbaycan» qəzeti dövlət başçısı İlham Əliyevin Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayındakı nitqinin mətnini «Bizim gücümüz birliyimizdədir» başlığı altında dərc edib.

Prezident çıxışında ölkə həyatında və diaspor sahəsində bir çox mətləblərə toxunur. O, bütün məsələlərdə koordinasiyalı fəaliyyəti vacib sayır: «Xaricdə 420-dən çox diaspor təşkilatımız var. Əlbəttə, bu qurumlar arasında koordinasiya işi aparılmalı, birlik, həmrəylik olmalıdır. Bəzi hallarda bizim diaspor təşkilatlarımız bir-biri ilə rəqabət aparırlar. Əgər bu sağlam rəqabətdirsə, mən bunu ancaq alqışlaya bilərəm. Bu rəqabət ümumi işimizə xidmət etməlidir. Biz ölkə daxilində də, xaricdə də birlik nümayiş etdirməliyik. Bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycan vətəndaş cəmiyyəti birlik nümayiş etdirir. Biz vahid amal uğrunda çalışırıq. Ölkəmizin gələcəyi, strateji istiqaməti ilə bağlı fikir ayrılığı yoxdur. Dövlət müstəqilliyi, iqtisadi müstəqillik, sosial məsələlərin həlli, ərazi bütövlüyümüzün bərpası və digər məsələlər ətrafında cəmiyyətdə vahid fikir, konsensus var».

Biznesmen.
Biznesmen.

ÖNCƏ DEMOKRATİYA...

«Azadlıq» qəzeti də Dünya Azərbaycanlılarının IV Qurultayında İlham Əliyevin çıxışını dəyərləndirib. Xüsusilə də dövlət başçısının xaricdə yaşayan zəngin azərbaycanlıları ölkəyə sərmayə yatırmağa çağırması geniş təhlil edilib. «Əvvəlcə demokratiyanı çağırmaq lazımdır» sərlövhəli məqalədə müəllif prezidentin bu bəyanatını təqdir etsə də, onun effekt verəcəyinə şübhə ilə yanaşır: «Prezidentin bu çağırışına müsbət reaksiya veriləcəyi, xaricdəki azərbaycanlı iş adamlarının ölkəyə sərmayə yatıracağı real görünmür. Çünki hakimiyyətin sözü ilə əməli üst-üstə düşmür».

Müəllifin düşüncəsinə görə, iqtisadiyyatın bütün sahələri məmurların inhisarındadır, ölkədəki çoxsaylı iş adamları var-yoxdan çıxarılıb, iş adamları ilə «bandotdel» dili ilə danışılır.

Məqalədə qeyd edilir ki, hakimiyyət neft gəlirlərinin 3 dəfədən çox azaldığı indiki vaxtda iş adamlarına çağırış etsə də, monopoliyanı, korrupsiyanı, rüşvəti, hüquqsuzluğu aradan qaldırmır. Müəllifin düşüncəsinə görə, biznesmenlərin Azərbaycana gəlməyəcəklərinin daha bir səbəbi ölkənin adının «azad olmayan ölkələr» sırasında yer almasıdır: «Xaricdəki iş adamlarını cəlb etmək üçün öncə ölkə cəlbedici olmalıdır. Qanunun aliliyi təmin olunmalı, korrupsiya, inhisar aradan qalxmalı, ölkə demokratikləşməlidir. Əks halda, bu çağırışlara yalnız səfalət, böhran, tənəzzül cavab verəcək».

Manat
Manat

KİMLƏR KREDİT ALA BİLƏR?

«Novoye Vremya» qəzetində isə bankların yenidən əhaliyə verməyə başladığı kreditlərin şərtlərindən bəhs edən yazı dərc olunub. «Əhali üçün kreditin qiyməti» sərlövhəli məqalədə kredit ala biləcək əhali kateqoriyası təhlil edilib.

Məqalədə deyilir ki, Palatanın tələbinə görə, müştərinin kredit xərcləri onun aylıq gəlirinin 50 faizindən çox ola bilməz. Üstəlik, bu məbləğ ödənildikdən sonra qalan vəsait yaşamağa yetərli olmalıdır. Müəllif bildirir ki, ölkədə yaşayış minimumu 136 manatdır. Bu məbləğ işləyən şəxslərə görə 146 manat müəyyən edilib. Müəllif yazır ki, bu amilləri nəzərə alanda, kredit götürən şəxsin ən az 584 manat aylıq qazancı olmalıdır. Məqalədə qeyd edilir ki, işləyənlərin heç də çoxu bu qədər maaş almır: «Bu halda krediti ancaq neft-qaz, maliyyə, bank, sahəsində işləyənlər ala bilər. Onlar da 1.5 milyon əməkçi arasında cəmi 50 min nəfərə yaxın şəxs deməkdir».

Sonda müəllif yazır: «Bu şəraitdə Mərkəzi Bank və Palata hansı tədbirlər görmək niyyətindədirlər, məlum deyil. Amma iqtisadi nəzəriyyədən yanaşsaq, belə vəziyyət iri bankların, sığorta şirkətlərinin iflasına gətirəcək. Bu da iqtisadiyyata növbəti ağrılı zərbə olacaq».

Dollar
Dollar

XALQIN SOVRULAN PULLARI

«Bizim Yol» qəzeti isə dövlət qurumlarına ayrılan vəsaitlərin necə və hara xərclənməsini araşdırıb. Yazıda qeyd edilir ki, büdcə vəsaitləri təyinat və həcmindən asılı olmayaraq, heç də insanların həyatında müsbət dəyişikliklərə səbəb olmur. Müəllif yazır ki, əsasən yollar abadlaşdırılır, təmir-tikinti işləri aparılır. Ancaq vəsaitlər səmərəli xərclənmir.

Müəllif daha sonra ayrı-ayrı nümunələrə keçir. Məqalədə qeyd edilir ki, Bərdə rayonunda abadlıq işlərinə milyon manata yaxın vəsait ayrılıb: «Görəsən, hansı abadlıq, hansı küçələrin asfaltlanmasını nəzərdə tuturlar? Keçən il əsasən küçələrin hamısı asfalt, mərkəz abad idi. Bərdə icra hakimiyyəti məhəllələrarası yollara baxmır. Bu milyona yaxın vəsaitin hara gedəcəyi maraqlıdır?».

Araşdırmada həmçinin deyilir ki, 40 şəhər və rayonda su təminatını yaxşılaşdırmaqdan ötrü 10 milyon manat vəsait ayrılıb: «40 şəhər və rayonda bu fəaliyyəti həyata keçirmək üçün bir yox, bir neçə podratçı təşkilat olmalıdır. Amma sonda hamımız görəcəyik ki, bunu kifayət qədər kadr və texniki potensialı olmayan bir təşkilata həvalə ediblər. Çünki adətən tenderlərin nəticələri belə olur».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG