Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:30

Orxan Orxanovun yeni "Külək gülü" romanından bir parça


Orxan Orxanov
Orxan Orxanov

-

Uzun dəhlizdən ancaq onların ayaq səsləri eşidilirdi, bir də döşəmə taxtalarının cırıltısı ilə pəncərələrin öz çərçivələrinə kip oturmamış yerlərindən fısıltı ilə içəriyə doluşan külək.

Birdən-birə başlayan qədim muğamın səsi boş dəhlizdə eşidiləndə, Ramiz çaşdı.

İlyan müəllimin telefonu zəng çalırdı. Cavab verdi, daha doğrusu, uzun-uzadı susduqdan sonra sadəcə "baş üstə" deyib, yenidən telefonu qara pencəyinin iç cibinə qoydu, addımlarını yavaşladıb, Ramizə yaxınlaşdı.

"Son illər universitetimiz çox dəyişib" - dedi, "bircə bu köhnə kondisionerlər qalıb. Onları da bilə-bilə dəyişmirik, onlar bizə ümummilli liderimiz Heydər Əliyevin yadigarıdır. Siz bilirsiniz ki, keçmiş SSRİ-də ilk kondisioner zavodu Bakıda tikilib?"

Ramiz bunu bilmədiyini böyük günah işləmiş kimi etiraf etdi. Ramiz getdikcə daha çox şübhələnirdi ki, haradasa gizli bir idarədə oturub onu izləyirlər. İlyan müəllimə də bununçün zəng ediblər, onunla yaxınlaşsın, sirrini alsın, bəlkə Ramiz özü etiraf etdi, bəlkə buna görə cəzasını da yüngülləşdirəcəklər.

İndi özünü Stalin repressiyalarının ən qanlı vaxtında, NKVD zirzəmilərinə aparılıb dırnaqları çıxarılan şairlər kimi hiss edirdi. Sonra ondan gizli görüşün məkanı soruşulacaqdı, o da ağlına ilk gələn yeri qışqıra-qışqıra, əl çəksinlər deyə, bir neçə dəfə təkrar edəcəkdi.

Lap axırda onu aparıb yasdakı yarımdəlinin dediyi kimi Nargin adasına tullayacaqdılar. Bəxti gətirsəydi əgər, yazıqları gəlsəydi, elə yarıyolda, qayığın içində güllələyəcəkdilər onu.

"Mən dünyaya gələndə, siz də məni bağışlayın, yazıq anam məni doğmağa hazırlaşanda atam, nənəm, babam avtomobil qəzasına düşürlər. Atamla nənəmin vəziyyəti elə də pis olmur, amma babam, mənim əzabkeş babam çox qan itirmişdi, həkimlərin fikrincə, yaşamaq ehtimalı heç yox idi. Ona görə də mənə babamın – Sosialist Əməyi Qəhrəmanı İlyan kişinin adını qoyurlar. Taleyin işinə bax ki, babam ölmür, qurtulur. Ölümcül avtomobil qəzasından sağ-salamat çıxan atamla nənəm isə heç bir ay keçmir ki, kor təsadüf nəticəsində Mərdəkanda, dənizdə boğulub ölürlər.

Deyirlər, onların cəsədlərini tapana qədər Xəzər sakitləşməyib. Dalğıclar yalnız axtarışın üçüncü günü cəsədləri sudan çıxara biliblar".

Cırılmış rəsmin sonuncu tikəsi də əvvəlki yerinə yapışdırılan zamana məxsus "Mən ki, bunu əvvəldən bilirdim" hissi ilə Ramiz ancaq indi İlyan müəllimin söhbətinin məğzini anlamışdı: "Bu hekayədə külək mənəm. Ancaq Aslan müəllimi öldürəndən sonra sakitləşmişəm. Onlar məni küləyə bənzədir, bu alçaqboy kişini də məhz onunçün göndəriblər ki, hər şeydən xəbərləri olduqlarını mənə çatdırsınlar".

"Əvvəlcə auditoriyaya girək, yoxsa müəllimlərlə danışmaq istəyirsən?" İlyan müəllim soruşdu. Ramiz nə deyəcəyini bilmədi. Sanki bütün sualların cavabını tapmışdı, lap axırda bircə sual qalmışdı: Onlar doğrudan da qətli onun törətdiyini düşünür, yoxsa yaxşı bilirlər ki, qatil tamam başqa adamdır, sadəcə hər şeyi onun boynuna atmaqla, özlərini xilas etmək istəyirlər?"

İlyan müəllim Ramizin fikrə daldığını görüb, qarşısında dayandıqları dərs otağının qapısını açdı, Ramiz hələ dəhlizdəykən, mühazirəçinin son cümləsini eşitdi: "Biraz da vaxt keçsəydi, yəqin ki, taxtına göz dikməsinlər deyə, İkinci İsmayıl nəslinin bütün kişilərini qıracaqdı".

Ramiz asta-asta içəri keçdi. Qapı ilə üzbəüz divardakı bir-birindən çox kiçik aralarla ayrılmış yan-yana üç nəhəng pəncərədən otağa doluşan solğun payız günəşi, əksəri başdan-ayağa qara geyinmiş təxminən yüz nəfərlik auditoriyanı olduqca kədərli göstərirdi. Tələbələr İlyan müəllimin də, Ramizin də gəlişinə vecsiz qalmışdılar. İlyan müəllim gəlişlərinin məqsədi haqda danışdı. Sanki çoxdan gözləyirdilər onları, sanki amansız, amma gözlərkən alışılmış və daha əvvəlki kimi qorxulu gəlməyən hansısa xəbəri gətirmişdilər. Ramiz gördüklərini özü üçün belə şərh etdi.

Lövhə önündəki orta yaşlı müəllim bu mövzuda nəsə danışmağın zəruriliyi səbəbindən susmadı, o da üç-dörd cümlə söylədi, lap axırda tələbələrinə "bildikləri hər şeyi jurnalistə danışmağı" məsləhət gördü.

Ramiz jurnalist olmağa etiraz etmədi, amma bunun müəyyən çətinliklər yarada biləcəyini də anlamamış deyildi. Sənədli kitab yazan adam olmaq daha təhlükəsizdir, jurnalistlərə danışmağa isə çox adam qorxur. Qorxurlar ki, işdən, yaxud da universitetdən qovularlar, valideynlərini sıxışdırmağa başlayarlar. Ramiz bütün bunları yaxşı bilirdi. "Amma indi ortada sirr var", düşündü, "müəllimləri öldürülüb, onlar da istər-istəməz bu sirrin ortağına çevriliblər".

Bir müddət hamı susdu, ancaq masalara toxunulan qələmlərin, yerlərində fırlanan tələbələrin, pəncərə şüşəsinə çırpılan küləyin, bir də, sanki kabusun içində olduqlarını xatırlatmaq üçün arabir sönüb-yanan elektrik lampasının xırıltılı səsi eşidilirdi.

Ramiz İlyan müəllimə baxırdı. Bilirdi ki, tələbələr onun yanında heç nə danışmayacaqlar. Odur ki, daha çox gözləməyin mənasız olduğunu yaxşı başa düşürdü.

Müəllimin masası üstündən ağ təbaşirini götürdü, lövhəyə yazılmış "Məhəmməd Mirzə", "Heydər Mirzə", "İsmayıl Mirzə" adlarını silib, özünün telefon nömrəsini və adını yazdı, sonra isə üzünü auditoriyaya tutub, "nəsə xatırlasanız, mütləq xəbər verin" dedi. Həmin an Ramiz özünü xarici filmlərdəki polis komissarları kimi hiss etdi. Əmin idi ki, axşama qədər mütləq gizli nömrədən zəng edən, yeni ad çəkən tapılacaq.

Dəhlizə çıxdıqlarında Ramiz izlənildiyini də, bəlkə zəng gəlmədən öncə, küçənin ortasında qollarının burulub nömrəsiz, şüşələri tündləşdirilmiş avtomobilə basılaraq hansısa gizli mənzilə aparılacağını, sabahkı gün isə işgəncələrdən sonra, televiziyaya çıxarılıb cinayətin bütün məsuliyyətinin üzərinə götürdüləcəyi ehtimalını unutmuşdu.

Hələlik, qısa müddətlik də olsa, o, qalib gəlmişdi. Zalım izlənmə mexanizmini bir addım qabaqlaya bilmişdi. Bu duyğunu İlyan müəllimin də sifətindən oxuyurdu, amma yanındakı kişinin bir neçə saniyə sonra söyləyəcəklərini əsla ağlına gətirmirdi.

"İndi razısınız özünüzdən? Yoxsa sizə elə gəlir ki, mən bunu edə bilməzdim? Ölüyə də, diriyə də hörmət etmək lazımdır. Axşam biri zəng edib, Aslan müəllimin yaxşı qiymət üçün ondan rüşvət istədiyini desə, ya da ki, başqa biri yenə yaxşı qiymət üçün ona cinsi yaxınlıq təklif elədiyini desə, onda nə olacaq?

Yazacaqsız? Yazmaq bir qırağa, inanacaqsız? Bəzi sirrlər var ki, ölənlə birlikdə onlar da torpağa basdırılır. Biz leşyeyən deyilik, insanıq. Bilirsiz, leşyeyən nədir?" Heç şübhəsiz, bu, İlyan müəllimin həyatdakı ən təsirli çıxışıydı, hətta Şirin də görsə, bəyənərdi, Ramiz əmin idi.

Ramiz yenə həyata Şirinin gözləri ilə baxdığını dərk etdiyində kədərləndi, qələbə əhvalı bir anda qeybə çəkildi. Əvəzində hələlik də olsa, heç bir izlənmənin olmadığına, yaxud da İlyan müəllimin izləyənlərdən biri olmadığına əmin olmuşdu.

"Bu kişinin dərdi tamam ayrıdı", düşündü Ramiz, "Aslan Davudov haqda söz-söhbətlər onun heç vecinə deyil, o, özü haqda söhbətlərdən qorxur, qorxur ki, onun jurnalist olduğunu düşünən tələbələr hansısa qara və çirkin əməli haqda danışa bilərlər".

Dəhliz bitənə, pilləkənlər başlayana qədər, hər ikisi səssiz-səmirsiz yollarını getdilər. Yenə İlyan müəllim Ramizdən öndə idi, pencəyinin yaxasını tez-tez aşağıya dartır, manjetləri ilə əlləşirdi. Pilləkənlərə çatdıqlarında, Ramizə liftlə yuxarı qalxmağı təklif etdi, "beş mərtəbəni pilləkənlə çıxmaq adamı çox yorur", dedi.

Liftə tərəf istiqamətlərini dəyişdiklərində, İlyan müəllim Ramizə yaxınlaşdı, qoluna girdi, "Siz də məni başa düşün, tələbələrin müəllimlərinə münasibəti həmişə biraz tikanlı olur. Bu ki, təkcə tələbə-müəllim qarşıdurması deyil. Söhbət həm də nəsillərin qarşıdurmasından gedir. Məni başa düşürsüz?" soruşdu. Ramiz onun üzünə baxdı, hər şeyin qaydasında olduğunu, professor haqda kitabda heç bir pis detalın olmayacağını dedi, lakin İlyan müəllimin bununla qane olmadığını asanlıqla hiss etdi.

Bayaqkı nəticəsində haqlı olduğunu anladı Ramiz. "Məni ümumiyyətlə başqa heç nə maraqlandırmır, ancaq bu cinayət, ancaq", dedi. İlyan müəllim gülümsədi, yalnız indi Ramiz ikisinin də eyni dalğada olduqlarını açıq-aşkar hiss etdi. Liftə çatdıqlarında İlyan müəllim nəzakətlə Ramizi önə buraxdı, sonra isə özü içəri girdi.

"Liftlər bu ölkənin kiçik modelidir", İlyan müəllim dedi, "yarıqaranlıq, kirli, bu qoxu ki, Bakının bütün liftlərindən gəlir, bu məğlubiyyətin doğma qoxusudur, onun qoxusu analarımızın qızartdığı kartofların, qaynatdıqları şorbaların ətrindən daha doğmadır hamımıza.

Dünən yuxuda peyğəmbəri görmüşəm. Görmüşəm ki, mən də onun əshabələrindən biriyəm. Altıtəkərli iri avtomobildəyik, hansısa yüksəklikdə ilişib qalmışıq. Sonra nə olur, xatirimdə deyil, amma lap axırda görürəm ki, əshabələr başlarını avtomobilin təkərləri arxasına qoyublar ki, aşağı yuvarlanmayaq".

Ramiz "maraqlı yuxudur" dedi.

"Mən bilirəm, bu qurbanolduğumun mənə işarəsidir, bu il işlərimi qaydaya salıb, mütləq ziyarətə gedəcəm, hacı olacam. Siz yuxulara inanırsız?"

Liftin qapıları açıldı. Ramiz heç nə demədi. Dəhlizə çıxdıqlarında özünü gerçək olduğuna heç bir şübhə duymadığı yuxudan ayılmış kimi hiss etdi. Sanki keçmiş olsa-olsa, cəmi beş mərtəbəlik məsafədə yerləşirdi. Sağındakı, solundakı bu yenicə rənglənmiş taxta qapıları aralasa, ordan çoxdandır görmədiyi bütün sevdikləri, tanışları çıxacaqdı.

Bu insanların siyahısında Ramiz Monika Hənifənin nə işi olduğuna təəccübləndi. Cəmi üç dəfə görüşdüyü, tək mövzusu xarici kataloqlardakı kürklər və zinət əşyaları olan, ən böyük arzusu bütün bunları ona alacaq, üstəlik də kabriolet avtomobilə sahib sevgili tapmaq olan Monika Hənifənin nə işi vardı onun sevdikləri arasında? Necə hələ unutmamışdı onu? Necə bacarmışdı Monika Hənifə xatirələrin bashabasında, yarıqaranlıq və tozlu çardağında bunca zaman sağ qalmağı, itib batmamağı?

Ramiz onu yenə son görüş yerlərində - Bakının bahalı "Oskar" restoranında xatırlayır. Çəngəllərə baxır, qarşısındakı boşqabı uzun-uzun gözdən keçirir. Hələ də ordadır Monika Hənifə, sifariş verdiyi Sezar salatını gözləyir, dikdaban çəkmələri ayaqlarını yorub, şikayətlənir, amma həyatını onlarsız da təsəvvür etmədiyini deyir.

Onun böyüdüyü yoxsulluqdan, təkotaqlı mənzillərindən heç vaxt əskik olmayan qızarmış soğan və yağ qoxusundan, gələcəkdən, qocalmaqdan içində gizləndiyi universitet auditoriyasını da restoran pavilyonu şəklində təsəvvür edir Ramiz.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG