-
«Moody's» beynəlxalq reytinq agentliyi SOCAR-ın CFR reytinqini Ba1 səviyyəsində təsdiqləyib. CFR (Corporate Family Rating) - emitentin öz öhdəliklərini yerinə yetirmək qabiliyyətidir.
APA-nın xəbərinə görə, SOCAR-ın SUR reytinqi (Senior Unsecured Rating - iri borc öhdəlikləri) və defolt ehtimalı üzrə reytinqi də Ba1 səviyyəsindədir.
Reytinqlər üzrə proqnoz neqativdir.
Agentliyin analitikləri hesab edir ki, hökumət SOCAR-a güclü dəstək verməkdə davam edir: «SOCAR ölkənin ən iri işəgötürəni və vergi ödəyicisidir».
«Moody's» hesab edir ki, neftin qiymətinin aşağı olması dövlət şirkətinin gəlirlərinə mənfi təsir göstərməyə davam edəcək. Bununla yanaşı, SOCAR uzunmüddətli perspektivdə hasilatla bağlı müəyyən problemlərlə üzləşə bilər.
Bildirilir ki, SOCAR 2015-ci ildə ümumilikdə 31.5 mlrd. dollar gəlir əldə edib.
Ancaq bu yaxınlarda SOCAR rəsmiləri bildirmişdilər ki, 2015-ci ili ziyanla başa vurublar. Çünki neftin qiyməti düşəndən sonra gəlir xərcdən azdır. Üstəlik, SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov borcların 6 milyardı keçdiyini demişdi.