Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:05

Bir qarışqa ailəsini qışdan çıxaracaq bir çimdik un


İsmayıl Tanır
İsmayıl Tanır

-

"Saymamağı öyrəndim böyüklərdən"

İsmayıl Tanır

Marta üçün şərqilər

On üçüncü şərqi

AH.. necə üsyan edəsən onların içimizdə qaladığı tonqallara

Bir bilsən nə yanmır ki, bu tonqallarda, əzizim

Keçmiş gələcək və bugün

Arzular, vətən və sürgün

Bir qadının sınıq dişli darağı

Saçları süpürgə kimi cod bir nənənin

Yasəmən ətirli sabunu

Bir qarışqa ailəsini qışdan sağ çıxaracaq bir çimdik unu

Bir quldurun gözlərini parladacaq bir sevgi soyğunu

Və bir də antik bir titanın

insanlar və qullar haqqında olan qanunu yanır

.

Yanğınının işartılarında göyərir bir sərçənin silueti

Yanğının səsində ulayır zamanın bəyaz tüklü iti

Yanğının hərarətində yuxulayır bir əsgərin

ölüm siqaretinə çırpılacaq kibriti..

.

Yanğın deyə qışqırmaq istəyirsən onlara

Qaçın gəlin,

yardım edin

Yanıb kül olmuş evləri

yenidən

yuva kimi düzəldin demək istəyirsən

Susurlar... Yanğın səsidir yağmur səsindən əvvəlki səs

Susurlar... yaşamaq qovrulmuş bir yarpağa çevrilib

Ölməkmi? O da əbəs...

Divar və tabaşirli günəş

Sən,

indi insan tənhalığının üçbaşlı iti kimi dayanmısan

sevgiliyə aparan yolun üzərində

Üzərindən buludlar keçir, altından qarışqalar

və sən hər keçən gün daha həvəslə gözləyirsən

Üzərinə çıxıb özünü atacaq qadını

İstəyirsən ki, intihar divarı desinlər adına

və gözləyirsən ki, kimsəsizliyin nə zaman sənə

əbədiyyət bağışlar...

.

sevgi sözləri yazırsan Qüdsdəki ağlamağa divarına

və bir az da şikayət

yazıb deyirsən ki, sən göz yaşından nəm çəkdiyin kimi

mən insan baxımsızlığından nəm çəkirəm

sən günahları dinlədiyin halda

mən

məni görməzdən gələn addım səslərimi dinləyirəm..

sənə abidə deyirlər

mənə xaraba

sən qiymətlisən sənə inananların qəlbində

mənsə yer-yer torpaq üçün darıxan kərpic topası

yer-yer çay üçün darıxan çaydaşlarından başqa bir şey deyiləm...

.

sevgi sözləri yazırsan Qüdsdəki ağlama divarına

balaca bir uşağın əllərini xatırlayırsan

üzərində tabaşirli günəş yarası olan balaca uşağın əllərini

çiçəklərdən danışırsan

tabaşirli günəşə aldanan çiçəklərdən

nə tez solub getdilər deyə heyfislənirsən

ağlamaq istəyirsən

və yazırsan son cümlədə

ey, ağlama divarı, izn ver mən,

sökülmüş qaladan miras qalan

bu çəlimsiz xaraba divar

gəlim və ağlayım başımı çiyninə qoyub

izn ver yox olum buralardan

və məndən tabaşirli bir günəş qalsın

buludlara yadigar..

Bilmədiyimiz dillərdəki nəğmələr

və ya Qurbanvermə

yıxılıb qar adamları

həcc yolundakı dilənçilər kimi

əriyib yox olmurlar

əriyib yoxuş olurlar

.

uçub kimsəsizlik evinin divarları

divar saatında zaman

peşmək qoxulu buxurdana çevrilib

uçub gedir inancımızı və xatirəmizi

qoruyan hər şey

.

biz yoxuqsa deyə oxuyur

tarixin səhra yaddaşından silinmiş xalq

yad dillərdəki nəğmələrdi ümidimiz

yad dillərdəki kölgələrdi

ümidin ləkəli torpağından yaranıb

köksümüzdə bitən xal

.

çiliklənmiş pəncərə şüşəsi

büllur bir gəmidə

öz sonuncu övladını göndərir günəşə

sonuncu övladı yuvasını itirmiş bir quşun

ümidsiz toxunuşudur

.

yolçuların səhər şehi udur siqaret tüstüsünü

sübhün əynində kəfən köynək var

nəmli bir divar sinəsindən silir

qışın soyumuş hisini

köksümüzdə üsyançı kəndlilər kimi

edam olunur arzular...

yolçuların kölgəsində gizlənir

sevgiliyə aparan izlər

bir dəstə bənövşənin yasına gəlib

bir neçə sərt görünüşlü tabut

bir neçə qışın qətlinə gəlib

gözlərindən tanrının ürəyinə yayılan od

qurbanvermədir,

balaca tanrılar qar adamlarını qışa

böyük tanrılar kindar adamlarını savaşa

qurban verirlər..

Qurbanvermədir

Saçlarında kəpənək olan qızın

yaddaş lövhəsindən lazımsız bir nöqtəni silməsi kimi

Zaman da yorğun adamın adını silir

Özünün nəhəng boşluğundan

O adam nə sənsən, nə də mən

Bəlkə ikimizik dostlaşmışıq illərlə

Bəlkə üçümüzük birləşmişik küçələrlə

Bəlkə hər şeyik, hər şey var ruhumuzda

Ağ ləkəli lövhə

ərimiş qar adamları

solğun işıqlı küçələr

.

bəlkə hər şeyik hər şey var ruhumuzda

qırmızı ləkəli köynək

Ölmüş uzaqlıq adamları

və həsrətimizə

Yorğun sərçələrə dən səpən kimi

Ulduz səpən ümidli gecələr

Sinəmdəki doğum ləkəsi göynəklər

Gecə... Otaqda o divar sənin, bu divar mənim gəzirəm

Gecə... xatirəmdə o arzu sənin, bu arzu mənim gəzirəm...

.

Yaşamaq istəyirəm gülüşlərində

Ümid etmək istəyirəm gələcək hər günün aydınlığına

Müharibəni, qorxunu, qanı unudub

Ana südünün bəyazlığında xatırlamaq istəyirəm səni

.

İl 1991

Fəsillərdən yay

Elə ki, dünyaya açdım gözlərimi hüzünlü bir qürub vaxtı

Elə ki, ağladım ilk dəfə qırıq-qırıq

Elə ki, ciyərlərimdən qopan qışqırıq

bir şən vədə kimi bürüdü anamın qollarımı

Elə ki, bir qadın vida etdi dünyadakı izsizliyinə

Elə ki, bir kişi salam dedi dünyadakı səssizliyinə

Bütün tonqallar mənim üçün qalandı

Bütün yaralar mənim üçün qanadı

və mən

Bir uşağı oldum müharibə səslərinin

və mən

Bir dustağı oldum aclıq qəfəslərinin

Dizlərimdə torpağın qoxusu

əllərimdə yaşamaq arzusu

qaçdıq ağacdan-ağaca səndən xəbərsiz

gözlərindən xəbərsiz

əllərindən xəbərsiz

qaçdım uzaqdan uzağa

sənsiz, dərdsiz və sərsiz..

.

Sevdiyim adamların fotoları ilə birgə böyüdüm

Qorxdum sevdiklərimin hara yoxa çıxdıqlarını soruşmaqdan

Bir yaz axşamı bir qaranquşun kölgəsi süpürərkən küçəni

Yəqin kölgələr ölkəsinə gedirlər deyə düşündüm hamı

Yaz yağmurunun gözlərin kimi nəmli torpağında üşüdüm

Böyüdüm

Arzulamamağı öyrəndim

əllərini tanrıya açmaqdan məhrum mərhum Həsən kişidən

darıxmamağı öyrəndim Nəsibə xaladan

bir də oğlumu görmək nəsib deyilmiş deyə danışırdı

düyünlü pulqabısının, həsrətqabısının dililə

bir də oğlumu görmək nəsib deyilmiş deyə ağlayırdı

kimsəsizlik günlərində məzar daşına çevrilmiş

ana yurdunun qapısının dililə.

.

Saymamağı öyrəndim böyüklərdən

Məgərsə uşaqlar onlar üçün adam deyilmiş

Uşaqlar və bütün balaca adamlar dedikləri

əslində alatoran kölgəsiymiş bütün böyük adamların

.

qocalıq qırışları, insanın itirdikləri ilə dərinləşir

cavanlıq gözünün parıltsı insanın sevdikləri ilə itiləşirmiş

qırışlardan baxmağı öyrəndim

sevginin cadar torpaqda bitdiyi dünyaya

qırışlardan axmağı öyrəndim

əksimizi, ən sevimli, ən qəddar dostumuzu

oğurlayıb aparan suya...

güllər bağışladım yollara

arılar bağışlasın məni deyə

güllər basdırdım yollara

kökslərində köçünü itirmiş quşlar

qışlasın deyə..

.

sevincə çevrildim payızın güllərində

şarların səma ahənginə qoşulub uzaqlara çatdırdım gülüşlərimi

kədərə çevrildim qış düyünlərində

atların torpaq ahənginə qoşulub uzaqlara daşıdım ümidlərimi...

.

səni tapmaq üçün yola çıxanda anladım ki,

əslində bütün yoxolmalar birdir

yəni bütün insanlar eyni yerə yoxa çıxırlar

əslində bütün yoxolmalar birdir

sadəcə insanlar ayrı-ayrı yoxolmalar üçün

fərqli-fərqli darıxırlar...

.

sonra payızın rənginə bahar qoxusu qatmağı öyrəndim

və güldüm ömrün ən ağrılı anlarında

sırtıq, sintərmiş bir uşaq kimi güldüm

o qədər ucadan güldüm ki, gülüşlərimə dəlilik nəriltisi dedi paşalar

bir cəlari üsyançısına çevrildim

o qədər ucadan güldüm ki, gülüşlərimdə sərgiləndi ən cəsarətli tamaşalar

və mən bütün arzuların

çılpaq, hər şeydən çılpaq üryançısına çevrildim...

.

sonra səni tapmamağı öyrəndim

öyrəndim ki, tapsam da itirəcəkdim bir gün...

.

əllərimi bağladım tanrıya qarşı

ondan peyğəmbərlər, mələklər istəmədim

qulaqlarımı kar etdim hər vəhiyə

mənə görmək lazım idi qəlb gözüylə

və görsəydim tanrını

ondan soruşacaqdım ki, niyə , de niyə

bizi ayrı

bizi uzaq yaratdın bir ömür sevəcəklərimizdən

niyə de niyə

bizi kor yaratdın və məhrum etdim

dünyada sənə bənzər görəcəklərimizdən...

indi boş otaqdan yoxolmuşluğa baxıram

sənin xatirən yellədir zivələrdəki köynəkləri

indi boş otaqdan yoxolmuşluğa baxıram

sənin xatirən ağrıdır sinəmdəki doğum ləkəsi

göynəkləri...

Cütümüz üçün

Xoşbəxtlik axtararkən çırpıldığımız divarlarda çatlar əmələ gəldi

Güldü bizə qürub günəşinin yorğun baxışları

Ölüm axtardıq sonsuzluq dənizində

Bir lampaya, bir işığa və bir ələ bağladıq ümidlərimizi

.

Hər səhər yenidən doğulduq və heç birisində özümüz olmadıq

Yalnız keçmişimiz qaldı tökülən saçlarımızla bərabər yastığımızda

.

Çiçəklər dərdik anamıza və soruşduq itirdiyimiz dostlar üçün

Tanrı da bizi çiçək–çiçək dərirmi özünün quraq torpaqlarından

.

Kölgələrlə güləşdik çıxışsız dalanlarda

Kölgələrdən qaçdıq, ölümdən qaçdıq,

ayaqlarımızdan

qorxaqlığımızdan

və bizi ölümə yaxınlaşdıran hər şeydən qaçdıq

Təngnəfəslik qaldıq

Dəmir qapıların qarşısında.

Xurcunundan çörək çıxarıb qoxlayan bir dilənçini

Atamıza bənzətdik, heç vaxt görmədiyimiz atamıza

Biz təkliyindən qovulmuşduq sevda yurdunun

Və hər yerdə cüt idik, həsrət çəkməyə vaxtımız yox idi

əslində heç nəyimiz yoxuydu cütümüzdən başqa

cütümüz ölümsüz olsa da edam da edə bilərdik onu

ya da sərçələrə yem daşımağa göndərə bilərdik

ya da buna bənzər bir şey

halbuki qıymırdıq ona,

necə ki o bizə qıymırdı

tamam tək qalmağı..

necə ki, o bizə qıymırdı

yıxılan divarların

palçıqlı kölgəsində unudulmağı..

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG