-
Ernest Heminqueyin “Ağ Fillərə Bənzər Təpələr” hekayəsinin ardı kimi yazılıb
Bruce Stirling
Jalə Əsgərovanın tərcüməsində, müəllifin icazəsi ilə
ÇƏHRAYI FİLLƏRƏ BƏNZƏR TƏPƏLƏR
Heç nə dəyişməmişdi. Şimaldan Madridə, cənubdan Barselonaya gedən iki dəmiryol relsinin arasında yuva salmış stansiyanın yerləşdiyi vadi əvvəlki kimi quru, boz və yumru təpələrlə hüdudlanırdı. Demək olar ki, heç nə dəyişməmişdi. Bu fikirlər onu güldürdü. Ofisiant ona bir butulka su gətirdi.
O, gözlərini gecikmiş səhər günəşindən qoruyurmuş kimi əli ilə qalxan düzəltdi. Sahil küləyi yaxşı təsir edirdi. Eynəyini gözünə sürüşdürdü.
Platformanın aşağısında təzə ağ don geyinmiş balaca qızcığaz dəmiryol xətləri boyunca uzanan telefon dirəklərini diqqətlə sayırdı. Platforma tribunasında qırıq-qırıq səslər eşidildi. Barselonadan gələn qatar artıq yaxınlaşırdı.
Qadın bir neçə qurtum su içdi və o vaxtlar sevgilisinin ona öyrətdiyi ispan dilini, eləcə də dəstək olmaq üçün seçdiyi bəzi ifadələri yadına salmağa çalışdı. Amma bacarmadı.
Əldən düşmüş qatar köks ötürən dayanacağa çatmaqla sanki yüksək hərarətdən sürünüb canını qurtardı. Yaşlı bir cütlük özlərinin ən gözəl geyimlərində qatardan düşdülər. Qarı daşıdığı yüklərlə əlləşdiyi halda kişi dərhal barın soyuq və dərin kölgəsi içində gözdən itdi.
Qadın boylandı, ancaq keçmiş sevgilisini görmədi. Heç təəccüblənmədi də. Punktuallıq həmişə onun yaralı yeri olub. Qadın hələ də gözləyirdi. Keçən ay o, qəfildən zəng vurmuşdu. Görüşmək istəyirdi. Sadəcə içmək üçün. Ötən günlərin - keçmişin sağlığına. O da razılaşmışdı. Heç bir problem yox idi. Burda olacaqdı.
Qadın telefonunu yoxladı. Səsli mesajlar bir-birinin ardınca qalaqlandı. Vitse-prezidentin gəlirlər haqda sualları vardı. Maliyyə işləri üzrə baş müşavir isə səhmlərin satılması, pay bölgüsü haqda soruşurdu.
O, telefonunu çantasına sürüşdürdü və balaca qızcığaza nəzər yetirdi.
Qızcığaz yuxarı, platformanın divar saatına baxırdı. Kiçik əqrəb irəli atıldı və düz yuxarını işarə edən böyük əqrəbin altında yoxa çıxdı. Balaca qızcığaz irişdi, ancaq günəş onun sevincinə şərik çıxmayıb üfüqdə tutqunlaşdı.
-Salam, Ciq.
Heç nə dəyişməmişdi.Səmimiyyəti qətiyyətsizliklə müşayiət olunurdu. Artıq yarıya qədər içilmiş pivə əlində stula əyləşdi.
Ofisiant yaxınlaşdı. O, yenə özü üçün pivə, qadına isə Anis del Toro (içki) sifariş etdi. Qadın gülümsədi.
Bir siqaret yandıraraq, “Yaxşı görünürsən” dedi.
Onun kostyumu və ayaqqabıları köhnəlmiş, öz yaşını göstərirdi. Elə siması da. Xəttlər dərinə işləmişdi. Saçları yenə də pırtlaşıq idi və bozumtula çalırdı.
-İşləyirsən? - o, soruşdu.
-Hə.
-Kimə?
-Heç kimə.
Qadının sadəlövhlüyü onu güldürdü.
O vaxtlar onda, sevgilisinə növbəti bara kimi yoldaşlıq edən, onu anbaan izləyən, bir yerdə oturduqları, içib xoşbəxtliyi təqlid etdikləri o məsum qızda məhz bu xüsusiyyəti bəyənmişdi... Axı necə xoşbəxt olmaya bilərdilər? Onlar Madridə gedirdilər.
-Sən nə işlə məşğulsan?- qadın soruşdu.
-Mən?-birincinin ardından dərhal ikinci siqareti yandırdı:”Yazıçıyam”
-Doğrudan? Nə yazırsan?
-Qısa hekayələr. Romanlar. Daha çox ssenarilər.
-Sənin hansısa işini görmüş ola bilərəmmi?
-Yox...adətən gəlinin rəfiqəsi...
O Torimolinəzdə rəssam olanda da eyni şeyi demişdi. Hələ bir dəfə lap şişirtmişdi. Onlar Parisdə yaşayacaqdılar, Manhattanda evləri olacaqdı. Söz vermişdi ki, onu ora aparacaq. Ona o qədər şey vəd etmişdi ki.
“Gözəl paltardır”- baldırlarına baxaraq söylədi. "Ancaq heç vaxt nə işlə məşğul olduğunu mənə demədin.”
“Şəxsi şirkətim var” - qadın cavab verdi. "Eşitmiş olarsan bəlkə, ”Çəhrayı Fil””
Özünü düzəltdi. Dikəldi. "Axtarış sistemi?”
Qadın balaca qızcığaza baxaraq, başı ilə təsdiq etdi.
-Mən həmişə “Çəhrayı Fil”dən istifadə edirəm. O, nəhəngdir. Doğrudan, o, sənin şirkətindir?
O, hələ də qadına inanmırdı. Hətta neçə illərdən sonra belə.
Ofisiant qadın üçün Anis del Toro gətirdi. Platforma tribunasında qırıq-qırıq səslər eşidildi. Sərnişinlər yola düşməyə hazırlaşan qatara tərəf qayıtdılar.
“İki dəqiqədən sonra yola düşür” - o dedi. “Qalmaq istərdim. Həqiqətən. Ancaq Madriddə bir nəfərlə görüşməliyəm”.
Qadın gülümsədi. Heç nə dəyişməmişdi.
Pivəsini içdi və nəhayət, soruşmaq üçün özündə cəsarət tapdı.
-Getdinmi?
-Madridə?
-Yox...mən... demək istəyirəm...
Balaca qızcığaz qaçaraq anasının yanına gəldi və ona gül verdi.
“Ora bax!”- qızcığaz təpələrə işarə edərək dilləndi: "Onlar çəhrayı fillərə bənzəyir.”
“Bənzəyir” - qadın cavabında - “Bənzəyir”.
Kişi qıza və sonra təpələrə baxdı. O, çəhrayı deyil, quraq, məhsulsuz, qeyri-münbit tullantıdan başqa bir şey görmədi. Anisi sona qədər içib bitirdi.
“Bu, sürpriz oldu” - gözlərini boş stəkana zilləyib dedi.
Qızcığaz platforma boyu üzüaşağı qaçdı və saata baxdı. Böyük əqrəb beşə işlədiyini göstərirdi. O, irişdi və əl yellədi. Kişi qarşılıq vermədi.
-O, mənim qızımdır?- soruşdu.
-Bunun bir mənası var? Sən ki Madridə gedirsən?
Siqaretdən bir qullab götürdü və qızcığaza nəzər salaraq dedi: “Getmək məcburiyyətindəyəm.”
Kilidi sınmış, qulpu süzülmüş nimdaş çamadanı qaldırdı və kəmərlə bərk-bərk bağladı.
Yola düşməkdə olan qatara tullandı və pəncərənin yanındakı oturacaqdan qadına baxdı. Biletini konduktora verib sonra yenidən platformaya baxmaq üçün geri çevrildi.
Qadın artıq yox idi. Parkinq ərazisində qadınla qızcığazın qara Mersedesə mindiklərini, maşın yola düşdükdən sonra qara üzlüklü şüşədə simalarının itdiyini sezə bildi.
Platforma tribunasından qırıq-qırıq səslər eşidildi. Mühərrik sıradan çıxmışdı. O, barın həyətindəki həmin masaya qayıtdı. Pivə sifariş etdi və qüruba baxdı. Günəşin batması çox gözəl idi. Lap rəsm əsəri kimi. O, bir gün geri qayıdacaq və bunu çəkəcəkdi.