Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:37

Bu pişik balasını niyə asmaq istəyirsiniz?


Aleksandr Qrin
Aleksandr Qrin

- "Yox, axı onlar özləri üçün aydın və məntiqli saydıqları düşüncələrinin üstündə qalmışdılar: "İnsanı asmaq olarsa, pişiyi niyə asmayasan..."

"Ola bilər, haçansa bu yaşam onlara özünün astar üzünü də göstərsin və Sinitsınla Bulanov pişiklərə qarşı mərhəmətli olmağı öyrənsinlər."

Aleksandr Qrin(evski)

Rus dilindən Araz Gündüz çeviribdir

Hekayə

OYUNCAQ

I

Üstünə tökülən sarı yarpaqlara büründüyü üçün günəşin solğun şüaları altında parıldayan torpağın işıqlı və soyuq bir dalğınlığa qapılıbmış kimi göründüyü gözəl bir payız günündə şəhər bağında gəzməyə çıxmışdım.

Bağın içində sıralanmış ağacların arası ilə salınmış yollarda kimsə yox idi, yanyörəni çürüntü və islaq torpaq qoxusu bürümüşdü; qızılı yarpaqların arasından açıq göy üzünün mavi duruluğu görünürdü.

Bura, əyalət şəhərində, lap çoxdan salınmış, eni ilə uzununu insanların özbaşınalıqla açdığı cığırların kəsib doğradığı, başlı-başına buraxılmış bir bağ idi.

Bağın içində, bir neçə yerdə, sıx gicitkən basmış yarğanlar gözə dəyirdi; yol boyunca: yanyörəyə səpələnmiş kərpic qalaqlarını, indi nəyəsə yaramayan kiçik körpüləri və yarıçürümüş, gümbəzli oturacaqları görmək olurdu.

Yaşı yüzü keçmiş cökə və ağcaqayın ağacları baş-başa verib göyün qarşısını kəsmişdi; onların islaq və sərin kölgəsində uzanıb torpağın üstündə atılıb düşən qırmızıdöşlü çobanaldadan quşlarına baxmaqdan gözəl nə ola bilərdi?

Mən əlimdəki çəliyi yelləyərək addımlayır, bu səssizlikdən həzz alırdım və günorta yeməyindən sonra başımda dolanan ötəri düşüncələrimə qapılmışdım.

Sıralanmış ağacların yaratdığı yoldan qırağa çıxan dar və əyri-üyrü bir cığıra burulanda sıx və hündür otluğun içində çöməlmiş iki oğlan uşağını görüb onlara yaxınlaşdım.

Onda nə üçün belə elədiyimi indi unutmuşam. Mən yetərincə qapalı birisiyəm və istər uşaq, istərsə də yaşlı olsun, kiminləsə qaynayıb qarışmağa yönəlik adam deyiləm; çox ola bilsin, mənim diqqətimi çəkən əyilib öz işlərinə başı qarışan bu, tanımadığım balacaların, gözlənilmədən səslənən sevinc dolu qışqırıqları olmuşdu.

Uşaqların ikisi də gördükləri işə bərk qapılıb yanyörələrində nə baş verdiyini duymadıqlarından, mən sezilmədən onlara yaxınlaşıb, durduqların yerin on addımlığındakı bir ağacın arxasında daldalandım.

Uşaqlar yaxınlıqdan nəsə daşıyıb gətirir, onların özlərindən başqa kimsəyə bəlli olmayan nə isə düzəldirdilər. Mən ağacın arxasından boylanıb onları süzməyə başladım.

Oğlanlardan böyüyü oniki yaşlarında, yumrubaşlı, alçaqboylu birisi idi, görkəmindən güclü olduğu bilinirdi: təpərli, gün işığından qaralmış dərisi, al yanaqları olan sağlam bir uşaq idi.

O biri uşaq arıq, uzun, solğun və üzgün üzlü, habelə, pələqulaqlı birisi olsa da, onun görünüşü daha gözəgəlimli idi; onu belə çəlimsiz yaradan təbiət, elə bil, sonradan uşağın durumuna acıyaraq ona bir cüt gözəl və ürəkçəkən göz bağışlamışdı.

Onların əynində gimnaziya şagirdlərinin geyindikləri yay köynəyi, başlarında gimnaziyada oxuduqlarını bildirən furajka vardı. Yanyörələrindəki gicitkən və ayıpəncəsi bitkiləri onların düzəltdiyi qurğunun nə olduğunu görməyə qoymurdu.

Mənim düşüncəmə görə, onlar torpaq və ağacdan yararlanaraq, öz uşaq təxəyyüllərinə və oxuduqları kitablara arxalanaraq, “Əldən İti İgidin Qalası”, yaxud da “Bizonlar Qalaçası” kimi romantik səslənən nəsə tikib qururdular,–mən özüm də, şalvarımın uzunluğu bir arşından çox olmayan çağlarımda, belə oyunlarla çox əylənmişdim.

Onların nə düzəltdiyi üzərində baş sındırırkən, yaşca böyük oğlanın əyilib kiçik cib bıçağı ilə nə isə yonduğu gözümə sataşdı, biraz diqqətlə baxıb onun qarşısında biri-birinə yaxın basdırılmış iki gödək paya gördüm, payaların üstünə onları birləşdirən ensiz taxta mıxlanmışdı.

Solğun bənizli oğlanın arxasında, yerdə əzik-üzük və kirli bir əsgi düşüb qalmışdı.

Yumrubaş oğlan əlini qoltuğuna salıb qurdalandı və bir an sonra dedi:

–Elə bildim itirmişəm. Burada imiş.

O qoltuğundan, ovcunda sıxıb saxladığı nəyisə çıxarıb onu yoldaşına göstərdi. Sonra əlindəki şeyi yerə tulladı. Bu, kiçik bir doğanaqdan keçirilmiş sicim idi. Elə bu anda, yerin altından gəlirmiş kimi səslənən, bir inilti eşitdim.

Gimnaziya şagirdi yonğu işini qurtarıb dikəldi. Onun əlində şişuclu, yoğun bir ağac qırığı vardı. O bu şişuclu ağacı yanaşı basdırılan payaların arasında yerə sancdı, sonra sicimi götürüb onun bir ucunu yeni basdırdığı payanın yuxarısına dolayıb bərkitdi.

Sicimin o biri ucunu isə yanaşı basdırılan payaları birləşdirən taxtanın üstündən keçirib salladı və mən sicimin sallanan ucunun... ilgəkləndiyini gördüm.

Kiçik oğlan əllərini bükülmüş dizlərinə dayaq verib yaşca böyük yoldaşının gördüyü işi izləyir, qaşlarının tərpənişindən və aradabir dediyi sözlərdən, ona kömək eləməyə çalışdığı görünürdü, onun bu davranışında öz yoldaşına gözəl xətlə yazmaq dərsində kömək eləyən şagirdin gördüyü işə bənzərlik vardı.

–Hazırdır, Sinitsın! – sağlam görünüşlü oğlan o birisinə səsləndi, sonra ona baxıb təntənəli və quru bir səslə dedi:–Canini gətirin!

II

Bu andan başlayaraq mən dözülməz və iyrənc olan bir görüntüyə tanıq oldum. Demə, bayaq gördüyüm kirli əski torba imiş. Sinitsın deyilən solğun üzlü oğlan torbanı ağzıaşağı tutub silkələdi, otluğun üstünə yenicə doğulduğundan hələ gözləri açılmamış, titrəyən ayaqları üstə duruş gətirə bilməyən, bapbalaca bir pişik balası düşdü.

O, yerində yırğalanır, başını otların arasına soxur, bütün bədəni ilə tirəyərək iniltili və nazik bir səslə miyoldayırdı.

–Çığır-bağır salır! – pişik balasının hərəkətlərini maraqla izləyən Sinitsın dilləndi.–Bulanov, bir bax, sənə sarı srünür!..

–O elə bilir, biz onu bağışlayacağıq, – Bulanov pişik balasını əlinə götürüb, acıqla dedi. – Bilirsənmi, Sinitsın, canilərin hamısı ölümdən qabaq özlərinin suçsuz olduğunu göstərməyə çalışırlar. Nə qışıqrırsan, a-a?

Daha dözməyib daldalandığım yerdən çıxaraq onlara yaxınlaşdım. Mənim gəlişim uşaqları çaşdırmışdı; Bulanov diksindiyindən pişik balası əlindən sürüşüb otluğa düşdü.

Sinitsının qorxudan gözləri bərəldi və o, birdən-birə gözlərini tez-tez qırpmağa, köynəyinin üstündən belinə bağladığı qayışını əlləşdirməyə başladı. Mən gülərüzlə onlara baxıb dedim:

–Niyə özünüzü itirdiniz, uşaqlar? Davam edin! Çox maraqlıdır!

Onlar biri-birinə, sonra da mənə baxaraq susurdular, acıq yağan üzlərindən bu anda məni görməyə gözləri olmadığı duyulurdu. Mən isə getmək istəmirdim və sözümün ardını dedim:

–Siz nə yaman qorxaq imişsiniz, hə? Bu, düzəltiyniz nədir belə? Yelləncəkdir?

Birdən Bulanov ucadan hayqırdı, bir andaca üzü pörtüb gilas kimi qızardı. Görünür, düzəltdikləri qurğunu yelləncək adlandırmağım ona əyləncəli gəlmişdi. Sinitsın boğazını arıtlayıb sıxıntılı və yazıq bir səslə dilləndi:

–Bu... bu... bilirsinizmi... bu, dar ağacıdır. Biz oynamaq istəyirdik... elə-belə...

Həyəcandan onun səsi tutuldu və susdu, indi də Bulanov onun sözünə qüvvət verməyə başladı.

–Elə-belə, vaxtımızı keçiririk,–o çəkmələrinin burnuna baxıb soyuqqanlıqla dedi.–Biz burada oynayırıq. Bundan sizə nə?

–Heç nə, eləcə sizin nə oynadığınıza baxmaq istədim.

–Yoxsa, siz bizimlə savaşmaq istəyirsiniz?–Bulanov ehtiyatla, biraz qırağa çəkilib, sözünə davam elədi.–Mənim cibimdə quşatanım var, yaxşısı, yaxına gəlməyin.

–Ah, Bulanov,–deyə, qınaq dolu bir səslə dilləndim, – mənim sizinlə savaşmaq fikrim yoxdur. Ancaq bir mənə deyin görüm, bu pişik balasını niyə asmaq istəyirsiniz?

–Bu sizi niyə igiləndirir?–Sinitsın tələsik soruşdu.–Sizin üçün nə fərqi var? Bu pişik balasını başqa üç pişik balası ilə birlikdə suda boğmaq istəyirdilər... Mən aşpazdan xahiş eləyib bunu götürdüm... Bax belə...

–Bu pişik balası onsuz da öləcəkdi!–Bulanov yenidən dilləndi.

–Axı siz bunu bacarmırsınız,–mən dedim,–öncə gərək bu işi öyrənəsən, sonra görəsən.

Uşaqlar yenə də biri-biri ilə baxışdılar.

–Lap yaxşı bacarırıq!–Bulanov soyuqqanlıqla dilləndi.

–Yaxşı, onda danış görək bu işi necə eləyirlər.

–Necə? Bax belə,–Sinitsın yenidən danışığa qoşuldu və onun solğun üzündə coşqun xəyallarından doğan bir qızğınlıq duyulmağa başladı,–bunu belə eləyirlər: onu dar ağacının altına gətirirlər... stulun üstünə çıxarırlar... Sonra cəllad ilgəyi onun boğazına keçirir və...

- Yalan deyirsən!–Bulanov çılğınlıqla onun sözünü kəsdi.–Bax, yalan deyirsən! Öncə onun başına torba keçirirlər... bütün başını, üzünü örtür... lap boğazınacan çatır... Hə? Yoxsa, belə deyil?

–Torba? Hə, düz deyirsən,–Sinitsın itaətlə təkrar elədi.–Sonra isə, başlayırlar! Stulu ayaqlarını altından çəkirlər və çox keçmədən o ölür.

–Bunu sənə kim danışıb?

–Kim? Bax, o,–Sinitsın əli ilə Bulanovu göstərdi.–Ona isə əmisi danışıb.

–Adam asılıb öləndə gömgöy olur,–Bulanov sicimi barmağına dolaya-dolaya dedi.

–Pişik balası ilə işiniz olmasın,–mən dedim.–Yazıqdır. Əl çəkin ondan.

Uşaqlar susdular. Dediklərim onlar üçün gözlənilməz olmadı, bayaqdan toxdaq danışımağım onları yanılda bilməmişdi və mənim onlara mane olmaq istədiyimi duymuşdular. Biraz keçmiş acıqlı və pörtmüş Bulanov dilləndi:

–İnsanları asmaq olar, pişik balasını yox?

–İnsanları da asmaq olmaz.

–Əmim isə deyir olar,–uşaq etiraz elədi, sonra mənə sarı inamsız və acıqlı bir baxış fırladıb dedi:–Əmim sizdən ağıllıdır. O xarici ölkələrdə də olub.

Mənim etirazım artıq işə yaramırdı. Əminin nüfuzu isə məni büsbütün bu uşaqların gözündən salmışdı. İndi mən onların inandığı o əminin yox, özümün ağıllı olduğuma bu uşaqları necə inandırım?...

Başqa çıxış yolu tapmayıb, bu minaütür dar ağacını təpiyimlə vurub dağıtdım.

Gimnaziyaçılar bərk qorxdular və pişik balasını, kirli torbanı və sicimi də qoyub, var gücləri ilə, baş götürüb qaçdılar.

Balaca pişik balası iniltili bir səs çıxarıb, hündür otlara dolaşaraq sürünməyə başladı.

Onları qaçmağa məcbur eləyə bilmişdim, ancaq mən onları doğru danışdığıma inandıra bilmişdimmi? Yox, axı onlar özləri üçün aydın və məntiqli saydıqları düşüncələrinin üstündə qalmışdılar:

– İnsanı asmaq olarsa, pişiyi niyə asmayasan...

Ola bilər, haçansa bu yaşam onlara özünün astar üzünü də göstərsin və Sinitsınla Bulanov pişiklərə qarşı mərhəmətli olmağı öyrənsinlər, habelə, bu Sibir cinsindən olan pişikləri bəsləyib böyütməyə də çalışsınlar.

Ancaq indilikdə yeni tapdıqları, onların uşaq ruhlarını çağdaş günümüzün anlaşılmaz faciələrinə yaxınlaşdıran, onlar üçün heyranedici və maraqlı olan bu romantik əyləncədən, hindilərin yaşamından danışan romanlardakı olaylara bənzəyən bu macəralardan əl çəkmək onların ürəyincə deyildir.

“Orada” insanları asırlar. Biz də burada... oynayırıq...

Uşaqlıq çağının təəsürratları... Görəsən, onların gələcək taleyi necə olur?

XS
SM
MD
LG