Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

Müxalifət Xocalı abidəsi önündə


 «Ana Harayı» abidəsi
«Ana Harayı» abidəsi

-

Ölkənin müxalifət qüvvələri də Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar Xətai rayonundakı «Ana Harayı» abidəsini ziyarət ediblər. Abidə önünə qərənfil dəstələri və əkililər qoyublar. Həlak olanların xatirəsi sükutla yad edilib.

«Xocalı faciəsi ən ağrılı hadisələrdən biridir. Bu, dünyanın gözü önündə baş verib»,-deyə Demokratik Qüvvələrin Milli Şurasının sədri, tarixçi-professor Cəmil Həsənli 24 il öncəki hadisəyə münasibətini ifadə edib.
Hadisə baş verən zaman Xocalı şəhərinin 7 min əhalisi olduğunu deyən C.Həsənli 366-cı polkun bu faciədə roluna diqqət çəkib. Deyib ki, Rusiyanın həmin vaxt Dağlıq Qarabağda yerləşən bu alayının da faciədə rolu danılmazdır. «Hadisənin günahkarlarının məsuliyyətə cəlb olunması haqda müəyyən işlər getsə də, nəticə yoxdur», - deyə C.Həsənli qeyd edib.

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər də oxşar fikirlər dilə gətirib: «24 il öncə baş verən Xocalı faciəsi insanlığa, Azərbaycan xalqına qarşı cinayətdir. Bu cinayət Moskvanın təhriki ilə həyata keçirildi. Bu qətliam Azərbaycan xalqının həyatında təsirini hələ də göstərir. Bu faciə yaddan çıxmır, unudulmur».

Səhər saatlarında isə prezident İlham Əliyev, hökumət üzviləri və deputatlar abidəni ziyarət etmişdilər.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Rusiyanın Qarabağdakı 366 alayının iştirakı ilə erməni silahlı qüvvələri Xocalını işğal ediblər. 7 min əhalisi olan Xocalı şəhərinin 613 nəfər sakini qətlə yetirilib. Qətlə yetirilənlərdən 63-ü uşaq, 100-ə qədəri qadın, 70 nəfəri ahıllar olub. 1300-ə qədər insan əsir götürülüb, onlardan 150 nəfərinin taleyindən indiyə kimi xəbər yoxdur.

XS
SM
MD
LG