Keçid linkləri

2024, 15 İyun, şənbə, Bakı vaxtı 23:25

"Necə olub ki, qadın yazıçılar, filosoflar olub?!”


 Simone de Beauvoir (1908 – 1986)
Simone de Beauvoir (1908 – 1986)

-

"Sosial diskriminasiyanın qiymətini vermək çətindir, ancaq onun qadın üçün mənəvi və intellektual fəsadları o qədər dərindir, elə görünə bilər ki, bunun mənbəyi qadının təbii xüsusiyyətlərindədir."

Simone de Beauvoir

“İKİNCİ CİNS” əsərindən ixtisarla kiçik bir parça

"Aristotle's Compleat Master-Piece"
"Aristotle's Compleat Master-Piece"

“Dişi - müəyyən keyfiyyətləri olmadığından dişidir, Qadın xarakterinə biz təbiətən qüsurdan əziyyət çəkən bir şey kimi baxmalıyıq” – yazırdı Aristotel.

Onun ardınca orta əsrlər xristian teoloqu Foma Akvinalı bəyan edir ki, qadın “baş tutmamış kişidir”, “ikinci dərəcəli”dir. Qadın “kişinin artıq sümüyündən yaradıldığından”, onun muxtar başlanğıcı yoxdur, o, yalnız kişiyə münasibətdə təyin oluna bilər. Kişi – Subyektdir, kişi – mütləqdir, qadın isə - Özgədir."

E.Levinas “Zaman və Özgəsi” essesində kişi haqda əsas şüur, obyekt, qadın haqda isə başqası, özgəsi kimi söz açır: Heyrət ediləsidir, Levinas obyekt və subyektin qarşılıqlı yerdəyişməsi qanununu yada da salmır, "qadın sirrdir" – deyərkən o, nəzərdə tutur ki, qadın – kişi üçün sirrdir. Belə çıxır ki, obyektivliyə iddia edən bu esse əslində kişi imtiyazının təsdiqidir.

"İşıq, kişi, sağı yaradan xeyir başlanğıc və qaranlıq, qadın, solu yaradan şər başlanğıc var" - yazırdı Pifaqor.

Bütün klassik fəlsəfə boyunca belə bir qüsur gözə dəyir: hər cür özgə, fərqli şüura fundamental nifrət. Bir subyekt özünü yalnız başqasıyla qarşı-qarşıya qavrayır: o özünü əhəmiyyətli, bütün qalan şeyləri isə əhəmiyyətsiz obyektlər kimi dərk edir.

Ancaq məsələ bundadır ki, qarşıdakı şüur da onun önünə eyni mühakiməylə çıxır. Nəticədə belə vəziyyət yaranır: hər hansı ölkənin yerli adamı səyahətə çıxır və qonşu ölkələrin də ona özgəsi, başqası kimi baxan yerliləri olduğunu görüb təəccüblənir.

Kəndlər, klanlar, millətlər, siniflər arasında müharibətlər, müxtəlif mübarizə formaları ona görə baş verir ki, Özgə özünün mütləq mərkəz olmadığını və öz nisbiliyini görür, bununla razılaşmaq istəmir.

Beləcə, tarix boyu istər-istəməz fərdlər və qruplar öz münasibətlərinin qarşılıqlı istiqamətliliyini etiraf etməli olublar, bəs necə olub ki, cinslər arasında bu qarşılıqlı istiqamətlilik bərqərar olmayıb.

“Bütün dünyaların Tanrısına xeyir-dua olsun ki, O, məni qadın yaratmayıb” — yəhudilər səhər duasında belə deyirlər, onların qadınları isə itaətlə pıçıldayırlar: “Tanrıya xeyir-dua olsun ki, Öz iradəsilə məni yaradıb”.

Sxolastika dövründə qadına İncilə toxunmaq qadağan edilmişdi. Platon qadınları heyvan və insan arasında mövcudluq sayır, tanrılara təşəkkür edəndə deyirdi: "Yaxşı ki, azad yarandım, qul yox, yaxşı ki, Kişi yarandım, qadın yox."

Kişilər bu imtiyazı əbədiyyət və mütləqliyə əsaslanan keyfiyyət saymasaydılar, ondan belə zövq almazdılar. Onlar dindəki birinciliklərini hüquqa keçirdilər. “Qanunları yaradanlar onları öz cinslərinin xeyrinə dəyişiblər, hüquq məsləhətçiləri isə qanunları prinsiplərə çevirib”, — Pulen de la Barr 17-ci əsrdə deyirdi.

Heyrət ediləsidir, Roma kodeksi qadınların hüququnu məhdudlaşdırarkən “bu cinsin axmaqlığı və gücsüzlüyü”nə istinad edirdi. XVI əsrdə ərli qadını ərindən tam asılılıqda saxlamaq üçün müqəddəs Avqustinin “qadın - nə pəyəsi, nə həyəti olmayan heyvandır” cümləsinə əsaslanırdılar.

Michel de Montaigne qadının bəxtinə düşənin ədalətsizliyini anlayaraq yazırdı: “Qadınlar bu dünyadakı düzəndən imtina edərkən onları mühakimə etmək olmaz, axı onları kişilər qadınların iştirakı olmadan yaradıblar. Təbiidir ki, bizimlə onların arasında münaqişələr, mübahisələr olur”.

Yalnız 18-ci əsrdə demokratik əqidəli insanlar bu məsələyə obyektiv baxmağa başladılar.

Fəlsəfə qadının müdafiəsi üçün hüquqla münaqişəyə qalxdı.

Deni Didro (Diderot) sübut etməyə qalxdı ki, qadın da kişi kimi insandır. Bir qədər sonra Stuart Mill onu müdafiə etdi. Fəlsəfə qadının müdafiəsi üçün hüquqla münaqişəyə qalxdı. Ancaq Modernizmdə qadın azadlığının təsbiti asan başa gəlmədi, çünki sənaye dövrü başlanmış, qadın fiziki əməyə cəlb olunmuşdu, bununla da fəhlə sinfindəki kişilər az maaşa işləməyə də razı olan qadında təhlükəli rəqib görürdülər.

Belə bir deyim var: “biri o birini ayaqqabı təmizləyicisi vəziyyətinə qədər endirir və bundan nəticə çıxarır ki, o, yalnız ayaqqabı təmizləyə bilər”. Bütün analoji vəziyyətlərdə belə qüsurlu bir dairə ortaya çıxır: əgər bir fərd və ya qrup aşağı vəziyyətdə yerləşirsə, deməli, o elə aşağılıqdır.

“Ebdo-Laten” qəzetində bir tələbə bəyan edir: “həkim və ya vəkil diplomu alan istənilən qız bizdən yerimizi oğurlayır.” Kişi cinsinin istənilən nümayəndəsi qadın yanında özünü yarımallah hiss edir.

Günümüzdə bir çox kişilər tam səmimi deyirlər ki, qadınlar kişilərə bərabərdirlər və tələb etməyə heç nələri qalmayıb, eyni zamanda qadınlar heç vaxt kişilərə bərabər olmayacaqlar və tələbləri əbəsdir – düşünənlər də çoxdur.

Məsələ burasındadır ki, kişiyə kənardan görünməz olan sosial diskriminasiyanın qiymətini vermək çətindir, ancaq onun qadın üçün mənəvi və intellektual fəsadları o qədər dərindir, elə görünə bilər ki, onun mənbəyi onun təbii xüsusiyyətlərindədir.

Kişi qadına nə qədər simpatiya bəsləsə də, o heç vaxt qadının konkret situasiyasını təsəvvür edə bilmir.

Məsələyə kişi nəzərindən yanaşaq. Kişi sual verir: məgər hərəmxanadakı qadın özünü hər hansı seçicidən bədbəxt sayır? Məgər özünü işləyən qadınlardan daha xoşbəxt sayan ev sahibələri azdır? Göründüyü kimi, Qadın artıq Özgəsi, Başqası olmaqla nəinki barışıb, hətta oözünü belə xoşbəxt hiss edir.

Hüquq tarixinə baxsaq, Solon qanunvericiliyi qadına heç bir hüquq vermir. Roma kodeksi onu himayəyə verir və “axmaq” olduğunu yazır. Kilsə qaydaları onu “İblis darvazası” sayır. Manu qanunları: “Çay okeana axıb orada itdiyi kimi qanuni nigahın köməyilə qadın ərinin malik olduğu ləyaqəti əldə edir və onun ölümündən sonra səmavi cənnətə daxil olur”.

Əhdi Ətiq və Əhdi Cədiddə arvadın ərə tabeliyi prinsipi belə əsaslandırılır: “Axı kişi qadından törəməyib, qadın kişidən törəyib və kişi qadın üçün deyil, qadın kişi üçün yaradılıb”.

Foma Akvinalı bu ənənəyə sadiq qalaraq, qadının sadəcə “təsadüfi”, başa çatmamış varlıq, baş tutmamış kimi olduğunu yazır, “kişi qadın üzərində yüksəlir, Məsih kişi üzərinə yüksəldiyi kimi. Qadın dəyişməz olaraq kişi hakimiyyəti altında yaşamalıdır və özbaşına heç bir təsirə malik olmamalıdır.” Ona nəinki kişi işlərini tutmaq olmaz, hətta qanunvericiliyə müraciət etmək qadağandır, onun şahidliyi qəbul edilmir.

Russo burjua rəyini ifadə edərək bir qədər də kəskin deyir: qadın özünü ərinə və analığa həsr etməlidir. “Qadın tərbiyəsi həmişə kişi maraqlarıyla uzlaşmalıdır. Qadın kişiyə güzəşt etmək üçün yaradılıb.”

Bununla belə, Modernizm sayəsində XVIII əsr demokratiyası xristian Avropasında ilk dəfə qadına insan kimi baxdı, bu dövrün filosofları ona kişiylə bərabər varlıq kimi yanaşdılar.

Denis Diderot
Denis Diderot

Deni Didro hesab edir ki, onların məzlum vəziyyəti cəmiyyət tərəfindən yaradılıb. “Qadınlar, sizə yazığım gəlir!” – o yazır. Didro qadını zəkasız elan etmiş ibtidai düşüncəni pisləyir.

Monteskye: “Qadının ev sahibəsi olması zəka və təbiətə ziddir, imperiya idarə etməsi isə yox”.

Helvetsi yazır ki, qadının natamamlığı – onun yöndəmsiz tərbiyə olunmasının nəticəsidir, bu fikri Dalamber də bölüşür.

Bu dövrdə ilk dəfə qadın işçilərin kasıblığı kimi qadın əməyi haqda fundamental bir suala toxunulur.

Kondorse qadınların siyasi həyatda iştirakını istəyir, hesab edir ki, kişilərlə bərabərdirlər və onlara qarşı klassik hücumu pisləyir: “Deyirdilər ki, qadınlar ədalət hissindən məhrumdurlar, visdana yox, hisslərə tabedirlər. Lakin bu xüsusiyyət təbiətdən deyil, tərbiyə və ictimai həyatdandır.”

Başqa bir yerdə deyilir: “Qanunlar və ya cəmiyyət qadınları nə qədər çox qul etsə, onların hakimiyyət o qədər təhlükəli olur”. Buna baxmayaraq, hətta XIX əsrdə kişilər qadınlarla cəmiyyətdə öz mövqelərini paylaşmaq istəməyərək, deyirlər:

“Qadın uşaq üçün nədirsə, kişi qadın üçün odur” (Bonald), “Qadının işi və yeganə şərəfi – kişi ürəyini döyünməyə vadar etməkdir” – Balzak “Nigahın fiziologiyası”nda yazır. 1888- ci ildə bir ingilis ziyalısı yazırdı: “Qadınlar — nəinki cins deyil, sadəcə yarımnövdür, onlar yalnız çoxalmaq üçün yaradılıblar”.

A.Stendhal isə deyirdi: “qadın doğulmuş bütün dahilər cəmiyyətin xoşbəxtliyi üçün itirilmişlər.” S.Kierkegaard yazırdı: “Qadın olmaq elə qəribə, qarışıq və mürəkkəbdir ki, heç bir predikat bunu ifadə edə bilməz, əgər bütün işlətmək istədiyimiz predikatları işlətsək, o qədər ziddiyyətli olacaq ki, buna yalnız qadınlar dözə bilər.”

Qadınların bədii əsər yazmasını qeyri-təbii qarşılayan, buna görə də qadınların kişi imzasıyla əsər yazdığı, “Kosmik fizikanın problemləri” adlı dissertasiyanı qadının yazmasını tənqid etmək məqsədilə yazılmış kitabın “Kosmetik fizikanın problemləri” kimi kinayəli bir adla adlandırılmasını yada salaq.

Friedrich Nietzsche
Friedrich Nietzsche

Sual olunur: Nitşe kimi xristian əxlaqının tənqidçisi də qadınları zəkasız hesab edirdimi? Etmirdi.

Nitşenin yanlış interpretasiya olunan fikirləri onun yaradıcılığı ilə tam deyil, yalnız ordan-burdan aforizmlər şəklində tanış olmağın nəticəsidir.

Nitşe yazır: “Kişi qadını yaratdı – nədən? Öz allahının, öz idealının qabırğasından.”
“Hərbçi təhlükəni və oyunu sevir, ona görə qadını da sevir, çünki qadın – oyunlar arasında ən təhlükəlisidir” – deyən Nitşeyə görə, qadının güc və zəka əldə etməsi kişinin xoşuna gəlir, çünki bu zaman onda qadını fəth etmək ümidi oyanır, ürəyinin dərinliyində kişi qadın azadlığını məhv etmək istəmir, çünki bu mübarizənin onun üçün oyun olaraq qalmasını istəyir, kişinin istəyi - qadının öz həyatını oyuna qoymasıdır, kişi əsarətindən qurtulub müstəqil cins kimi özünü təsdiq etmək arzusu – kişiyə öz qələbəsi kimi görünür, çünki kişi bu zaman özünü xilaskar hiss edir....

Yuxarıdakıları yazmaqda məqsədim “Niyə dünya tarixində qadın yazıçılar, filosoflar kişilər qədər çox deyil, onlardan qat-qat azdır?!” sualına qarşı sual çıxarmaqdır: “necə olub ki, bu qədər təzyiqlərə, sıxma-boğmalara rəğmən qadın yazıçılar, filosoflar hər halda olub?!”

Tərcümə: OxuZalı

XS
SM
MD
LG