Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:57

Vergilər Nazirliyi «Yevro Stroy»un binasını hərraca çıxarıb


Azərbaycan Vergilər nazirliyi binası
Azərbaycan Vergilər nazirliyi binası

Vergilər nazirliyi Bakıda və ölkənin müxtəlif rayonlarında tikinti işləri aparan «Yevro Stroy-S» şirkətinə məxsus 15 mərtəbəli yaşayış binasını satışa çıxarıb. Vergi öhdəliyi göstərilsə də, şirkət bunu doğru saymır və hərracı qanunazidd adlandırır.

Maraqlısı budur ki... Nazirliyin açıqladığı elanda göstərilir ki, Abbas Mirzə Şərifzadə küçəsi, 12 ünvanında yerləşən 11 mərtəbəli və tikintisi bitməyən yaşayış binası 1,5 milyon manata hərraca çıxarılıb. Hərracın mayın 27-də keçiriləcəyi də diqqətə yetirilir.

Hərrac mərkəzində AzadlıqRadiosu-na deyiblər ki, hərrac Ədliyyə Nazirliyinin Yasamal rayonu üzrə icra məmurlarının 18 mart 2016-cı il tarixli qərarı əsasında keçiriləcək. Əmlakin qiymətini isə müstəqil qiymətləndirici deyil, vergi orqanı müəyyənləşdirib.

Maraqlısı budur ki, əmlakın hərraca – açıq satışa çıxarılması haqqında məlumatı şirkətdə nə icra məmurlarından, nə də Vergilər Nazirliyindən yox, AzadlıqRadiosu-ndan eşidiblər.

«Qanuni qüvvəyə minmiş məhkəmə aktı olmadan...»

«Yevro Stroy-S» MMC kadrlar şöbəsinin müdiri Rizvan Abdullayev AzadlıqRadiosu-na deyib ki, əmlakı indiki halda hərraca çıxarıb satmaq cəhdi tam qanunsuzdur:

«Vergilər Nazirliyinin şirkətimizə qarşı tətbiq etdiyi cərimə və maliyyə sanksiyasına etirazımızla bağlı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarını tərəflər dəfələrlə mübahisələndirib. İş hazırda Ali Məhkəmədə - baxılma mərhələsindədir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı olmadan əmlakımızın satılmasına cəhd yolverilməzdir».

Şirkətdən verilən məlumata görə, söhbət 908 min manatlıq cərimə və maliyyə sanksiyasından gedir. Sadələşdirilmiş vergi ödəyicisi olan «Yevro Stroy-S» MMC-nin, cari öhdəliklər nəzərə alınmadan, vergi borcu yoxdur.

Bir neçə il öncə Milli Elmlər Akademiyası ilə bağlanmış müqaviləyə əsasən, «Yevro Stroy-S» MMC akademiyanın işçilərinə 3 blokdan ibarət 15 mərtəbəli bina tikməkdədir. Razılaşmaya görə, binanın iki bloku AMEA-ya verilib, bir bloku şirkətə qalır.

Şirkətdə hesablanmış verginin (1,2 milyon manat) ödənildiyi deyilir. Cərimə məsələsinə isə məhkəmədə baxılacaq.

XS
SM
MD
LG