Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:46

Səfirliyin sifarişi – 2 min litr pivə, 1100 litr şərab, 40 min siqaret


Siqaret
Siqaret

-

Türkiyə və Ukrayna qüvvələrini birləşdirir; Misir satışa çıxarılır – 18 aprel Qərb mediasının icmalı.

«2014-cü ilin sonunda Azərbaycanın Kanberradakı səfirliyi yeni il gecəsinə rüsumsuz alkoqollu içki və siqaretlə bağlı inanılmaz bir sifariş verib. Mediaya sızan sənədlər göstərir ki, səfir Rövşən Cəmşidov və mühasib Araz Xasıyev diplomatik statuslarından yararlanaraq, Avstraliya hökumətindən 2 min litr pivə, 1100 litr şərab, 520 litr spirt və 40 min siqaretin rüsumsuz idxalına icazə istəyiblər». Avstraliyanın «The Sydney Morning Herald» qəzetində Richard Baker və Nick McKenzie belə yazır.

Yazıda həmin idxalın Avstraliyada xarici təmsilçilik qaydalarını pozmadığına, amma əhalisi, əsasən, müsəlmanlar olan bir dövləti təmsil edən, cəmi 5 diplomatın çalışdığı bir səfirlikdən ötrü aşırı təsir bağışladığına diqqət çəkilir:

«Hər birimiz gömrükdən bir neçə şüşə rüsumsuz içki keçirə bilərik, Avstraliyadakı səfirlik və ali komissarlıqlarınsa, hər yarımildən bir, 260 lirt spirt, 1000 litr pivə, 20 min siqaret əldə etmək ixtiyarı var. Bir şərtlə ki, bu məhsullar rəsmi məqam çərçivəsində istifadə olunsun. Diplomatlarsa, hər altı aydan bir,şəxsi istifadədən ötrü bütün bunların yarısını ala bilərlər».

Qəzet xarici diplomatların davranışının bugünlər Avstraliyada diqqət mərkəzində olduğunu vurğulayır. Məsələn, Səudiyyə Ərəbistanı səfirliyi əməkdaşlarının yol hərəkəti qaydası pozuntusuna görə cərimə ödəmədiyi üzə çıxıb.

Avstraliya Sərhəd Xidməti bəzi məhsulların qara bazarda satıla biləcəyinə dair iddiaları dəyərləndirib və bu məsələni daha araşdırmamaq qərarına gəlib. Jurnalistlər bir daha vurğulayırlar ki, bu sifarişin həcmi nə qədər diqqət çəksə də, yerli qanunvericilik pozulmayıb.

Araz Xasıyev mediaya bildirib ki, böyük həcmdə alkoqollu içki və siqaret idxalı üçün belə bir icazənin istənilməsi heç də həmin sifarişin gerçəkləşdirilməsi anlamına gəlmir.

«Düşünürsünüz ki, o qədər içə və işləməyə davam edə bilərdim?» – deyən mühasib zarafatından da qalmayıb. A.Xasıyev Kanberrada diplomatik xidmətin iştirakıyla rüsumsuz alkoqollu içki və siqaretin qara bazarda satışı haqqında heç nə eşitmədiyini də sözlərinə əlavə edib.

Ötən il Azərbaycanın Avstraliyadakı səfirliyinin əməkdaşı Anar Həsənov diplomatik xidmətdən geri çağrılıb. O, «qanunsuzluğa, dövlət vəsaitinin mənimsənilməsinə qarşı çıxdığına görə» cəzalandırıldığını deyirdi. XİN isə bildirirdi ki, Həsənov səfirlikdə işlədiyi müddətdə diplomatik xidmətə dair qanunu, nazirliyin əsasnaməsini, əmək müqaviləsini kobud şəkildə pozur, ciddi xidməti qüsurlara yol verirmiş.

R.T.Erdoğan və Petro Poroshenko
R.T.Erdoğan və Petro Poroshenko

TÜRKİYƏ VƏ UKRAYNA QÜVVƏLƏRİNİ BİRLƏŞDİRİR

«Newsweek» dərgisi John E.Herbst-in məqaləsini dərc edib. Müəllifin fikrincə, Moskvanın Suriyaya müdaxiləsi Assad rejimini xeyli ürəkləndirsə də, Ankara ilə münasibətlərini korladı və Qara Dənizdəki strateji mövqeyini çətinləşdirdi. Türkiyənin Rusiya təyyarəsini vurması, ardınca qarşılıqlı sanksiyalar on illər boyunca formalaşmış kövrək əlaqələrə kölgə saldı. Nəticədə, Türkiyə Gürcüstan və Ukrayna ilə təhlükəsizlik sahəsində əməkdaşlığını gücləndirməyə başladı.

Ukraynanın milli təhlükəsizlik, müdafiə, xarici işlər nazirləri ard-arda Ankaraya baş çəkiblər. Türkiyənin baş naziri Ahmet Davutoğlu martın əvvəlində Kiyevdə olub, ardınca Ukrayna prezidenti Petro Poroshenko Türkiyəyə qısa müddətli səfər edib.

«Bu səfərlərin görünən nəticəsi odur ki, Ukrayna-Türkiyə müdafiə bağları möhkəmlənir. Ötən həftə donanma qüvvələri Qara Dənizdə birgə təlim keçirib, «NATO standartlarına uyğun» fəaliyyət bacarıqlarını sınayıblar. Daha öncə - martda Mərmərə dənizində birgə donanma məşqləri baş tutmuşdu. Türkiyə siyasətini Gürcüstan və Azərbaycanla da getdikcə daha çox koordinasiya edir. Bu ölkələr Moskvanın revanş siyasətini dondurmaqda maraqlıdırlar. Moskvanın Suriyadakı qızışdırıcı siyasəti Türkiyəni daha fəal mövqe tutmağa sövq edib ki, bu da maraqlı tərəfləri qane edir».

Qırmızı Dənizdə adalar
Qırmızı Dənizdə adalar

MİSİR SATIŞA ÇIXARILIR?

Ötən həftə Səudiyyə Ərəbistanının kralı Salman Misirə səfərə çıxıb. Misir iqtisadiyyatının dirçəldilməsindən ötrü 22 saziş, o cümlədən 22 milyard dollarlıq neft sazişi imzalanıb. Ancaq bu səxavətli yardım boşuna ayrılmır. Misir Qırmızı Dənizdə iki adadan əl çəkməli olub. Həmin adaları Səudiyyə ona 1950-ci ildə güzəştə getmişdi. «Project Syndicate» saytında Barak Barfi yazır ki, bu addım Misir rəhbərliyinin ölkənin regional qüvvə kimi qalması barədə dediklərini puça çıxarır:

«Ölkə heç iç problemlərini də çözə bilmir. Sürətlə artan əhali subsidiyalardan asılıdır, onu da hökumət ödəmək gücündə deyil. Cihadçılar bu durumdan yaxşıca istifadə edirlər».

İndi Misirdə işçi qüvvəsinin 24 faizinin dövlət işində çalışmasına diqqət çəkən yazıda o da vurğulanır ki, çörəkdən tutmuş neftədək hər şeyə subsidiya ayrılır. Bu vəsait 2013-2014-cü illərdə ÜMD-nin 8.1 faizinə bərabər olub və büdcənin 8 faizi borc və subsidiyalara, maaşlara xərclənib. Bütün bunlar Misirin xarici yardımdan asılılığını gücləndirib. Bu gün Misir həm Avropadan, həm də Fars Körfəzindən gələn yardımdan asılıdır.

«Hər il kollec bitirən və iş axtaran 750 min misirliyə ölkənin keçmiş şan-şöhrəti barədə boş sözlər gərək deyil. Turizm sektorunda çalışanlar əcnəbilərin qayıdışını gözləyir… Belə problemlərlə məşğul olmaqdansa, prezident Abdel Fattah el-Sisi yardıma əvəz olaraq, torpağı Səudiyyəyə qaytarmağa məcbur qalır. Yaxın Şərq siyasətində bir tərəf itirəndə, digəri qazanır. Misirdə əhalinin hökumətlə bağlı xəyal qırıqlığından qazanan radikal islamçılardır».

XS
SM
MD
LG