-
Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib.
«Report»un xəbərində deyilir ki, nazir Fazil Məmmədovun müşavirlərindən Elçin Bəylərov Vergi borclarının alınması və ərazi vergi orqanları ilə iş üzrə Baş İdarəyə rəis təyin edilib.
Fazil Məmmədovun digər əmri ilə Daxili təhlükəsizlik Baş İdarəsi, informasiya texnologiyaları və proqram təminatı şöbələrinə birbaşa olaraq özünəzarət edəcək.
Nazir müavini Sahir Məmmədxanov Hüquq Baş İdarəsi, Maliyyə-təsərrüfat İdarəsi, İnsan resursları İdarəsi və mühasibat uçotu şöbəsinə nəzarət edəcək.
Digər müavin Sahib Ələkbərovun nəzarətinə isə Nazirliyin Aparatı, Vergi ödəyicilərinə xidmət baş idarəsi və analitik-informasiya şöbəsi verilib.
F.Məmmədovun digər əmri ilə büdcə proqnozlarının icrası üzrə nazirin müşaviri təyin edilən Habil Məmmədov Vergi borclarının alınması və ərazi vergi orqanları ilə iş üzrə Baş İdarəsinin fəaliyyətinə kuratorluq edəcək.
Nazirin beynəlxalq münasibətlər və tədris sahələri üzrə müşaviri Ələkbər Məmmədova isə Vergilər Nazirliyi Tədris Mərkəzinin fəaliyyətinin tənzimlənməsi tapşırılıb.
Yada salaq ki, keçən həftəyə kimi nazir Fazil Məmmədovun 13 müşaviri var idi. F.Məmmədov müşavirlərin sayını 13-dən 7-yə endirdi.