Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:11

ATƏT-in Qarabağ təklifləri: Paket həll variantı


Arxiv fotosu: ATƏT-in Mins Qrupunun həmsədrləri Azərbaycan və erməni silahlı qüvvələrinin təmas xəttində, 22 oktyabr 2011
Arxiv fotosu: ATƏT-in Mins Qrupunun həmsədrləri Azərbaycan və erməni silahlı qüvvələrinin təmas xəttində, 22 oktyabr 2011

.

2001-ci ilin fevralında prezident Heydər Əliyevin təşəbbüsü ilə ATƏT-in Minsk qrupunun münaqişənin həlliylə bağlı təklif etdiyi üç saziş layihəsi -"Paket Həll", "Mərhələli Həll" və "Ümumi Dövlət Prinsipləri" mətbuatda çap olunub. Həmin sənədləri təqdim edirik.

Həmçinin oxuyun:

ATƏT-in MİNSK QRUPUNUN TƏKLİF ETDİYİ SÜLH SAZİŞLƏRİ
(«Paket həll variantı»)

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə hərtərəfli saziş

Preambula:
Tərəflər, xalqlarının inkişafı və rifahı üçün regionda sülh və əməkdaşlığın üstünlüklərini tam anlayaraq, uzun sürən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını həyata keçirməkdə qətiyyətlidirlər. Aşağıda təqdim edilən tənzimləmə bu regionun xalqlarına firavan və parlaq gələcəkdə inkişaf edəcək demokratik təsisatlar şəraitində normal və səmərəli həyat sürməyə imkan verəcək.

Bu Saziş əsasında həyata keçirilən əməkdaşlıq bütün regionda ticarət, nəqliyyat və rabitə sahəsində normal münasibətlərə səbəb olacaq və insanlara beynəlxalq təşkilatların köməyi ilə öz şəhər və kəndlərini bərpa etməyə, regiona xarici sərmayə axınının artırılmasına lazım olan sabitliyi yaratmağa və əhalinin çiçəklənməsinə gətirib çıxaracaq faydalı ticarətə yol açmağa imkan verəcək. Bu inkişaf üçün Qafqaz bölgəsində artıq zəmin vardır. Qonşularının və dünya xalqlarının rifahı üçün xalqlar arasında barışıq və əməkdaşlıq onların böyük potensialını üzə çıxaracaq.

Müvafiq olaraq, BMT Nizamnaməsinin müddəalarına, ATƏT-in başlıca prinsip və qərarlarına və beynəlxalq hüququn hamı tərəfindən qəbul edilən normalarına sadiq qalaraq və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tam həyata keçməsinə yardım etmək niyyətində olaraq, tərəflər bu Sazişlə silahlı münaqişənin dayandırılması və normal münasibətlərin əldə olunmasına dair Saziş 1-də göstərilmiş tədbirlərin həyata keçirilməsinə və Saziş 2-də göstərilmiş Dağlıq Qarabağın yekun statusu barədə razılığa gəlməyə razılaşırlar.

Saziş 1 - Silahlı münaqişənin dayandırılması

Tərəflər razılaşırlar ki:

I. Aralarındakı mübahisələrin nizamlanması, o cümlədən bu Sazişin həyata keçirilməsi üçün silahlı qüvvələrdən istifadə etməkdən imtina etsinlər.

II. Silahlı qüvvələri iki mərhələdə geri çəksinlər:

Çoxmillətli ATƏT qüvvələrinin ön dəstəsinin hərbi nöqteyi-nəzərdən təyin olunmuş bufer zonasında ilkin yerləşdirilməsi imkanını yaratmaq, tərəfləri bu xətt boyunca aralamaq və qoşunların çıxarılmasının ikinci mərhələsi zamanı təhlükəsizliyi təmin etmək məqsədilə, birinci mərhələdə hazırkı təmas xətti boyunca Dağlıq Qarabağdan şərq və cənub istiqamətlərində yerləşən qüvvələr Yüksək Səviyyəli Planlama Qrupunun (YSPQ) tövsiyələrini nəzərə alınmaqla Əlavə 1-də verilmiş qrafik üzrə eyni əlavədə təyin olunmuş xətlərə çəkilirlər. İkinci mərhələdə qüvvələr Əlavə 1-də verilmiş qrafikə uyğun aşağıdakı qaydada çıxarılırlar:

A. Ermənistan qoşunları Ermənistan Respublikasının sərhədləri daxilinə çəkilirlər.

B. Dağlıq Qarabağ qoşunları (VIII və IX bəndlərdəki istisnalarla) Dağlıq Qarabağ Muxtar Vilayətinin 1988-ci ilin hüdudları daxilinə çıxarılır.

C. Azərbaycan qoşunları YSPQ tövsiyələri əsasında Əlavə 1-də razılaşdırılmış xətlərdən kənara çıxarılır.

D. Ağır silahlar ATƏT-in sülhün qorunması üzrə əməliyyat bölmələrinin nəzarəti altında Əlavə 1-də ifadə edilmiş şəffaflıq və cavabdehlik tələblərinə riayət etməklə YSPQ tövsiyələri əsasında bu əlavədə göstərilmiş yerlərə aparılır.

E. Qoşunlar çıxarıldıqdan sonra bufer zonası Əlavə 1-də göstərildiyi kimi Dağlıq Qarabağ Muxtar Vilayətinin 1988-ci ilin hüdudları və Ermənistan-Azərbaycan sərhədlərinin şimal hissəsi boyunca yerləşdiriləcək.

III. Qoşunların çıxarılması nəticəsində azad olunmuş ərazilər ayırıcı zona təşkil edir, bu ayırıcı zonada sülhün qorunması üzrə ATƏT qüvvələri Daimi Müştərək Komissiya ilə birgə təhlükəsizliyə nəzarət edəcəklər. Tərəflərdən heç birinə bu zonaya qoşunlarını daxil etməyə icazə verilməyəcək, bu, yalnız sərhəd xidməti, mina təmizləyən və mülki polis bölmələrini nəzərdə tutan Əlavə 2-nin həyata keçirilməsi üçün sülhün qorunması üzrə ATƏT qüvvələri və Daimi Müştərək Komissiyanın icazəsi ilə mümkün olacaq. Tərəflər ayırıcı zonada və bufer zonasında bütün hərbi uçuşlardan imtina etməyə razılaşırlar.

IV. Daimi Müştərək Komissiya ilə birgə təhlükəsizliyi təmin etmək məqsədilə sülhün qorunması üzrə çoxmillətli ATƏT qüvvələrinin bufer zonasında yerləşməsində yardım etsinlər. Sülhün qorunması üzrə ATƏT qüvvələri ATƏT tərəfindən seçilmiş qüvvələrdən ibarət olacaq, onların mandatı BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə müəyyən olunacaq və ATƏT-in fəaliyyətdə olan sədrinin tövsiyəsi əsasında yeniləşdiriləcək.

V. Ayırıcı zonada məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıdışını həyata keçirsinlər. Sülhün qorunması üzrə ATƏT qüvvələri Daimi Müştərək Komissiya ilə birgə qayıdan əhalinin təhlükəsizliyinə nəzarət edəcək, bu zonada demilitarizasiya rejiminə əməl olunması barədə bütün Tərəfləri əmin edəcəklər.

VI. Qüvvələrin çıxarılması ilə eyni zamanda yolların, dəmir yolların, elektrik və kommunikasiya xətlərinin, ticarət və digər münasibətlərin açılması məqsədilə tədbirlər həyata keçiriləcək. Tərəflər hamının, o cümlədən etnik azlıqların bu kommunikasiya xətlərindən istifadə etməsinə zəmanət verirlər. Etnik azlıqlara həmçinin bölgənin digər yerlərində yaşayan öz etnik qrupları ilə əlaqə yaratmaq imkanına zəmanət verilir. Hər bir Tərəf bütün blokadaların götürülməsini və maneəsiz bütün digər tərəflərə yüklərin və sərnişinlərin daşınmasını təmin etməyi öhdəsinə götürür. Ermənistan və Azərbaycan öz aralarında sərbəst və təhlükəsiz dəmir yol əlaqəsinə, xüsusən də Bakı-Horadiz-Meqri-Ordubad- Naxçıvan-Yerevan xəttinə zəmanət verirlər.

VII. Münaqişə nəticəsində saxlanılmış bütün şəxslərin qaytarılması, itkin düşmüş şəxslərin aqibətinin araşdırılması və bütün cəsədlərin repatriasiyası üçün Beynəlxalq Qırmızı Xaç Komitəsi, Qaçqın məsələləri üzrə BMT Ali Komissarı və digər humanitar təşkilatlar ilə əməkdaşlıq etsinlər.

VIII. Laçın dəhlizinə aid aşağıdakı tədbirlərə dair:

A. Azərbaycan dəhlizi ATƏT-in icarəsinə verir, ATƏT öz növbəsində dəhlizin Dağlıq Qarabağ hökumətinin müstəsna istifadəsinə verilməsi haqqında müqavilə bağlayacaq (E bəndində göstərilmiş tranzitlə bağlı istisnalar nəzərə alınmaqla).

B. ATƏT Dağlıq Qarabağ hökuməti ilə birlikdə təhlükəsizliyə nəzarət edir.

C. Laçın dəhlizinin hüdudları Yüksək Səviyyəli Planlama Qrupunun tövsiyələrini nəzərə almaqla, Əlavə 2-də razılaşdırılıb.

D. ATƏT Laçın şəhərinin yanından ötən yolun inşasına nəzarət edir. Yolun inşası bitdikdən sonra Laçın şəhəri Laçın dəhlizindən ayrılır. Laçın şəhəri ayırıcı zonanın tərkibində Azərbaycanın nəzarətinə qaytarılır, əvvəlki sakinlərinə qayıtmaq imkanı verilir.

E. İcazə verilmiş təhlükəsizlik qüvvələrindən savayı, dəhlizdə daimi məskunlaşmaya və ya silahlı qüvvələrin yerləşdirilməsinə icazə verilmir. ATƏT-in sülhün qorunması missiyasının üzvləri və müşahidəçiləri kimi rəsmi şəxslər xəbərdarlıq edərək istənilən istiqamətdə hərəkət etmək hüququna malikdir, həmçinin Laçın rayonundan Qubadlı rayonu və əks istiqamətlərdə hərəkət edən bölgənin azərbaycanlı sakinlərinin də buna hüququ var. Dəhlizdən kənarda yerləşən Laçın rayonun ərazisi ayırıcı zonanın tərkibindədir.

IX. Şuşa şəhəri və Şaumyan rayonuna aid aşağıdakı tədbirlərə dair:

A. Azsaylı xidmət heyəti olan Hava Hücumundan Müdafiə bölmələri istisna olmaqla, Tərəflər hər iki bölgədən öz silahlı bölmələrini çıxarırlar.

B. Yerli hakimiyyət orqanları ATƏT-in demokratik təsisatlar və insan hüquqları üzrə Bürosunun müşahidəçilərinin yerləşdirilməsinə yardım göstərirlər.

C. Məcburi köçkünlər öz əvvəlki yaşayış yerlərinə qayıda bilərlər. Onların təhlükəsizliyini yerli hakimiyyət orqanları təmin edəcək.

D. Qayıdan sakinlər siyasi partiyaların yaradılma hüququ da daxil olmaqla, bütün vətəndaş hüquqlarından istifadə edirlər. Onlar müvafiq olaraq Bakı və Stepanakert parlamentlərində və seçkili şuralarında, bu yerlərin əhalisinin faiz nisbətinə uyğun olaraq polis və təhlükəsizlik qüvvələrində təmsil olunacaqlar.

E. Daimi Müştərək Komissiya bu yerlərdə beynəlxalq yardımın ədalətlə və hər iki əhali qrupunun xeyrinə paylanmasını koordinasiya edir.

F. Şuşa şəhərinin və Şaumyan rayonun sakinlərinin Azərbaycanın və Dağlıq Qarabağın digər bölgələri ilə yol, rabitə və digər əlaqəsi olacaq.

X. Azərbaycan və Dağlıq Qarabağa aid olan problemlərə dair bu Sazişin müddəalarının yerinə yetirilməsinə müşahidə üzrə Daimi Müştərək Komissiyanı (DMK) təsis etsinlər. DMK-nın üç həmsədri var: biri - azərbaycanlı, digəri – Dağlıq Qarabağdan və üçüncüsü – ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi. Azərbaycanlı və Dağlıq Qarabağlı həmsədrlərin əsas vəzifəsi Sazişin icra edilməsindən ibarətdir;

ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsinin əsas vəzifəsi vasitəçilik, fikir ayrılığı hallarında isə arbitrajdan ibarətdir. DMK-nın hərbi, iqtisadi, humanitar və mədəni yardımçı komissiyaları var. DMK və onun yardımçı komissiyalarının fəaliyyətləri Əlavə 2-də şərh edilib.

XI. Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında tam diplomatik münasibətlər yaradılsın.

XII. Bir həmsədri Ermənistan Respublikasından, digəri Azərbaycan Respublikasından olan Ermənistan-Azərbaycan İkitərəfli Komissiyası (EAİK) yaratsınlar. ATƏT-in fəaliyyətdə olan sədri bu Komissiyada təmsil olunur. EAİK sərhədyanı insidentlərin qarşısının alınmasına yardım göstərir, hər iki tərəfin sərhəd qoşunları və digər müvafiq təhlükəsizlik qüvvələri arasında əlaqə yaradır və yolların, dəmir yollarının, rabitənin, boru kəmərlərinin, ticarət və digər əlaqələrin açılması tədbirlərinə nəzarət edir.

XIII. BMT Təhlükəsizlik Şurası bu Sazişin zaminidir.

XIV. Bu Saziş ATƏT-in Minsk Konfransında hərtərəfli nizamlama haqqında saziş imzalanana qədər qüvvədə qalacaq. Əldə ediləcək Saziş bu Sazişdə nəzərdə tutulan vasitələri daimi təhlükəsizlik və sülhün qorunması mexanizmləri ilə əvəzləyəcək.

Əlavə 1
Qoşunların çıxarılması və məcburi köçkünlərin qayıdışının həyata keçirilməsi: coğrafi parametrlər, qrafiklər və təhlükəsizlik aspektləri.

Əlavə 2
Müvəqqəti təhlükəsizlik tədbirləri: komissiyaların mandatı, müşahidə və təhlükəsizlik rejiminin parametrləri.

Saziş 2 - Status

Preambula:
Dağlıq Qarabağın statusu və onun əsas etnik və mədəni xüsusiyyətinin saxlanılması beynəlxalq toplumun, o cümlədən Ermənistan Respublikasının marağındadır. Dağlıq Qarabağın statusunu nə Azərbaycan Respublikası, nə də Dağlıq Qarabağ hakimiyyəti birtərəfli surətdə müəyyən edə bilməz. Status aşağıdakı parametrlərə əsasən təyin olunur:

I. Münaqişə aparan bütün Tərəflər Azərbaycan və Ermənistanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyırlar.

II. Dağlıq Qarabağ Azərbaycan tərkibində dövlət və ərazi qurumudur, onun öz müqəddəratını müəyyən etməsinə Azərbaycan Respublikası və Dağlıq Qarabağ hakimiyyəti arasında bağlanacaq sazişdə rəsmiləşəcək, Minsk Konfransında təsdiqlənəcək və Azərbaycan və Dağlıq Qarabağ Konstitusiyalarına inkorporasiya ediləcək aşağıda sadalanan hüquq və imtiyazlar daxildir.

III. Dağlıq Qarabağ və Naxçıvanın Ermənistan və Azərbaycanla sərbəst və maneəsiz nəqliyyat və rabitə əlaqələrinə hüquqları olacaq.

IV. Dağlıq Qarabağın inzibati sərhədləri keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədlərinə əsasən təyin edilir.

V. Dağlıq Qarabağın referendumda Dağlıq Qarabağ sakinləri tərəfindən qəbul edilmiş öz konstitusiyası olacaq. Bu sənəd əsasında Dağlıq Qarabağ hakimiyyəti ilə Azərbaycan arasında öz müqəddəratını həll etmə forması haqqında bağlanacaq rəsmi saziş bu Konstitusiyaya inkorporasiya ediləcək. Azərbaycan müvafiq qaydada bu sazişlərin inkorporasiyası üçün öz Konstitusiyasına dəyişikliklər edəcək. Dağlıq Qarabağın öz bayrağı, gerbi və himni olacaq.

VI. Dağlıq Qarabağ ərazisində Dağlıq Qarabağın Konstitusiyası və qanunları qüvvədədir. Azərbaycanın qanunları, qaydaları və icra qərarları Dağlıq Qarabağın Konstitusiyası və qanunlarına zidd olmadığı halda, Dağlıq Qarabağ ərazisində qüvvədədirlər.

VII. Dağlıq Qarabağ sərbəst şəkildə öz qanunverici, icraedici və məhkəmə orqanlarını yaradır.

VIII. Dağlıq Qarabağ sakinləri Azərbaycan parlamentinə deputatları seçmək və Azərbaycan prezidenti seçkilərində iştirak etmək hüququna malikdir.

IX. Dağlıq Qarabağ iqtisadiyyat, elm, mədəniyyət, idman və humanitar sahələrdə xarici dövlətlər və beynəlxalq təşkilatlarla xaricdə müvafiq nümayəndələri olmaqla birbaşa xarici əlaqələr yaratmaq hüququna malik olacaq. Dağlıq Qarabağın siyasi partiyaları və ictimai təşkilatları xarici ölkələrin siyasi partiyaları və ictimai təşkilatları ilə əlaqə yaratmaq hüququna malik olacaqlar.

X. Dağlıq Qarabağ vətəndaşları xüsusi "Dağlıq Qarabağ" möhürlü Azərbaycan pasportuna malik olacaqlar. Dağlıq Qarabağ vətəndaşları Ermənistan qanunlarına əsasən xarici vətəndaş sayılmayacaqlar, istənilən zaman Ermənistana emiqrasiya edə bilərlər, Ermənistan Respublikasına daimi emiqrasiya etmiş vətəndaşlar Ermənistan vətəndaşlığını qəbul edə bilərlər.

XI. Dağlıq Qarabağ sərbəst valyuta dövriyyəli sərbəst iqtisadi bölgə olacaq.

XII. Dağlıq Qarabağ milli qvardiyaya və polis qüvvələrinə malik olacaq. Dağlıq Qarabağ vətəndaşları Dağlıq Qarabağ ərazisində hərbi qulluq keçmək hüququna malik olacaqlar.

XIII. Dağlıq Qarabağ hökumətinin icazəsi olmadan Azərbaycan ordusunun, təhlükəsizlik qüvvələrinin və polisinin Dağlıq Qarabağ ərazisinə daxil olmaq hüququ olmayacaq.

XIV. Dağlıq Qarabağın büdcəsi öz resursları hesabına gələn vəsaitdən təşkil olunur. Dağlıq Qarabağ hökuməti Azərbaycan və xarici şəxslərin və şirkətlərin sərmayə yatırımlarını həvəsləndirib, onlara zəmanət verəcək.

XV. Dağlıq Qarabağ çoxetnikli xüsusiyyətə malikdir: hər bir vətəndaş bütün rəsmi və qeyrirəsmi hallarda öz milli dilindən istifadə etmək hüququna malikdir.

XVI. BMT Təhlükəsizlik Şurası bu Sazişin zaminidir. Dağlıq Qarabağ münaqişəsi üçün etimadın gücləndirilməsinə dair tədbirlər Münaqişəni sülh yolu ilə nizamlamaq niyyətində olduqlarını nümayiş etmək məqsədilə Tərəflər hər hansı digər sazişi gözləmədən etimadın və təhlükəsizliyin gücləndirilməsinə dair aşağıdakı tədbirlərdən hər hansı birini və ya hamısını yerinə yetirə bilərlər:

A. Azərbaycan və Ermənistan İcevan-Qazax sektorunda sərhəd boyunca atəşkəs rejimini dərhal bərpa etmək öhdəçiliyini öz üzərilərinə götürə bilərlər. 1992-ci ildə tətbiq edilən bu rejimə qaynar telefon xətti və birgə sərhəd patrulu daxil idi;

B. Tərəflər Dağlıq Qarabağla əlaqəli, məsələn Ermənistan-Azərbaycan sərhədinin İcevan-Qazax sektoru boyunca əlavə müşahidənin aparılması üçün ATƏT-in fəaliyyətdə olan sədrinin müşahidə missiyasının artırılması haqqında razılığa gələ bilərlər;

C. Humanitar ehtiyacların (istər azərbaycanlı məcburi köçkünlərin, istərsə də Dağlıq Qarabağ daxilində) qiymətləndirilməsi məqsədilə Qaçqınlar üzrə BMT Ali Komissarı və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) köməyi ilə dialoqun aparılması. Bu, həm BMT Ali Komissarı, həm də BQXK-nin razılığı ilə həyata keçirilə bilər;

D. Dağlıq Qarabağ bölgəsində həm ermənilər, həm də azərbaycanlılar üçün açıq olan həftəlik və ya gündəlik bazarların açılması. Bunu həyata keçirmək üçün sərhəd keçid məntəqələrinin yaradılması, bazar meydanlarına aparan yolların açılması və minadan təmizlənməsi və tranzit rejimlərinə və ticarət qaydalarına dair razılaşma tələb olunur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG