Kreml Rusiyanın keçmiş media naziri Mikhail Lesinin ölümü ilə bağlı Amerika tərəfdən detallı informasiya gözləyir. Bunu martın 11-də prezidentin sözçüsü Dmitri Peskov deyib.
Martın 10-da Vaşinqtonun baş məhkəmə eksperti idarəsi bildirdi ki, keçən il Lesinin ABŞ-dakı ölümünün səbəbi "başın küt travmaları" olub. Ancaq onun öldürüldüyü yoxsa özünün öldüyü haqda istintaq heç nə demir.
Putinin yaxın adamlarından olan Lesini Vaşinqtonda Dupont hotelində noyabrın 5-də ölmüş tapdılar. Bir versiyaya görə, Lesin ABŞ-ın Federal Təhqiqat Bürosu ilə əməkdaşlığa razı olduğuna görə öldürülüb.
Russia Today kanalı 2005-ci ildə Putinin müşaviri olan Lesinin təşəbbüsü ilə yaradılıb. 1999-2004-cü ildə isə o, KİV üzrə nazir olub.
***
New York Times qəzeti martın 11-də adı çəkilməyən ABŞ məmuruna istinadla yazıb ki, Mikhail Lesinin bədənində küt travmalar o, hotelə gəlməzdən əvvəl olub. İstintaqın məlumatına görə, küt travmalar Lesinin başında, boynunda, bədənində və ayaqlarında var.