Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:11

Yazıçılar ölür, kitablarının adlarını səhv yazırıq


"Qızılgülün adı" romanının üz qabığından
"Qızılgülün adı" romanının üz qabığından

-

Dünya mətbuatı yazıçılar Harper Lee Umberto Eco'nun ölümü münasibətilə nekroloqlar dərc etdiyi vaxt Azərbaycan mətbuatında da bənzər nekroloqlar çıxır. Azərbaycan nekroloqlarında bu yazıçıların əsərlərinin adlarında ciddi səhvlərə yol verilir.

"Adamaldadan quşu öldürmək" romanının adı

Bugünlərdə Harper Lee'nin "To Kill A Mockingbird" romanının adını hərə bir cürə yazır. Bir romanın adına həm "Bülbülü öldürmək", həm "Zəvzəyi öldürmək", həm də "Adamaldadan quşu öldürmək" variantında rast gəlinir.

"Mockingbird" - quş növüdür, bu, bülbül (nightingale) deyil, bülbüldən fərqli bir quşdur, Azərbaycan dilinə "adamaldadan quş" kimi tərcümə olunur. Türklər ona "alaycı kuş" deyirlər. Bu quşun adı onun xarakterindən irəli gəlir, - bu quş özündən başqa, 20-dən çox quşun səsini parodiya edir.

Romanda bu quşun bədii funksiyası məsumluqdur. Bu quşun məsumluğuna, səsilə həzz verməkdən başqa bir günahı olmadığına işarə edilir; Atticus roman yoldaşları Jem və Scout'a deyir ki, adamaldadan quşu öldürmək olmaz.

Google axtarışında "Zəvzəyi öldürmək"
Google axtarışında "Zəvzəyi öldürmək"

Bu quşu öldürmək olmaz, çünki o, adamlara səsilə həzz verməkdən başqa pis iş görmür. O quşun öldürülməsi məsumiyyətin, məsum insanların ölümünü simvolizə edir.

Romanın bir çox qəhrəmanları (məsələn, Jem və Scout) da məsum insanlardır. Ümumiyyətlə, məsumluq, məsumu öldürmək romanın böyük mövzusudur.

Bu sözü bülbül kimi tərcümə etmək səhvdir, bu quş romanda cürbəcür səslərlə mahnılar oxuduğu üçün öldürülür. (Üstəlik, yazıçının bu əsərdə təsvir etdiyi bölgəsində bu quş növü geniş yayılıb, bülbül yox.) Zəvzək kimi də tərcümə etmək səhvdir, çünki "zəvzək" birmənalı mənfi çalardadır, bununla quşun məsumluğu üzərindən xətt çəkmiş, həm də tərəf olmuş olarıq.

"Qızılgülün adı" romanının adı

Umberto Eco'nun "Qızılgülün adı" romanını "Gülün adı" kimi tərcümə etmək də Azərbaycan mətbuatında geniş yayılıb.

Bu səhvi daha çox romanı türk dilində oxuyanlar edirlər. Səbəbi odur ki, Azərbaycan türkcəsindəki "qızılgül" - türk dilində "gül"dür. Bizim gündəlik işlətdiyimiz "gül" sözü isə onlarda "çiçək"dir.

Romanın italyanca nəşrləri
Romanın italyanca nəşrləri

Onu bizim dildə "Gülün adı" yazmaq yolverilməzdir. Bu romanın adı bizim dilimizdə məhz "Qızılgülün adı" olmalıdır.

Romanın adı romanın qəhrəmanı Bernard'ın bu şeirindən götürülüb:

"Stat rosa pristina nomine; nomina nuda tenemus."

(Dünənki qızılgüldən yalnız adı qaldı, əlimizdə qalan boş adlardır)

Yəni dünya mükəmməl deyil, əbədi olan yalnız ideyalardır.

Romanın qəhrəmanları Bernard və Adson üçün bu misra əşyalar dünyasının qeyri-əbədiliyini ifadə edir. Eco üçünsə "boş, quru ad" qeyri-müəyyən semiotik işarədir.

Eco'nun özünün "Başqa adda qızılgül" yazısında dediyinə görə, "Qızılgülün adı" söz birləşməsi ilə o, Şekspirin "qızılgülün adını nə qoyursan qoy, eyni gözəl qoxunu verəcək" misrası ilə, həmçinin orta əsrlərdəki "qızılgül" simvolu ilə sənət dialoqu aparır.

Kitabın adındakı qızılgül mənaca o qədər mürəkkəb simvoldur ki, onu "gül" etmək bunların hamısını öldürər.

"Qızılgülün adı"ndakı qızılgül haqqında U.Eco özü "hər şeydir və heç nədir" deyir. O mənada heçnədir ki, boş fəzadır. Oxucular bu boş fəzanı öz yozumlarıyla doldura bilərlər...


OxuZalı

XS
SM
MD
LG