Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 16:19

Qafqazda dondurulmamış münaqişə


Dağlıq Qarabağda, Ağdərə istiqamətində döyüşlər.
Dağlıq Qarabağda, Ağdərə istiqamətində döyüşlər.

-

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində son günlərin hərbi əməliyyatları dünyanın aparıcı media orqanlarının, beyin mərkəzlərinin gündəmini zəbt etməkdədir.

«The Wall Street Journal» qəzetinin Avropa nəşri «Qafqazda dondurulmamış münaqişə» başlıqlı redaksiya məqaləsində yazır ki, Ermənistan-Azərbaycan münaqişəsinin buzu əriməyə başlayıb, ancaq yaxşı istiqamətə deyil. Ötən şənbədən baş verən toqquşmalarda, azı, 35 nəfər həlak olub. «Sabitsizliyin bərpası Rusiyanın Cənubi Qafqazda imperiya qəsdi üçün bir tapıntıdır», - məqalədə oxuyuruq.

«Azərbaycanın dünyəvi, lakin avtoritar hökuməti Moskvanın dominantlıq etdiyi regionda qərbyönlü müstəqil dövlət kimi duruş gətirməyə çalışıb. NATO ilə əməkdaşlıq edib, Əfqanıstana hava dəhlizi verib. Qonşusu Ermənistan isə əks yolla gedib, Vladimir Putin-in Avrasiya İqtisadi Birliyinə qoşulub».

«Beynəlxalq müşahidəçilərin yoxluğu üzündən atışmanı kimin başladığını demək çətindir. Ancaq bundan kimin faydalandığını asanlıqla görmək olar. Cənab Putin bilir ki, münaqişə Azərbaycanı və Ermənistanı zəiflədir, hər ikisini silah təchizatçısı və vasitəçi kimi Moskvadan asılı edir... Bu halda Moskva hərbi təsirə malik əsas kənar güc olacaq, Xəzər neftinin regionda axınına da nəzarət edəcək».

«Qafqazda uzaq bir etnik münaqişənin həlli normal halda Qərbin üzərinə düşmür. Ancaq Birləşmiş Ştatlar Putin-in regionda dominantlığını yaymasını əngəlləməkdə maraqlıdır. Amerika diplomatlarının əlinə bir fürsət keçib – sabitlik yaradacaq və Rusiyanın nüfuzunu azaldacaq ədalətli bir həll variantına vasitəçilik etməlidirlər».

TOQQUŞMALAR DAHA BÖYÜK MÜNAQİŞƏYƏ ÇEVRİLƏ BİLƏRMİ?

Bu suala «Stratfor» Araşdırmalar Mərkəzi cavab tapmağa çalışır. «Azərbaycan güc yoluyla daha çox ərazisini geri almağa, Ermənistanı güzəştlərə getməyə məcbur etməyə çalışır. Ancaq Ermənistan və müttəfiqi Rusiya Azərbaycanın irəliləməsinə imkan verməyə bilər», - təhlildə vurğulanır.

«Digər regional dövlətlər, əsasən də Rusiya, İran və Türkiyə atəşkəs yoluyla atışmanı səngitməyə çalışa bilər. Ancaq onların öz aralarındakı rəqabəti işi qəlizləşdirir. Azərbaycan Dağlıq Qarabağ üzrə mübarizənin müharibəyə çevrilməməsi üçün diplomatik səylərə start verib. Nə qədər uğurlu olacağını zaman göstərəcək», - yazan «Stratfor» indiyədək dərc etdiyi təhlillərin qısa icmalına nəzər salır. Məsələn, bu ilin aprelində mərkəz yazırdı ki, «son bir ildə toqquşmalar intensivləşib. Bakı daha çox ərazisini geri qaytarmaqdan ötrü hərbi və diplomatik səylər göstərir. Onlar Ermənistanı güzəştə məcbur etmək, mübahisəli status-kvonu dəyişmək istəyirlər».

Bu ilin martında dərc olunan təhlildə Rusiyanın regiondakı rolunun dəyişdiyi, regionda Türkiyə və Qərbin getdikcə Moskvaya daha artıq meydan oxuduğu qeyd edilirdi. Fevralda isə «Stratfor» sərhəddə baş verən ara-sıra toqquşmaların gözardı olunmamasına çağırırdı.

MÜNAQİŞƏNİ CİLOVLAMAĞA ÇALIŞIRLAR

«Qlobal güclər indiyədək gözardı olunmuş Ermənistan-Azərbaycan münaqişəsini cilovlamağa çalışırlar». Bunu isə Londondan yerləşən «Chatam House» təşkilatından Laurence Broers yazır.

Müəllifin fikrincə, ilkin döyüş planının mahiyyətindən asılı olmayaraq, hər iki tərəfin verdiyi ağır itkilər artıq nəzarətin itdiyini göstərir. Təmas xəttində gərginliyin idarə olunması anlayışı da puça çıxdı. Tərəflər ağır artilleriyadan, «Qrad» raketlərindən istifadəyə başlayıb.

«Bu, ATƏT-in altı silahlı atəşkəs nəzarətçisinin də yetərli olmadığını üzə çıxardı. Bu gün beynəlxalq vasitəçilik işinin ən böyük zəifliyi etibarlı atəşkəsə dəstək infrastrukturu yarada bilməməsidir».

«Bu, üçüncü tərəflərin yaratdığı müharibə deyil. Azərbaycan, doğrudan da, şənbə hücumunu başladıbsa, hələ istədiyi nəticəni əldə edəcəyi bilinmir. Beynəlxalq ictimaiyyət atəşkəsi təmin edə bilmədi. Regionda sülhməramlı qüvvə saxlamaqdan ötrü təkcə Rusiya burada hərbi iştiraka və uyğun gücə malikdir. Siyasi təhlilçilər aylardır Rusiyanın belə bir ideyaya malik olması xəbəri üzərində baş sındırırlar. Bu, əslində, Azərbaycanı özünün radiusuna salmaq, məsələn, Avrasiya İqtisadi Birliyinə istiqamətləndirməkdir. Dağlıq Qarabağda son zorakılıqlar da yalnız Rusiyanın əlini gücləndirir».

XS
SM
MD
LG