Nikaha daxil olanların sağlamlığı
Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin fevral ayının əvvəlinə qədər müayinədən 94 400 nəfər keçib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən xəbərə görə, 1 iyun - 31 dekabr 2015-ci il tarixlərindən müayinələrdən keçmiş 84 600 nəfərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub.
Məlumatda bildirilib ki, keçən il müayinədən keçmiş 5534 nəfərdə talassemiya daşıyıcılığı, 239 nəfərdə sifilis, 54 nəfərdə isə QİÇS aşkar olunub: “Eyni zamanda, cari ilin yanvar ayı ərzində 9800 nəfər tibbi müayinədən keçib. Yanvar ayında müayinələrdən keçmiş 246 nəfərin talassemiya daşıyıcılığı, 22 nəfərdə sifilis, 1 nəfərdə isə QİÇS aşkar olunub”.
H.Z.Tağıyevin evi uçuq-sökükdür
Azərbaycanın tanınmış neft sahibkarı və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin 1885-1924-cü illərdə yaşadığı Mərdəkandakı evi baxımsızlığı ilə diqqət çəkir. Bakının məşhur milyonçularından birinin vaxtilə ömrünü başa vurduğu ev indi uçuq-sökük vəziyyətdədir.
Hazırda binada 3 məcburi köçkün ailəsi yaşayır. Hər tərəfindən təhlükə yağan bu bina həm də 2 saylı Ağ Ciyər Xəstəlikləri Dispanserinin həyətidir.
«KREDİT VERMİRSƏ, AŞAĞI FAİZ DƏRƏCƏSİ KİMƏ LAZIMDIR?»
İqtisadiyyatı donuq duruma salmamaq üçün irəliləyən ölkələr dövriyyəyə gen-bol milli valyuta buraxır. Hindistan, Çin, Malayziya, ümumiyyətlə Asiya və Latın Amerikası ölkələri bu siyasəti banklara kredit ayırmaqla gerçəkləşdirir.
Bəs Avrasiya məkanında yerləşən Azərbaycan, daha doğrusu, bu ölkənin Mərkəzi Bankı (MB) necə davranır? Hələ ki, MB-nin manatı anbara toplaması gözə çarpır. Ötən ay iqtisadiyyatın pul bazasının 16 faiz (1 milyard 114.4 milyon manat) azalaraq 5 milyard 787.4 milyon manata düşdüyünü baş bankın özü bildirib.
Bank məsələləri eksperti Əkrəm Həsənov MB-ninbanklara, demək olar, kredit vermədiyinə diqqət çəkir: «MB-nin faiz dərəcəsi üzdə bir sıra inkişaf etməkdə olan ölkələrlə müqayisədə aşağıdır (3%). Kredit vermirsə, faiz dərəcəsinin aşağı olması kimə lazımdır, axı? Həmin səbəbdən dövriyyədəki manat həcmi kəskin azalıb. Bu isə iqtisadiyyatı iflic edə bilər».
Sahibkara imkan vermirlər ki...
«Sahibkara imkan vermirlər ki, gətirdiyi malı devalvasiyaya uyğunlaşdırıb qiymət qoysun» - deyə «Azadlıq»qəzetinə açıqlama verən ekspert Samir Əliyev deyir. O, ölkəyə idxalın azalmasına aydınlıq gətirir. Onun fikrincə, bu ilin yanvar ayında idxalın 65-70 faiz azalmasının səbəblərindən biri bu inzibati təzyiqlərdir:
«Hakimiyyət idxalın qarşısını inzibati yolla almaqla ölkədən valyuta axının və manatın enməsinin qarşısını almaq istəyir».