Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 22:57

W.Faulkner: Mən necə yazıçı oldum?


William Faulkner
William Faulkner

-

William Faulkner'in 1956-cı ildə Nyu Yorkda "The Paris Review" dərgisinə verdiyi müsahibədən bir parça:

Paris Review:

-Yaxşı romançı olmaq üçün hər hansı düstur varmı?

Faulkner:

- Doxsan doqquz faiz istedad - doxsan doqquz faiz çalışmaq. Yazıçı heç vaxt yazdığına qane olmamalıdır. Daim "yetərincə yaxşı yazmıram" düşünməlidir.

Rəqiblərindən, əcdadlarından daha yaxşını yazmaqdan ötrü narahat olmamalıdır, özü özündən yaxşı olmaq üçün narahat olmalıdır.

- Yazıçı üçün ən yaxşı mühit nə olardı?

- ART elə bir şeydir ki, hər şeyə, mühit məsələsinə də biganədir. Məni soruşsan, mənə indiyəcən təklif olunan ən yaxşı iş bordel sahibliyidir. Budur yazıçı üçün ən yaxşı mühit. Ona maddi azadlıq verir, qorxulardan, aclıqdan uzaq olur, başının üstündə damı olur, işi-gücü ayda bir dəfə polisə gedib ödəmə etməkdir. Səhərlər sakitlik olur, bu da ki, günün yazmaq üçün ən yaxşı vaxtıdır. Axşamlarsa yetərincə sosial həyat… Bu evdə yaşayan tək kişi və tək yazıçı olduğundan hamı yazıçıya “cənab” deyir, polis də həmçinin.

Yazıçının ehiyacı olan mühit sakitlik, əmin-amanlıq və təklikdir. Hər hansı başqa mühitdə onun təzyiqi qalxacaq, günü kədər içində keçəcək. Şəxsən mənim işim üçün lazım olan şeylər kağızdır, tütündür, tənbəkidir, yeməkdir və balaca bir viskidir.

- Yazıçının maddi müstəqilliyə çoxmu ehtiyacı var?

- Yazıçıya qələm və kağız lazımdır. Yaxşı yazıçı fondlara müraciət etməz. Vaxtı və maddi müstəqilliyi bəhanə edənlər birinci növ yazıçı deyillər. Yaxşı Art oğrular, quldurlar, atqaçıranlar arasından da çıxa bilər. Yaxşı yazıçıya heç nə mane ola bilməz.

- Yazdıqlarınızın nə qədəri öz yaşadıqlarınızdır?

- Demək çətindir, heç vaxt hesablamamışam. Çünki “nə qədər” vacib deyil. Yazıçıya üç şey gərəkdir, təcrübə, müşahidə və təxəyyül – bəzən bunlardan ikisi, bəzən də biri o birilərin yerini doldura bilər.

Mən adətən hər hansı hekayəyə bir ideyayla, yaxud xatirəylə, yaxud da fikri bir mənzərəylə başlayıram…

- Bəziləri deyirlər ki, sizin yazdıqlarınızı iki-üç dəfə oxusalar da, başa düşmürlər. Onlara necə bir yanaşma təklif edərdiniz?

- Dörd dəfə oxusunlar.

- Dediniz, təcrübə, müşahidə və təxəyyül yazıçı üçün vacib cəhətlərdir. Bəs ilham?

- Mən ilham nədir bilmirəm, eştmişəım, amma heç vaxt görməmişəm.

- Deyirlər, siz bir yazıçı kimi zorakılıq mövzusunun əsirisiz.

- Bu, ona oxşayır ki, dülgərin çəkicdən asılı olduğunu deyəsən. Bizim işimizdə zorakılıq dülgər aləti kimi bir alətdir.

- Yazıçılığa necə başlamısınız?

- Deməli, Nyu Orleanda yaşayırdım, yaşamaq üçün pul qazanmalıydım, harda gəldi işləyirdim.

Sherwood Anderson
Sherwood Anderson

Yazıçı Sherwood Anderson ilə tanış oldum. Biz günorta şəhəri dolaşdıq və insanlarla söhbət etdik. Axşam bir-iki şüşə içdik, söhbət etdik. Növbəti günlər də görüşüb vaxtımızı belə keçirdik. Onda öz-özümə dedim, əgər yazıçı həyatı budursa, bu elə mənə görədir.

Beləliklə, birinci kitabımı yazmağa başladım. Əvvəl yazmaq mənə əyləncə kimi gəldi. Yazdım, yazdım, üç həftə cənab Andersonu itirib axtarmadım, sonra o, mənim qapıma gəldi, dedi, məndən incimisən? Dedim, yox, kitab yazıram, başım qarışıb. “İlahi!” - o dedi və çıxıb getdi.

Mən kitabı qurtaranda (bu, “Soldier’s Pay” kitabım idi) küçədə xanım Andersona rast gəldim, o soruşdu ki, kitab necə gedir, dedim, artıq qurtarmışam. Dedi: “Cənab Sherwood səni öz naşirinə tapşıracaq, yalandan deyəcək ki, kitabını oxuyub, amma xahiş edir ki, əlyazmanı ona oxutmayasan.” Mən dedim, danışdıq. Beləcə, yazıçı oldum.

- Bəs ondan əvvəl pul qazanmaq üçün harada işləyirdiniz ki?

- Harda gəldi. Hər şeydən biraz başım çıxırdı – qayıq sürmək, ev rəngləmək, təyyarə sürmək. Çox pula ehtiyacım olmurdu, Nyu Orlean o zaman çox ucuzlu yeridi, istədiyim yalnız yatmağa bir yer, bir qarın yemək, tütün və araq idi. İki-üç gün işləyirdim, bir ay o pulla yaşayırdım.

Xasiyyətcə avarayam. Mənim fikrimcə, yer üzündə bu qədər iş yerinin olması rüsvayçılıqdır. Ən kədərli şeylərdən biri budur ki, adam hər gün, hər gün səkkiz saat işləməlidir. Gündə səkkiz saat yeyə, içə, sevişə bilməzsən, ancaq səkkiz saat işləməlisən. Bu, adamın özünü də, başqalarını da bədbəxt edir.

- Dediniz Sherwood Anderson, bəs ona yazıçı kimi münasibətiniz necədir?

- O, Amerika ədəbiyyatında mənim nəslimin atası olub, onun ənənəsini bizim də ardıcıllarımız davam etdirəcəklər. O, heç vaxt həqiqi qiymətini almadı. Drayzer onun böyük qardaşı, Mark Tven isə onların hər ikisinin atasıdır.

- Eyni dövr Avropa ədəbiyyatı haqda nə deyə bilərsiz?

- Mənim dövrümdə Avropada iki böyük yazıçı vardı: Thomas Mann və James Joyce. Adam “Ulysses” romanına savadsız Baptist vaizinin Əhdi Ətiqə yanaşdığı kimi yanaşmalıdır: inamla.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG