Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:24

Aleksandr Qrin. Üçüncü mərtəbə (hekayə)


Alexander Grin
Alexander Grin

-

"Aha, axı onu götürəndə yaralı qolundan yapışıb qaldıracaqlar. Onda o da, dəli kimi qorxunc bir fəryad qoparmayacaqmı?"

Aleksandr QRİN

ÜÇÜNCÜ MƏRTƏBƏ

Rus dilindən Araz Gündüz çevirib

I

Küçəyə, yaz günəşinin ağacların yarpaqlarından süzülüb gələn yaşılımtıl kölgəsi düşmüşdü və belə gözəl bir gündə, köhnə daş evin üçüncü mərtəbəsində üç nəfər gözlənilməz və zorakı bir ölümlə dünyadan köçməyə hazırlaşırdılar.

Yazın gözəlliyi onları duyğulandırmırdı, onlar indi hətta ayıqlıqdamı, yoxsa yuxudamı olduqlarını da yaxşı ayırd eləyə bilmirdilər. Onların hər birinin diqqəti iti bir ağrıya çevrilərək öz silahlarına və aşağıya, daş döşənmiş, günəş işığına boyanmış səkiyə yönəlmişdi.

Adi vaxt olsaydı, sözsüz, vağzaldan bazaradək uzanan küçənin qorxunc və boğucu bir susqunluğa dalması onları heyrətləndirərdi, axı belə şey yalnız yuxuda olur...

Küçədə nə adamlar, nə də itlər gözə dəyirdi. Yan-yörədəki, pəncərələri gözüqırpıqcasına kip bağlanmış evlər özünə qapanmış, biri-birinə yad olan adamları andırırdı. Laldinməz ağaclar kölgələrinə qısılıb dayanmışdılar. Yolların tozu tərpənmir, hava yuxuya dalıbmış kimi tərpənməz görünürdü.

Onlar biraz diqqət yetirsəydilər, küçənin bu səssiz boşluğunun köhnə daş evə çatana kimi uzandığını və burada hər iki tərəfdən, elə bil bir xətkeşlə çəkilmiş iki düz xəttin arasında qırıldığını da görə bilərdilər, evin qarşısından keçən günəş işığında parıldayan daş döşənmiş yolun üzərində qaynaşan, görkəmindən zəhm yağan qırmızı paqonlu ağ əsgər köynəkləri bu səssizliyi evə çatan yerdən başlayaraq pozurdular, evin divarı boyunca daldalanıb yerlə sürünən əsgərlərin ara vermədən atdığı güllələr boğunuq bir əks-sədaya çevrilib ətrafa yayılırdı.

Ancaq bu üç adam bunlar barədə düşünmürdülər. Onlara elə gəlirdi, hər şey elə belə də olmalıdır, başqa cür ola da bilməzdi. Onlara atılan hər bir güllə külək vıyıltısı kimi qulaqlarına çırpılırdı və elə bil, bütün dünya səsini toplayıb qışqırır, onların qulaqlarını batırmaq istəyirdi.

Onlar belə bir qorxunu heç vaxt yaşamamışdılar. Keçmişlərdə ölüm haqqında düşünəndə qımışar, möhkəm və gümrah bədənlərini fırladıb yan-yörəyə baxar, qəhqəhə ilə gülüb deyərdilər:

“Eh! Adam vur-tut bir dəfə ölür!” Yaxud da: “Ölümdən qaça bilməzsən!” Ya da: “İnsan bir gün ölməlidir də!”

Belə desələr də, ancaq özləri də öz dediklərinə inanmırdılar. İndi artıq ölümün nə demək olduğunu bilirdilər və bu bilik onlara həyatları bahasına başa gəlmişdi. Daldalandıqları otaq həyatın davam elədiyindən soraq verirdi.

Yan-yörədə olan nə vardısa hamısı yaşamaq üçün idi: üstünə örtük çəkilmiş stol, onun üstündəki günəş şüalarının bərq vurduğu bulaşıq qab-qaşıq; divardan asılmış balaca və solğun şəkillər, rahat mebel. Onların həyatı isə qarşısıalınmaz bir şəkildə bu boş otaqdan çıxıb getməkdə idi.

Ayaq altında düşüb qalmış portsiqar, ayaqlanıb əzilmiş siqaretlər, pəncərədən qırılıb yerə düşmüş əzik-üzük pərdə görünürdü. Dörd bir yanda isə, çox, olduqca çox mis patron gilizləri tökülüb qalmışdı. Onlar xalçanın, stulların üstünə, evin hər yerinə dağılmışdılar.

Necə?–Baron acıqlandı.–Mən ağlayıram? Qəribə adamsınız ha!..

Ayaq altına tökülmüş pəncərə şüşələri ayaqqabılarının altında xırçıldayır, yeridikcə dış qıcırtısını andıran bir küy qalxırdı. Pəncərə şüşələrində seyrək dişlərə bənzəyən şüşə qırqları dururdu. Sındırılmış şüşələrdən qalan ancaq bunlar idi. İçəri dolan tüstü duman kimi otağı bürümüş və qorxunc bir yavaşgəlliklə pəncərədən sürünüb bayıra süzülürdü, onun boğucu, dadsız bir qoxusu vardı. Atılan güllələrin səsi kəsilmək bilmirdi: taraq-tak-taraq!..

Başını qaldırıb bayıra baxmaq qorxulu idi. Hər an güllələrin şaqqıltısı eşidilir, ovulan kərpiclər ətrafa qırmızı toz buxarı saçırdılar. Orada, aşağıda çox az danışırdılar, deyəsən bərk acıqlıdırlar.

Aradabir oradan kiminsə qısa və acıqlı qışqırığı gəlir; biraz səssizlik yaranır və çox keçmədən atılan güllələrin “taqqa-taraq” səsləri yenidən ətrafı bürüyürdü. Otağın divarına və tavanına dəyən hər bir güllədən sonra bir anlığına, ortaya amansız bir sükut çökürdü. Bu elə darıxdırıcı bir sükut idi, deyirdin, onun qurtarması yüz il çəkəcək.

II

Üçüncü mərtəbədəki bu otağa sığınan adamlar biri-birini tanımırdılar. Hökumətin silahlı qüvvələrinin izlədiyi bu adamlar təsadüfən, üçü də ortaq tanışları olan bir adamın evində daldalanmaq üçün buraya qaçıb gəlmiş, qapı və pəncərələri bağlayıb bu otağa sığınmışdılar; öncə, biri-birini inamsızlıq duyulan bir qorxu ilə süzmüş, sonra düşdükləri vəziyyətə bərkdən lənət oxumuş, daha sonra isə onları mühasirəyə alan əsgərlərlə atışmağa başlamışdılar.

Bu atışmanın anlamsız olduğunu, onsuz da birazdan ölməli olacaqlarını, ətrafdakı bütün yolları polisin bağladığını anlayırdılar, bu çıxılmazlıq bir müddət sonra onların ruhunda gücsüzlük doğuran və etirazla yoğrulan bir dəhşətə çevrilib çalxalanmağa başlamışdı.

Ancaq labüd sonluğu lal bir itaətkarlıqla gözləməkdənsə, vurnuxmağı, çalışıb-çabalamağı və dirənməyi daha yaxşı saydıqları üçün onları mühasirəyə alan əsgərlərlə atışmağa başlamışdılar.

Onların iki uzaqvuran ovçu karabinləri vardı, dəməşq poladından tökülmüş içi buruqlu lüləsi çöldən incə naxışlarla bəzənmiş bu tüfənglərlə atışırdılar. Bu karabinlər haçansa divardan, başqa silahların yanından asılıb qalar, qorxusuz və şən keçən ovlardan qalan xatirələri yaşadardılar. Üçüncü adam isə əlindəki revolverdən qarasına güllə atmaqla döyüşürdü və birazdan körpücük sümüyündən yaralanıb döyüşdən uzaqlaşmış, sakitcə döşəməyə yıxılıb qalmışdı.

O, səsizcə uzanıb çəkdiyi sıxıntıdan üzülür və qışqırmamaq üçün yaralı qolunu tərpətməkdən qorxurdu. Uzandığı yerdən, gipsdən tökmə dekorlarla bəzənmiş tavanı, bir də yoldaşlarının ayaqlarını görür, baş verə biləcək möcüzə haqqında düşünürdü.

O biri iki nəfər bir pəncərədən o birinə qaçaraq, karabinlərdən əsgərlərə atəş açır, pəncərə artırmalarının altında gizlənirdilər. Bu, bütün kəskinliyi ilə davam eləyən atəşlərinin nə isə eləyə biləcəyi inamsızlıq doğursa da, onlar hədəfdən yayınmırdılar, hər belə atəşdən sonra, yuxarıdan baxanda çox balaca görünən bu qırmızı paqonlu ağ köynəkli əsəgərlərdən biri yerində qıvrılır, çabalayır, sonra əlindəki tüfəngin süngüsünün yerə toxunmasından yaranan bir şaqqıltının müşayiəti ilə yıxılırdılar.

Yuxarıdan atəş açan iki nəfər isə hər dəfə küt sevinc oxunan baxışları ilə, gördükləri işin nəticəsinə baxmağa çalışırdılar.

Onlardan birincisinin adı “Mister” idi, bunun səbəbi onun bir müddət İngiltərədə yaşaması və oradan bu ada sakinlərinin soyuqqanlığını özünə xasiyyət eləyib gətirməsi idi.

O, orta boylu, qüssəli üzü olan qarayanız bir adam idi. İkincisi, dolu bədənli, gur saqqallı və kiçik gözləri olan adam özünü “Dağsiçanı” adı ilə tanıtmışdı, onu başqaları belə çağırdığı üçün o da, özünü belə təqdim eləmişdi. Üçüncü, yaralı adamın ayaması “Baron” idi.

Üçüncü mərtəbədən başqa bütün qalan mərtəbələrə daş sükutu hopmuşdu. Adama elə gəlirdi, bu evdə siçanlardan başqa heç bir canlı, heç bir vaxt yaşamamışdı və yaşamayacaqdı da, evin özü isə nə üçün hörüldüyü bəlli olmayan anlaşılmaz divarları ilə büsbütün qorxu və cansıxıcılıq doğururdu.

III

Atışır, həm də, həyəcan və narahatlıq içində düşünürdülər. Misterin düşüncələrində bir çaşqınlıq vardı. Baron təəxyyülünə qapılıb, onların gücü ilə ətrafında baş verənləri bir yuxu kimi qavramağa çalışırdı. Dağsiçanı bütün diqqətini toplayıb olduqca ağır düşüncələrə dalmışdı:

“Şəhərdən qıraqda, tarlaların və şosse yollarının arasında yerləşən kiçik, ağ rəngli bir evdə onun arvadı yaşayırdı. Onun üçün ən əziz və sevimli olan qadın. Bir də məzəli, həmişə gülümsəyən totuq bir qızı vardı.

Ağ rəngli kiçik ev qıvrım sarmaşıqlarla süslənmişdi. Parlaq mis qablar, səssiz gecələr. Doğrudanmı, bütün bunları daha bir də heç vaxt görməyəckdi? Bu ki dəhşətdir! Mahiyyətcə desək, bu həyatda axmaqlıq sayıla biləcək heç nə yoxdur.

Birdən aşağıya, əsgərlərin güllə atmaqda olduğu, gün işığında bunca sevimli görünən küçəyə ensə və onlara desə: “Baxın, mən təslim oluram! Mən daha üsyançı deyiləm. Mənə yazığınız gəlsin! Özümə acıdığım qədər siz də mənə acıyın! Mənim dinc həyatı görməyə gözüm yox idi, indi belə bir həyatı alqışlayıram! Bundan öncə düşünürdüm: qartaldan da cəsur olan insanların yanında olsam yaxşıdır. İndi isə deyirəm: budur, bu da mən, götürüb həbs eləyin məni! Mən qabaqlar ildırımın doğurduğu göy gurultusundan qorxardım, indi isə onu alqışlayıram!.. Ah, bilsəniz, ölmək necə ağır, necə qorxuncdur!.. Bir də siyasətə qoşulmayacağam, bütün kitabları yandıracağam, bütün əmlakımı, nəyim varsa, sizə verəcəyəm, ay əsgərlər!.. Cənab zabit, mənə yazığınız gəlsin! Məni qazamata salın, katorqaya göndərin!..”

Yox, bundan heç nə çıxmayacaqdı. Bu, əlisilahlı zirək ağköynəklilər biraz da coşacaqdılar, onun sözünü kobud qəhqəhələri ilə eşidilməz eləyəcəkdilər.

Onu güllələmək üçün divara dayayacaqdılar, onbeş–yoxsa neçə?–addım sayıb, geriyə çəkiləcəkdilər. Şərəflə ölmək varkən, onu bu gözüyaşlı, miskin durumunda öldürəcəkdilər. Demək, indi heç nəyin fərqi yoxdur? Elə isə niyə də qışqırmayaq!”

Bu anda Dağsiçanı boğuq və bezginlik duyulan bir səslə qşıqırdı:

–Yaşasın vətən! Yaşasın azadlıq!

Mister özü özü ilə danışırmış kimi dilləndi:

–Bu da tarix!.. Deyəsən, gəbərməli olacağıq.

O, özünün və düşmənin atdığı güllələrin arasında yaranan fasilələrdə tələsik və narahatlıqla düşünürdü; ölür, ancaq nə uğrunda öldüyünü özü üçün yaxşıca aydınlaşdıra bilməyib: o, mərkəzləşdirilmiş dövlət, yoxsa federativ respublika uğrunda vuruşub ölür?

İş elə gətirmişdi, bütün işlərini tələm-tələmsik görməli olmuşdu, qələbəyə inamı olmadan yaşamış, həyatın içindəki yorucu olan yaşamaq uğrunda savaşlara və vaxtının çoxunu əlindən alan siyasi təşviqat işlərinə başı qarışmış, yetərincə düşünməyə vaxt da tapa bilməmişdi.

İndi daha düşünməkdən də bir şey çıxası deyildi: yalnız ölmək qalmışdı. Sonra özünün yalnız qəzet məqalələri ilə vuruşmaq istədiyini, silaha təsadüfən sarıldığını xatırladı, ancaq indi bunun da heç bir önəmi yox idi.

Əllərinə keçəni talamışdılar. Vitrinləri sındırıb çapmışdılar, acgözlüklə, itələşərək, ələ düşən nə varsa qapmışdılar. Oradan bir neçə addım aralanandan sonra, götürdüyü şeylərin çoxunu tullamışdı, atıb getdiyi bu gözəl tüfəngləri və yaraşıqlı qılıncları nə üçün götürüb aparmaq istədiyini heç özü də anlamamışdı. İndi dişlərini qıcamaq, titrəyən barmaqlarının arasında közərən papirosu sümürmək və güllə atmaqdan başqa bir yolu qalmamışdı. Birdən Mister nədənsə soruşdu:

–Necə bilirsiniz, indi saat neçə olar?

–Saat?–Dağsiçanı çaşqınqınlıq və qorxu duyulan baxışlarla onu süzüb dedi.–Mənə elə gəlir, bunu bilməsək də olar. İndi bunun nə fərqi var?

Sonra hiddətlə qışqırdı:

–Azadlıq! Ura-a!..

Ətrafda cingiltili və işıqlı bir susqunluq vardı.

–Onlar evi mühasirəyə alırlar,–Mister köks ötürüb ded.–Çox keçməz bizi öldürərlər.

–Onlar içəri soxulmağa qorxurlar.

–Nə üçün belə düşünürsünüz?

–Ürəyimə damıb... Top gətirəcəklər və bizi siçan kimi basıb əzərək yer üzündən silib atacaqlar.

–A-a!–Baron instinktiv olaraq divara qısılıb təəcüblə dilləndi: bu anda tavana sancılan güllə gips bəzəkdən bir parça qoparmış, ikiyüz qramlıq bir gips parçası onun başının yanında yerə çırpılmışdı. Sonra dedi:

–Mən də bayaqdan düşünürəm, burada qorxusuz yerdə gizlənmişəm!..

Mister bir anlığına özünü bu, arıqlıqdan sümüyü çıxmış, ucaboy, mavi gözlü gəncin yerində təsəvvür elədi, özünü də onun kimi qana bələnmiş, yaralı vəziyyətdə yerə sərilib qalmış gördü. Baron gülümsədi, gözlərini yumub o andaca açdı. Belə olanda baxmaq asanlaşır və qorxu sovuşur. Onları xilas eləməyə tezmi gələcəklər? Şübhəsiz, heç şübhəsiz, onları dardan qurtamağa gələcəklər, ancaq kim gələcək? Bəs haçan gələcəklər? Bax, bunu heç cür anlamaq olmur.

Tarrak-ta-tak! Taak!.. Elə bil hansısa bir çəkic uçaraq mismar vurub sonra yerə düşür, tavanda, divarda dar və dərin deşiklər açırdı. Bu deşiklərə toxuna bilsən yəqin onlar isti olarlar hələ.

–Adama ağır gəlir ki...–Baron sözünü yarımçıq saxlayıb susdu.

O, yoldaşlarının ondan nəyin ağır gəldiyini soruşacaqlarını gözləyirdi, onlar isə susurdular. O biri iki nəfər onun hayında deyildilər, otaqda obaş-bubaşa sıçrayır, pəncərənin altlığında gizlənir, ara vermədən aşağıya güllə yağdırırdılar.

Aşağıdan gələn boğuq və qarmaqarışıq güllə səsləri isə getdikcə güclənirdi: “tarrak, trakk”. Deyəsən, əsgərlərin yeni dəstəsi köməyə gəlmişdi.

Yaxşı, bu mənzildə yaşayanlar hanı? Boş otaqlar olduqlarından daha böyük görünür və daha da darıxdırıcı olur. Baron düşündü: “Necə olub mənzildə yaşayanların çıxıb getdiklərini görməyib? Onlar üçlükdə: rəngləri ağarmış, duyduqları təhlükədən üzləri əyilmiş bir görkəmdə qaçıb otağa girəndə buradakı hay-küy bir andaca kəsilmiş, kimsə çox bərkdən və acı-acı ağlamağa başlamışdı, sonra isə birdən, bir göz qırpımındaca otaq boşalmışdı. Qapı çırpılmışdı, dəhlizdə nə isə yıxılıb səs eləmişdi və səssizlik çökmüşdü. Budur bax, sonacan içilməmiş sarı rəngli çay tökülmüş stəkan. İndi gəlib bizi güllələyəcəklər... Adama ağır gəlir ki...”

–...atəş aça bilmirəm,–Baron düşüncələrindən ayrılıb sözünü bitirdi.

Sonra yenidən öz düşüncələrinə daldı: “Atəş açmaq, günəşin işıq saçdığı, ilıq küləyin əsdiyi aşağıda dayanan adamları öldürmək deməkdir. Ancaq atəş açanda onlar da məni yaralaya, öldürə bilərlər, sonra da cansız bədənim yerə sərilib qalacaq. Elə isə, nə üçün atəş açım?”

Başında cəfəng düşüncələr yaranmağa başladı: “Birdən özümü ölülüyə vursam, əsgərlər içəri soxulanda nəfəsimi gizlətsəm necə olar?”

Bu anda sadəlövh uşaq sevinci Baronun başına dolub onun kefini ala buluda qaldırdı. Bax, budur möcüzəli qurtuluş!.. Onu götürüb furqona atacaqlar, sonra meydana aparcaqlar.

...Aha, axı onu götürəndə yaralı qolundan yapışıb qaldıracaqlar. Onda o da, dəli kimi qorxunc bir fəryad qoparmayacaqmı?

–Hə, lənət şeytana, elədir! Nə olursa olsun...

Bədənini bir zəiflik sarır, şüuru dumanlanır, canı istidən alışıb yanırdı. Elə bil, başına nə iləsə döyəcləyirdilər: gup! gup!

IV

–Yoldaşlar!–Dağsiçanı nazik və qırılan bir səslə dedi.–Ölüm saatı gəlib çatdı!

Baron güclə gözlərini açdı. Dağsiçanı sallağı oturub gəncə baxır, indicə özünün dediyi ağlagəlməz sözdən təsirlənib, qorxu duyulan bir tərzdə gülümsəyirdi.

–A-a..–Baron səslənir.–Hə-ə...

–Ölüm anı gəlib çatdı,–Dağsiçanı ciddiləşib sözünü təkrarladı, sonra udqunub yavaşcadan dilləndi: Topu gətirdilər.

–Aha!– Baron dəhşətli dərəcədə həyəcanlandı, yerində donub qaldı, sonra biraz qəmli, biraz da yalvarış dolu səslə çımxırdı.–Aha! Belə...

Xoşagəlməz, coşqun bir qışqırıq onun səsini batırdı. Dağsiçanı təəcüb və həyəcanla cəld çevrilib geriyə baxdı. Bu, “Marselyoza” oxumağa başlayan Misterin səsi idi. Çox güman o bu mahnını heç vaxt oxumamaışdı, çünki başdan-ayağa xaric oxuyurdu. O, topu görən kimi oxumağa başlamışdı. Aradabir mahnını saxlayıb aşağıdakılara sarı qışqırırdı:

–Ey, qoçaqlar! Ehey, sizinləyəm! Mənim köksüm buradadır! Onu görə bilirsinizmi?!..

Misterin açıq yaxasından ağ, tüklü köksü görnürdü. Baron üz-gözünü qırışdırdı. Qışqırmaq nə üçün? Bu ona çox ağır və iyrənc görünürdü.

–Xahiş eləyirəm susun! Xahiş eləyirəm...–Baron üzgün bir səslə yalvardı.

Dərin və işıqlı bir səssizlik yarandı. Mister səndirləyərək onlara yaxınlaşdı. Onun sarsıldığı və özünü itirdiyi açıq-aydın görünürdü. Demək hər şey bitdi? Mister ürəyindən keçən bu sözü dilə gətirdi:

–Hər şey bitdi,–sonra üzünü Barona tutub soruşdu: –Siz, nə üçün ağlayırsınız?

–Necə?–Baron acıqlandı.–Mən ağlayıram? Qəribə adamsınız ha!..

V

Sağlam əli ilə üzünə toxunan Baron, doğrudan da göz yaşlarının yanaqlarını islatdığına əmin oldu. Bunu duyunca miskin bir tərzdə, yavaşcadan hönkürməyə başladı, bir azdan onun bu hönkürtüsü küçəyə atılmış yeni doğulan küçüyün zingiltisinə oxşayan hıçğırığa çevrildi. Öz halına acımaqdan yaranan dərin bir sarsıntı onun bütün bədəninini titrətməyə başladı. Bəs qurtuluş, bəs yaşamaq, gözəl təsadüflərlə dolu olan həyat olmayacaqmı? Top. Bu axı gülməli bir sözdür. Nə isə, qısa lüləli, korpusu narın, köhnə naxışlarla bəzənmiş bir şeydir. Misdən tökülmüş yöndəmsiz bir kötükdür, biraz da yaşıl pas kəsmiş kötükdür.

Pəncərənin o üzündə, aşağıda bezdirici bir tappıltı səsi gəlir. Səs küyün içində at ayaqlarının səsi seçilir. Onlar isə üçlükdə burada divara sıxılıb oturublar. İndiyədək apardıqları anlamsız atışma sona çatdı.

–Gətirdikləri silahı yerləşdirirlər,–Mister dedi.–İndi gərək buna duruş gətirəsən!

“Silahmı?-hə, bu top deyil, başqa bir silahdır. Uzun, parlaq, cilalanmış, lüləsinin ağzında dairəvi dəliyi olan bir silah. Uzaqvuran maşın”. Belə düşüncələrlə özünü ovutmağa çalışan Baron başını yuxarı qaldırıb baxdı.

–Mən axı nə üçün ölməliyəm? Hə! Nə üçün?..

–Belə yersiz sızıldadığınız üçün!–Mister hiddətlə onun sözünü kəsdi.–Hə? Siz nə üçün sızıldayırsınız? Hə? Nə üçün?..

Baron diksindi, biraz da hıçqırıb sonra toxdadı. Hələ vaxt var. Bu anda susmaq ona çox qorxunc gəlirdi. Danışmaq yaxşıdır, çoxlu, yaxşı, ürəyə yatan sözlər danışmaq lazımdır. Yoxsa, bunlara öz həyatımı danışım: sevgisiz, nəvazişsiz, yoxsulluq içində keçən maraqsız həyatımı.

Ya da bəlkə, boşalmış ruhumu açıb baxım, bütün bunların niyə belə olduğunu anlamaq üçün özüm ora boylanım?

İnqilab! Bu, doğrudan da əzəmətli bir sözdür! Onun bu sözdən yapışmasının səbəbi respublika quruluşunun xilasedici bir yol olduğuna inanması olmuşdu.

Yox! Adamlar hər yerdə heyvandırlar. Axı onun həyat eşqi hələ indi coşurdu, hərəkət eləmək, həyatda yüksəlmək istəyirdi.

Ölüm haqqında düşünmək ağlına belə, gəlmirdi; əksinə, bütün düşüncələri onu sevincə aparan işlərə köklənmişdi, həyata sevgi ilə dolu, dadlı, poetik düşüncələrə qapılıb yaşayırdı.

Bütün bunlar necə də dolaşıq və mürəkkəbdir! Əgər işıqlı, maraqlı, mürəkkəb bir həyat onu qoynuna alsaydı, onda heç inqilabçı olmaq istərdimi? Yox, heç vaxt istəməzdi!.. Ölməyib, həmişəlik yaşaya bilmək üçün nə etmək olar, görəsən?

Doğrudanmı, onları görmək üçün daha heç bir yol yoxdur? Sözsüz, yoxdur!

Dağsiçanı qalxıb pəncərəyə yaxınlaşdı, oradan ehtiyatla aşağı boylandı və yerə çökdü, onun bu hərəkətinə yıxılmaq da demək olardı. İndicə hər şey bitəcəkdi.

Pəncərədən boylananda birbaşa özünə tuşlanmış, göz qırpmadan onu süzən top lüləsinin qara dəliyini görmüşdü. Orada bir əsgər o birisinə barmağı ilə nəyisə göstərib danışırdı.

Axı buradan uzaqlarda, evlərin bu rəngarəng damlarından o tərəfdə, yolların tozu qalxan yerlərdə, kiçik, ağ rəngli, sarmaşığa bürünmüş bir ev dayanıb; o evin pəncərəsinin qarşısında sevimli bir qadın, dizi üstündə totuq və sevimli bir körpəni tutub oturubdur.

Doğrudanmı, onları görmək üçün daha heç bir yol yoxdur? Sözsüz, yoxdur! Ah, içimə nə yaman ölümcül bir ağırlıq çöküb! Onsuz da daha heç nəyin fərqi yoxdur!

Stolun üstündə, qəzetlərin və qab-qaşığın arasında gərəksiz bir şeyə çevrilmiş, artıq soyumuş karabin düşüb qalıb. Patron qurtarıb. “Yaşasın, nəşəli dəlilik! Yaşasın vətən!” Deyəsən o sonuncu sözləri düşünməklə yanaşı həm də ucadan qışqırmışdı. Bunu, Misterin bu sözləri onun ardınca bərkdən, aydın bir tərzdə qışıqrmasından bildi. Bəs vətəndən əl çəkmək necə, o uzaqdakı ağ evin naminə hər şeydən imtina eləmək necə?

–Qulaq asın! Qulaq asın!–Baronun üzgünlük və yazıqlıqdan gərilmiş zəif səsi eşidildi.–Yoldaşlar!..

–Heç nədən qorxmayacağıq,–Dağsiçanı dilləndi.–Mister! Biz şərəfli vətəndaşlar kimi öləcəyik!..

–Əlbəttə,–Mister mızıldandı.–Əlini ver!..

Onlar bamaqlarını kəlbətin kimi kilidləyərək biri-birinin soyuq və nəmli əllərini sıxırlar. Baxışları toqquşur. Biri-birini baxışlarından anlayırlar. Axı onsuz da onların ürəyindən nə keçdiyini, bu anlarda necə darıxdıqlarını kimsə bilməyəcəkdi. Həqiqət burada nəyəsə kömək eləyə bilməz, ancaq kiçik bir yalanın, günah sayılmayacaq bir aldanişın kimə nə ziyanı var? Əvəzində qaçılmaz olan ölümlərini, azadlığı alqışlayan xırıltılı, coşqun qışqırıqları ilə bəzəyəcəkdilər.

–Yaşasın vətən!..

–Onlar yalnız bizim cəsədlərimizi tapacaqlar,–Mister dedi,–ancaq biz ölməyəcəyik! Bizim ruhumuz qarşıdan gələn nəsillərin ürəyində və ağlında yaşayacaq!

Bu sözləri deyəndə solğun və ağrılı bir təbəssüm onun üzünü əydi. Deyəsən, o haçansa öz məqalələrindən birini belə başlamışdı, yaxud da buna çox oxşar olan bir sözlə. İndi bunun nə fərqi var?

Baron dirsəklənib bədənini dikəltdi. Təntənəli ölüm anı gəlib çatmışdı və indi bu iki axmaq onların hansı birinəsə bu ölümün çox gərəkli olduğuna onu inandırmaq istəyirdi! Bax, elə indicə, bu andaca, onların gülünc həyatlarına gətirmək istədikləri bu təntənəyə son qoyulacaqdı, onların heç özlərinə də gərək olmayan bu siyasətçiliyi, coşqunluğu və heyvani qorxusu da çox keçmədən yoxa çıxacaqdı. Guya bunlar qorxmurlar! Yaşamaq istəmirlər? Yalançılar, qorxaqlar!..

Bir anlıq onlara qarşı yönələn həsəd duyğusu onu çulğadı və birdən, insan ruhunun doğurduğu ülgüc kimi iti və kəsərli bir həqiqət onun beyninə batdı:

“Belə, coşub kükrəməyin nə anlamı var? Bu, onlara kömək eləyəcəkmi?–Küçədə nəsə şaqqıldadı, uzaqdan gələn səslər eşidildi.–Bax ha, ola bilər, artıq topu bizim üstümüzə tuşlayıb qurtarıblar. İndi daha bunun nə fərqi var!

Onların qorxaq olub-olmadığını kim bilir? Onların həyatı mənə bəlli deyil, onları tanımıram. Ancaq onların sözləri çox gözəldir, bu sözlər lap polad qalxana bənzəyir, onu isterik qışqırıqlarla dəlib keçmək, ürəyi sarsıtmaq mümkün deyildir. Bu vəziyyətdə ürək ya qorxudan dayansın, ya da döyünməyinə davam eləsin, ikisi də bir şey deyilmi? Ancaq onu qorumaq üçün qalxan var, yüngül və cingilti ilə səslənən qalxan, qoy olsun!

Onsuz da nə olursa olsun, o da indi bu iki nəfərlə bir yerdə ölməlidir. Birdən öləndə onların dediyi sözləri qışqırsa, kim onun əsil fikirlərini biləcək, onun daxilindəki sarsıntıları, qorxu və bezginliyi kim duyacaq? Heç kim! O ağlamışdı? Hə! Ancaq bu, yarasından qopan ağrıya görə olmuşdu”.

–Yaşasın vətən! Yaşasın azadlıq!

Üç səs biri-birilə qovuşub uca bir hayqırtıya çevrildi. Ölümqabağı, can çəkişməyə hazırlaşan ruhlarının yaşamaq və səadət üçün darıxan istəkləri bu xırıltılı sözlərə qarışıb, onlara hopub qaldı.

Küçədəki ağır dəmirlə yüklənmiş araba bərk yırğalandı, qulaqbatırıcı gurultu eşidildi, sonra isə üçüncü mərtəbədə yaranmış eybəcər və böyük yarıqdan dördbir yana kərpic tozundan yaranmış bir duman yayılmağa başladı.

XS
SM
MD
LG