Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:45

O.Orxanov: Bu adamlar fikirləşirlər ki, əlim var, gözüm var, yaza bilərəm


Orxan Orxanov
Orxan Orxanov

-

"Sovet ensiklopediyasının sevgi ilə danışdığı əksər yazıçılar maraqsız idilər. Əksinə, pislənən yazıçıları oxuyanda görürdüm, bu nə yaxşı yazıçıdır."

"Bizim yazıçıların yazdıqlarını dostlarıma verdim, oxudular dedilər, bu şeyləri bizə niyə oxudursan, bizimlə məzələnirsən, vaxtımızı alırsan. Biri mənə dedi ki, səni döyərəm."

Yazıçı Orxan Orxanovla OxuZalında söhbət

- Orxan, biraz da gec gəlsəydin, mən burda yazıçı olacaqdım. Soruş niyə.

- (gülür) Niyə?

- Sağ tərəfdə axın-axın insanlar metrodan çıxırlar, sol tərəfdə avtobuslardan çıxırlar. Bunlara baxıb heyrətə düşürsən, insanlar nə qədər müxtəlifdi, hərə bir cürədi, bunların hərəsi bir xarakterdi. Nə çox xarakter var. Biri də sən. Son bir ildə nə edirsən, nəylə məşğulsan?

- 2012-ci ildən başlayaraq "Külək gülü" romanım üzərində işləmişəm. Hazırda onu çapa hazırlayıram. Bundan başqa, yeni bir romana başlamışam, təxminən iyirmi beş bölüm olacaq ki, onun da iki bölümü artıq bitib. Hələlik adı "Qara şəhər"dir. Onun da ideyası illərdir beynimdə fırlanırdı.

Orxan Orxanov
Orxan Orxanov

- On il bundan əvvəl sənin lap birinci prozanı oxumuş adam kimi mənə sənin son prozanı oxumaq maraqlı gəlir. Nə haqqındadı roman?

- "Külək gülü"ndə Ramiz bir səhər yuxudan oyanır və xəbərlərdə bir professorun öz evinin qarşısında öldürüldüyünü görür. Bu professor - Aslan müəllim 1980-ci illərin Bakısında Ramizgilin qonşusu olub və Ramizin anası onunla eşq yaşayıb. Atası bunu öyrənəndə qadını bağışlayıb, amma anası özü-özünü bağışlamayıb, intihar edib. Bundan sonra ata birdəfəlik yoxa çıxıb.

Ardınca da qohum qapısında keçib Ramizin uşaqlığı, yeniyetməliyi. İndi o, atasını axtarır və inanmaq istəyir ki, Aslan müəllimi atası öldürüb, qatili tapsa, atasını tapmış olacaq. Ən qısa şəkildə, roman axtarmaq haqdadır. Ramiz özünün, ailəsinin, şəhərinin, ölkəsinin həqiqətlərini axtarır və bu yolla yaşadığı şeylərə, ailə sirlərinə, keçmişinə yeni bir məna verməyə çalışır. Bir də təbii ki, sevgi var. Ramiz ayrıldığı həyat yoldaşı Şirinlə yenidən qovuşmağa çalışır.

- Qəhrəmanların adlarını necə seçirsən? Əvvəlki romanlarında Simbad, Nurca kimi adlar var idi.

- O adları Nəsiminin qəzəllərindəki sözlərdən quraşdırmışdım. O zaman iyirmi yaşlarındaydım və məni ədəbiyyatın sərhədləri qane etmirdi, bu sərhədləri genişlətmək barədə çox düşünürdüm. İndi fikirləşirəm ki, mövcud sərhədlər daxilində enə yox, dərinə getməklə də olar bəzi şeylər. İndi adlara fərqli yanaşıram, onlar keçmişlə, əfsanələrlə, miflərlə, başqa mətnlərlə qurduğum bağların tərkib hissələri, məndən əvvəl yazılmış kitablara açılan qapılardır.

"Külək gülü"ndə Siyavuş var, qətlə yetirilmiş Aslan müəllimin oğlu, məsələn, o, oxucunu "Şahnamə"yə, Siyavuş personajına aparmalıdır...

Bir də təbii ki, sırf sevdiyim, yazılışı, səslənişi qulağıma xoş gedən adlar var. Mən Nəzmiyyə, Hüsniyyə, Şərqiyyə kimi uzun, sonu "ə" ilə bitən qadın adlarına vurğunam.

- Sən yazının oxucu kontingentini qabaqcadan nəzərdə tutursanmı ki, mən bu söhbəti təxminən bu tip adamlar üçün danışıram?

- Yox. Sadəcə yazmağı sevirəm və yazarkən, yazdıqlarımı oxuyarkən, bu haqda düşünərkən çox xoşbəxt oluram. Amma əlbəttə, bəzi yerlər olur ki, onları yazarkən, Nərminin, həyat yoldaşımın onları oxuyarkən necə güləcəyini, gözlərinin işıqlanacağını təsəvvür edirəm, onu əyləndirməyə çalışıram. Amma əsasən, özümdən və ədəbiyyat tarixindən başqa heç nəyi düşünmürəm.

- Bəs xaotik burulğanı necə səliqəyə salırsan? İçəridə böyük bir kainat, universum böyüyür, böyüyür, yazıçı onu nəql etmək üçün səliqəyə salmalıdır. Səliqəyə salmağın çoxlu gedilmiş və gedilməmiş yolları var. Sən bu prosesi necə qurursan?

- “Külək gülü”, məsələn, kiçik bir detalın üzərində ucaldılıb. Bizim buta elementimiz zahirən sanki Uzaq Şərqin in-yan simvolunun bir parçasıdır. Mən bunu təxminən doqquz-on il öncə metroda gedərkən düşünmüşdüm. Buta in-yanın işıqlı tərəfidir, qaranlığı bütün varlığımızla yox sayma cəhdlərimizin, bizim natamamlığımızın rəmzidir. Sonra bu haqda düşünən bir professor xarakteri yarandı beynimdə. Bu professor tədricən bədən qazanmağa başladı, fikirləri, şəxsi həyatı, insanlarla, dünya ilə münasibəti formalaşdı.

Mən uzun müddət bu professorla yatdım, qalxdım. Bakıya, Nizaminin əsərlərinə məsələn, gündəlik həyatımızın ən adi hadisələrinə onun gözüylə baxdım. Köhnə qeyd dəftərçəmdə onun üslübunda yazdığım bir məqalə durur. Sonra bu professorun, Aslan müəllimin ancaq xeyri görən, ancaq onu qəbul edən bizimlə, öz varlığını bütövlükdə qəbul edən qərbin qarşıdurması haqda fikirləri daha da genişləndi. Şərqdə yazın gəlişi, işığın bayramı olan Novruz qeyd olunur, amma keltlərdə işığın bayramı ilə yanaşı, qaranlığın da bayramı var - Samhain.

Aslan müəllim də deyir ki, onlar öz qaranlıqlarını dərk ediblər, biz isə ancaq Novruzu keçirmişik – işığı, işığın qələbəsini görmüşük, bizim üçün ancaq işıq olub. Və bu fikirlərinə görə, həmkarları onu sevmir, onu unutmağa çalışırlar. Çünki adam öz zamanı ilə həmahəng düşünmür, gerçəkliyə etirazı var.

- Yeri gəlmişkən, İran tərəfdə dekabrın 22-də keçirilən Yelda gecəsi var, əgər Novruz gündüzün uzanıb gecəyə çatmasını qeyd eləyirsə, Yelda gecəni, gecənin uzunluğunu qeyd eləyir. Özü də Yelda qış gecəsinin simvolu qarpız olur. Yaydan dekabra bir qarpız saxlayır hər ev.

- Hellouenin də simvolu balqabaqdır, fikir verirsən? Hellouenin kökləri Samhain bayramına gedib çıxır. Amma biz natamamıq, ancaq Novruzu – işığı qeyd eləyirik. Bu professor bu cür fikirlərlə məşğuldu, onu iş yoldaşları ağlını itirmiş qoca hesab edirlər. Sonra mən başa düşürəm ki, yox, bu professor deyil mənim qəhrəmanım, əksinə, o öldürülüb, qəhrəmanın tamam ayrı adamdı.

Beləcə, artıq Ramiz xarakteri yaranır. Aslan müəllim onun gözündə ailəsinin bütün faciələrinin baiskarıdır. O, professorun qatilini axtararkən, bütün bu miflərə, "Avesta"ya, "Şahnamə"yə, "Xəmsə"yə gedib çıxır, Səfəvi tarixinə, Bakının keçmişinə, şəhər əfsanələrinə dalmalı, bütün bu dərinliklərin içindən, böyük tarix ilə öz ailəsinin tarixinin içindən keçməli olur.

- Yəni reallıqdan qəhrəman götürmək, reproduksiya etmək yoxdu səndə. Bunlar tamamən xəyali qəhrəmanlardı.

- Bəli, mən reallıqda belə adamlar tanımıram. Mənim reallığımda belə adamlar yoxdur. Olduqca adi, darıxdırıcı həyat keçirən biriyəm mən. Səhərdən saat dördə qədər yazıram, sonra idmanla məşğul oluram, güləş, ağırlıqqaldırma.

Daha sonra evə qayıdıram, Nərmin gəlir və ən adi həyat. Kinoya baxırıq, söhbət edirik, yemək yeyirik. Ümumiyyətlə, yazıçı həyatı qıraqdan baxıldığında çox darıxdırıcıdır. Bunu ancaq yazdığın və yaratdığın dünya ilə kompensasiya edə bilərsən.

- Bizdə axı reallıqdan gəlməyən, kasıb və ya kədərli olmayan qəhrəmana pis baxırlar.

- Çox güman, təxəyyül problemləri var və ya Josep Conrad və ya Celine kimi çox qarmaqarışıq, təlatümlü, rəngarəng həyat yaşayıblar. Mən belə həyat yaşamamışam deyə, uydurmalı oluram.

Mənimçün sərhəd insan beyninin bitdiyi yerə qədərdir. Təəssüf ki, bu admalar üçün sərhəd ondan ibarətdir: səhər durublar, görüblər yeməyə yemək yoxdur, şalvar almağa pul yoxdur... Sosial baxımdan, bunlar kədərli şeylərdir, yoxsulluq şən hadisə deyil.

İnsan ən axmaq mövzudan da yaxşı əsər yaza bilər. Problem mövzuda deyil, necə yazmaqdadır.

- Elədir... 2000-ci illərin əvvəllərində bizim başımızı qaranlıq dünyanı, həyatın, dünyanın şər tərəfini tədqiq etmək dumanlandırırdı. İndi isə görürəm, o adamlar ilahi sevgidən danışırlar. Sən indi nə fikirdəsən? Qaranlığı, yoxsa işığı tədqiq eləyirsən?

Susan Sontag
Susan Sontag

- Susan Sontag Nadine Gordimer haqda mühazirəsində deyir, "mənə tez tez sual verirlər ki, yazıçı necə olmalıdır, ədəbiyyat nə yazmalıdır və mən cavab verirəm: sözü sevməlidir, cümlə qurarkən coşmalı, ağlını itirməlidir və dünya haqqında düşünməlidir. Dünya haqda düşünmək özündə həm qaranlığı, həm işığı ehtiva eləyir? Mənim romanım da, mənim yazdıqlarım, yazacaqlarım və düşüncələrim də dünya haqdadır. Orda qaranlıq var, zorakılıq var, sevgi var, ümid və ümidsizlik var, bir də başdan-ayağa absurd var.

- İndi Azərbaycan ədəbiyyatında hakim mövzu çörək dərdidi, kasıbçılıq, cındırçılıq, yamaqlı paltar, aclıq, "bir pencəyim vardı 20 ili onda keçirtdim"; qarşı tərəfi, sosial mövzulardan yazmayanları yazıçı saymırlar, onları burjua kədərində ittiham edirlər. Onların fikrincə, Orxan Pamuk əgər kasıbdan yazmırsa, onunku ədəbiyyat deyil, onunku qondarmadır, o, dibçək yazıçısıdır. Sən belə bir mühitdə qeyri-sosial mövzudan yazmaqla necə irəli gedəcəksən?

- Birincisi, qondarma olan onların özləridi. Orta əsrlərdə əlkimyaçılar inanırdılar ki, süni yollarla insan yaratmaq mümkündür və bu insana homunkul deyirdilər. Bir-iki istisna ilə, müasir Azərbaycan yazıçıları da bu cür homunkullardan ibarətdir. O, Sovet sisteminin yaratdığı yazıçı tipinin mutasiyaya uğramış, daha keyfiyyətsiz versiyasıdır.

Bu adamlar fikirləşirlər ki, əlim var, gözüm var, yaza bilərəm. Başa düşmürlər ki, bu, əslində beyin işidir. Sən həyatda çox əzab görə bilərsən, nə olsun... Tək yaşadığını yazmaqla olan iş deyil bu.

Bir dəfə anam mənə zəng elədi ki, kitab şkafı ağırlıqdan dağılır, gəl seç, istəmədiyin kitabları tullayaq. Mən telefonda anamdan xahiş etdim ki, Füzuli, Nizami, Axundov, Cavid və daha bir neçə klassikdən başqa Azərbaycan yazıçılarının bütün kitablarını tullasın. Bu hadisəni nə üçün danışdım. Tarix də onlarla mənim kimi davranacaq. Sovet sisteminin yetişdirdiyi onlarla belə yazıçı vardı, hanı indi onlar, niyə kimsə onları oxumur, xatırlamır.

"Inbreeding" deyilən bir şey var bioogiyada, eyni cinsin nümayəndələri, tutalım, gözəl çəhrayı balığın nümayəndələri bir-birilə cütləşə-cütləşə axırda boz bir şey əmələ gəlir. Çünki qan təzələnmir. Azərbaycan yazıçısı öz qusmağında boğulmuş yazıçıdı. Bunlar daim fırlanan lentdir, bu, artıq normal cinsi əlaqəyə çevrilmiş masturbasiyadır.

Bu arada, "Qara şəhər"də məhz bu cür yazıçı personajı var, Cahangir bəy. Onu yazarkən çox əylənirəm.

Bir ara, xatırlayıram, ədəbiyyat müzakirə olunan istənilən saytda ancaq bir mövzu danışılırdı: "Yazıçı həyatdan, yoxsa ədəbiyyatdan gəlməlidir?" Bu ki, axmaq söhbətdir. Mən kitablardan gəlmişəm, indi mən geri qayıtmalıyam? Bu necə olur? "Bağışlayın, içəri ancaq həyatdan gələnlər buraxılır?" Qapının üzərinə belə yazılıb? Kim yazıb onu? Bunlar olduqca axmaq söhbətlərdir. Uşaqlıqda verdiyimiz "Bruce Lee döyər, yoxsa Rambo?" sualının olduqca məntiqsiz formasıdır.

- Yaxşı, bəs bizdə niyə kitab oxunmur?

- Bilmirəm, doğrudan bilmirəm. Səncə, niyə oxumurlar?

- Mənə elə gəlir ki, bəlkə biz doğrudan da yuxarıda dediyin kimi, pisik, ya mürəkkəb dildə yazırıq, xalqın dilində ağıllı danışmağı bacarmırıq.

- Yox. Mən xeyli yazıçı adı çəkə bilərəm ki, onlar olduqca asan dildə, hamının anlayacağı şeylər haqda yazırlar. Hətta o qədər bəsit cümlələr qururlar ki, onların mətnləri əsasında ibtidai sinif şagirdlərinə dilimizin sintaksisini öyrətmək olar. Amma onları da oxuyan yoxdur. Eyni zamanda, xarici müəlliflərin də kitabları biabırçı miqdarda satılır.

- Onda bizdə deyil təqsir?

- Deyil, əlbəttə, deyil. Bizdə çox məşhur, sevilən iradı var adamların: "Yaxşı yazın, biz də oxuyaq". Sanki klassik ədəbiyyatımızı çox gözəl oxuyublar. Və ya dünya ədəbiyyatını bitiriblər, müasir yazıçıları ittiham edirlər. Mən onlarla razıyam, mən də demək olar, bizimkilər yazan heç nəyi oxumuram. Amma oxucu da cığallıq edir.

Sonra deyirlər ki, kitab bahadır. Baxın, kitabxanalar var, orda kitab pulsuzdur. İnternetdə pulsuz kitablar var. Oxuyan var? Ədalətli və gerçəkçi olmaq lazımdır. Yoxdur.

- Oxumaq vərdişi yoxdur, o da uşaqlıqdan, məktəbdən formalaşan bir şeydi.

- Mən beş yaşımda öyrənmişəm əlifbanı və o vaxtdan kitablar məni ovsunlayıb. Məktəbdə mənə kinayə ilə "Dədə Qorqud" deyirdilər. Fizikanı sevənə Nyuton demirdilər amma. Mən də əlbəttə, əvvəl-əvvəl xoşlamırdım bu adı, indi amma xeyli xoş oluram xatırlayıb; bizim bütün həyat kodlarımız gizlənib bu kitabda.

- Yəni uşaqlarda ədəbiyyata önyarğı var idi.

- Var idi, bəli. Əgər sən uşağa ədəbiyyat adına İzəddin Həsənoğlunu öyrədirsənsə, Qazi Bürhanəddini öyrədirsənsə, tuyuq əzbərlədirsənsə, o uşaqdan ədəbiyyatı sevəcəyini gözləmə. Kimsə darıxdırıcı, xüsusən də anlamadığı darıxdırıcı şeyləri sevmir.

- Mən səni tanyanda sən universitetin 1-ci kursunda oxuyurdun, sən mənimlə 20-ci əsr filosofları haqqında söhbət eləyirdin. Mən onları ona görə oxumuşdum ki, fəlsəfə fakültəsini qurtarmışdım, o fakültəni qurtarmasaydım, riyaziyyat fakültəsini qurtarsaydım, heç nə, orta məktəbdə onların adını da eşiməmişdim. Sənsə orta məktəbdən çıxmışdın. Bəs orta məktəbdə necə xəbər tutmuşdun onlardan? Deyək ki, elə Kafkadan, Nietzsche'dən. İnternet də yox idi o vaxt. Bəs sən necə tanımışdın onları?

- Mən kitabların çox olduğu, kitab oxumağa hörmət edilən bir evdə böyümüşəm. Atamın çoxlu kitabları var idi, söhbət Sovet dönəmimdə alınan kitablardan gedir. Atam o kitabları rüşvət verərək, polisdəki vəzifəsindən istifadə edərək almışdı.

Bunu mən qərblilərə danışanda anlamırlar, elə bilirlər ki, onlarla əylənirəm. Halbuki, Sovet vaxtı yaşamış adamlar xatırlayar ki, təkcə mağazalarda kolbasa və ya saqqız yox, həm də kitablar tapılmırdı, yaxşı kitabları almaq çox çətin idi. Mən isə insanlarla ünsiyyət qurmağa, küçədə oynamağa heç marağı olmayan uşaq idim...

- Mən adi kitabları yox, məhz Kafka, Camus, Nietzsche, Vichtenstein və başqalarını nəzərdə tuturam ki, Azərbaycan məktəbindən çıxmış uşaq onları necə tanıyırdı?

- Açırdım 10 cildlik Sovet Ensiklopediyasını. Vərəqləyirdim, harda hansısa yazıçı görsəm, onun haqda məqaləni oxuyurdum. Özümçün bir həqiqəti kəşf etmişdim. Sovet ensiklopediyasının sevgi ilə danışdığı əksər yazıçılar maraqsız idilər. Əksinə, pislənən yazıçıları oxuyanda görürdüm, bu nə yaxşı yazıçıdır. O zaman başladım haqqında yaxşı şeylər danışılmayan adamları oxumağa. Beləcə, əvvəl Kafkanı tapmışdım, sonra onun vasitəsilə Prustu və Coysu. Onlardan yola çıxıb Folknerlə tanış olmuşdum və sairə.

- Maraqlıdı, bəs ensiklopediyadan oxuyandan sonra hardan tapırdın Kafkanın kitabını o vaxt Bakıda? "Qanun" da kitab çap eləmirdi o vaxt.

Franz Kafka
Franz Kafka

- Dediyim kimi, evimizdə çoxlu kitab var idi, amma əlbəttə, Kafka heç yerdə yox idi.

Onun "Qəsr" romanını litseyimizin kitabxanasından tapmışdıq sinif yoldaşımla. Sonra o, həmin kitabı itirdiyini deyib özünə saxlamış, böyük miqdarda cərimə ödəmişdi. Həmin dövrdə oxuduğum xeyli kitabın necə əlimə düşdüyü barədə bu cür qəribə, əyləncəli hekayələri var.

Mən indi də "Qanun"un və ya digər yerli nəşriyyatların çap etdiyi tərcümə olunmuş kitabları oxumuram. Birincisi, bizim nəşriyyatlar risk etməyərək artıq dünya ədəbiyyatında az-çox öz yerini tutmuş kitabları çap edirlər ki, mən artıq o vaxta qədər onları tapıb oxumuş oluram. İkincisi isə, Azərbaycanda tərcümə olunan kitabların böyük əksəriyyəti biabırçı vəziyyətdədir. Kitab mağazalarında Nərminlə hər dəfə onları vərəqləyib bağışlanmaz qüsurlar tapırıq və əylənirik. Bir sözlə, rus dili məni xilas edir.

- Ədəbi polemika getmir, ölkədə ədəbi polemika yoxdur, fikir verirsən? Gərək təşkil edəsən, öz-özündən ədəbi polemika eləmirlər, elədikləri polemika da "Mirzə Cəlilin daşı düşüb başına”, “Filankəsin daşı ağırdı.”

- Ədəbi polemika olması üçün ədəbiyyat olmalıdır, savadlı adamlar olmalıdır.
Hərdən mən bunların yazdıqlarını bir-iki dostuma verirəm, deyirəm oxuyun, bəlkə mən başa düşmürəm. Deyirlər, alə, bu şeyləri bizə niyə oxudursan, bizimlə məzələnirsən, vaxtımızı alırsan. Biri mənə dedi ki, səni döyərəm.

(gülüşmə)

Yəni bir də mənə belə şeylər göndərmə, vaxtımı alırsan. Bu adamlar da kitab çap eləyib bir-birini tərifləyir, başa düşürsən?

- Bir də romanını, povestini vəzifəsi ilə legitimləşdirənlər var. Bir vəzifəlinin kitabı çıxsın, tərifləmək üçün basabas düşür, gənc yazıçının kitabına zərrəbinlə baxırlar.

- Yetimə söz demək asandır, onsuz da arxasında dayananı, müdafiə edəni yoxdur. Eyni zamanda insanın öz nəfsinə qalib gəlməsi çətindir. Bu, artıq əxlaq məsələsidir, göründüyü kimi.

- Tərifləmək fenomeni xarici ədəbiyyatda da güclüdür bu dəqiqə. Yox yerdən pozitiv revyu yazmaq, kitabların arxa cildində təriflər, amma kitabı alıb görürsən, fuflo. Avropalılar bir qədər meyllidir pozitiv söz söyləməyə, nəzakət xatirinə, həm də ki, məlum məsələdir, reklam, pul.

- Qərbdə hər şey otuzdurulub kapitalizmin gəlir konsepsiyasına, ədəbiyyat da həmçinin. Mən də eyni hissləri dəfələrlə yaşamışam. Aylarla, bəzən bir neçə il gözlədiyim kitabın, hansı ki, bir neçə böyük mükafat qazanıb, sonda ortabab bir şey olduğunu görüb təəssüflənmişəm.

- Bəs sən kitab çıxarası olsan, onu necə təbliğ edəcəksən? Kitab oxumayan cəmiyyətdə nə maraqlı kitab tanıtımı işləri görə bilərsən?

- Bilmirəm. Hər şey şərtlərdən asılıdır. Mən özümü ədəbiyyata, roman sənətinə həsr etmiş adamam, on səkkiz yaşımdan bu işlə məşğulam, düz on iki ildir yazıram. Bunu nə üçün deyirəm. Hansısa fərqli tanıtımın bir mənası olacağını düşünmürəm. Gerçəklik olduqca kədərlidir və hamımıza yaxşı məlumdur.

Bayaq bu haqda danışmışdıq səninlə, Qərbdə ehtiyac var müəllifin özünü tanıtmağına, kitabını reklam etməyinə. Orda çox güclü kitab bazarı var. Bizdə isə ən ideal halda söhbət təxminən iki min tirajdan gedir. Kitab da iPhone deyil ki, bu qədər satılaraq müəllifi maddi təmin etsin.

- Sənin yazılarında Bakının ayrıca, çox böyük yeri var. Səncə, Bakı pisləşir, ya yaxşılaşır, yoxsa təbiidir bu dəyişiklik?

- Pisləşir. Gözümün qabağına gəlir hansı şəhərdə böyümüşdüm. Sonra ölkəyə böyük pul axını gəldi. Digər yandan da özbaşınalıq, zövqsüzlük, gəlir hərisliyi.

James Joyce Qülləsində "Ulysses" oxuyurlar, Dublin
James Joyce Qülləsində "Ulysses" oxuyurlar, Dublin

Kim nə istədi, necə bacardı, onu da etdi. Bir şeyin dəyəri təkcə onun maddi qiymətindən asılı deyil. Şəhərlərlə də belədir. Aydındır ki, dünyada İçərişəhərdən daha gözəl, daha qədim yerlər var, amma İçərişəhər bizimdi. İçərişəhər öz divarları içində bizim hekayəmizi gizlədir.

Hərdən mən həsrətlə baxıram Dublində hələ də Coysun personajlarının gəzdiyi yerlər qalır. Dikkensin personajlarının olduğu yerlər Londonda qalmaqdadır. Amma Bakıda mənim uşaqlığımda atamla, anamla getdiyim yerlərin çoxu artıq dağıdılıb.

- Yaxşı, bəs şəhər dəyişməsin? Bizim nostalgiyamızın xatirinə köhnə, dağılan evlər qalsın?

- Axı bizdə problem təkcə bu deyil. Bir tərəfdən, Sovetskinin qalması anaxronizmdir, o həyatları, o evlərdə yaşayan adamların çətinliklərini yaxşı bilirəm. Bəs "Azərbaycan" kinoteatrı? Onu sökdülər, deyirlər ki, yerində hard rok kafe edəcəklər. Və onlarla başqa bina. Hansı ki, bizim tariximiz idi. Bu yerlər quruca tarix demək deyil, onlar yaddaşdı. Bizim yaşadığımız həyatın, kollektiv tarixin daşıyıcılarıdır. Bir şəhəri şəhər edən, onu şəhərlilər üçün özünəməxsus edən şeylərdir. Onun ruhunun tərkib hissələridir.

Tez-tez eşidirəm ki, fəxrlə deyirlər, burası oxşayır Dubaya, burası Monte Karloya, burası Barselonaya. Bəs Bakı hanı? Bakı yoxdu. Hər dəfə Dağüstü Parkdan baxanda Bakının daha da dəyişdiyini, dağıdıldığını görürəm.

Dəyişikliklər mütləqdir, kimsə və ya nəsə zamana qarşı duruş gətirə bilməz, amma bu, bir şəhərin, onun milyonlarla sakininin xatirəsinə, yaddaşına hörmətsizliklə silinməsinə haqq qazandıra bilməz.

- Orxan, sən haradasa on il əvvəl konformizm sözünü çox işlədirdin. İndi bizim cəmiyyətin problemlərindən danışsaq, ən çox hansı sözləri açar-söz kimi işlədərdin? Konformizm onlardan biri olardımı?

- Bax, bu çətin sualdı. Konformizm heç şübhəsiz, bizim cəmiyyətə xas çox pis bir xasiyyətdir. Bizim adamlar həmişə, hər şeyə uyğunlaşa, onunla ayaqlaşa bilirlər.

Bernardo Bertolucci
Bernardo Bertolucci

B.Bertolucci'nin "Konformist" filmində kişi avtomobilin içində oturub, bayırda isə sevdiyi qadını öldürürlər. O, bəs nə edir? Avtomobilin pəncərəsini qaldırır. Güclü səhnədir. Bertolucci burda italyanlara xatırlatmaq istəyir ki, onlar da faşizmin cinayətlərinə bu cür səssiz-səmirsiz göz yumublar.

Biz qəbul edilməsi mümkünsüz şeyləri qəbul edir, ona uyğun yaşamağa çalışırıq.

Bizim cəmiyyəti izah edən açar sözlər? Məncə, hər şeydən əvvəl ümidsizlik. Bir də insanların öz ölkələrində özlərini turist kimi aparmaları var. Bunu bir sözlə necə izah edə biləcəyimi bilmirəm. Hamı elə yaşayır, sanki burdakı problemlərin ona aidiyyatı yoxdur, bir həftə sonra, bir ay sonra öv vətəninə dönəcəkmiş, sanki bura müvəqqəti gəlmiş turistlərdir. Bu da yəqin ümidsizlikdən qaynaqlanır. Odur ki, məncə, əsas açar-söz ümidsizlikdir. Yerdə qalan hər şey onun törəməsidir.

Söhbətləşdi: N.Kamal

XS
SM
MD
LG