Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:00

Dillər Universitetinin məzunu: Ona görə bədii tərcüməçilər yetişmir ki...


Dillər Universitetinin tələbələri
Dillər Universitetinin tələbələri

-

Dilimizə bədii kitab tərcümə edənlər ya həvəskarlar, ya da təcrübəli həvəskarlardır. Oxucular çox vaxt bu tərcümələrin keyfiyyətindən şikayətlənirlər.

Bəs Dillər Universitetini ümumi tərcüməçi, sinxron tərcümə və bədii tərcümə kimi cürbəcür tərcüməçi ixtisaslarıyla bitirən məzunlar haradadırlar?

Xarici dillərdən Azərbaycan dilinə, Azərbaycan dilindən xarici dillərə bədii tərcüməçilər niyə yetişmir?

Bədii tərcümə mövzusunu Dillər Universitetinin məzunları, tələbələri və müəllimləri ilə müzakirə edirik.

Birinci həmsöhbətimiz Dillər Universitetindən 2009-cu ildə ingilis dili ixtisası ilə məzun olmuş Adil Xantəmirov:

Adil Xantəmirov
Adil Xantəmirov

- Ona görə bədii tərcüməçilər yoxdur ki, istedadlı, mühakiməli gənclər daha çox pul qazanmaq niyyətində olurlar.

Bədii tərcüməçilik isə yorucu, səbrdən keçən peşədir. Belə bir iş də gənclərə yaramır. Hamı yaxşı və rahat yaşamaq istəyir. Ədəbiyyat da hər şeydən öncə onu təmənasız sevməyi tələb edir. Bir səbəb də odur ki, Əsəd müəllim və onun kimilər ədəbiyyatı sevmə işini düzgün təbliğ edə bilməyiblər.

- Siz ədəbiyyat tənqidçisi Əsəd Cahangirin tələbəsi olmusuz?

- Əsəd Cahangir bizə 1 semestr dərs deyib. Mühazirələri maraqlı olmayıb, əgər maraqlı olsaydı, o zaman onun tələbələri bədii kitab oxumağa meyilli olardılar.

Qeyri-adilik və sənətə həvəsləndirmə ruhu yox idi onda. Ədəbiyyatdan çoxları dərs deyə bilər. Amma onu başqalarına sevdirmək hər adamın işi deyil.

- Bizə gündəlik həyatda Dillər Universitetini bitirən, amma dili bilməyənlər rast gəlir. Belələri çoxdurmu? Tələbə, yoxsa təhsil günahkardı?

- Əlbəttə, belələri çoxdur. Nəinki dil sahəsində, çox fakültələrdə tələbələr yiyələndikləri peşəyə dərindən bələd ola bilmirlər. Buna səbəb hər iki tərəfin məsuliyyətsizliyidir, həm tələbə, həm də universitetdəki təhsildir. Düşdüyün tələbə mühitinin də rolu böyükdür.

Tələbə ona görə günahkardır ki, bəzən sevmədiyi, daha doğrusu, az həvəsi olan fakültədə oxuyur. Çünki 18 yaşında abituriyent öz gələcək mövqeyini düzgün istiqamətləndirə bilmir. Valideynlərin ixtisas seçməyə müdaxiləsi də vəziyyətə təsir edir.

Mən qəbul olunan vaxt Dillər Universitetində təhsilin keyfiyyəti aşağı səviyyədə idi, indi bilmirəm. Yeni texnoloji vasitələr yox idi. Əsasən kitabdan oxumaq üsulü işləyirdi. "Oxu, öyrən, gəl danış" metodu.

Həm də bu universitetdə müəllimlərin 70-80 faizi cavan və təcrübəsiz idi. Ümumiyyətlə, bizim müəllimlərdə həvəsləndirmə və sevdirmə, öyrənməyə cəlb etmə bacarığı yox idi.

Sistem də düzgün işləmirdi. Elə vəziyyət yaranırdı ki, tələbə asanlıqla imtahandan keçməyi bacarırdı. Bal sistemi imtahandan can qurtarmaq istəyi yaradırdı, öyrənmək istəyi yox. Təbii ki, gecə-gündüz əziyyət çəkib hər yolla öyrənmək istəyənlər də var idi, onlar istisna idi.

- Bədii tərcümə xüsusi nə tələb edir?

- Tərcüməçi eyni zamanda oxucu olmalıdır. Mövzunu, mətni yaxşı dərk etməlidir. Bundan sonra tərcüməyə başlamalıdır. Əgər tərcümə etdiyi cümləni başa düşməyibsə, sadəcə, cümləni tərcümə etmək iddiası varsa, o cümlə özünün söz gücünü itirmiş olacaq. Tərcüməçinin həm də bədii təfəkkürü olmalıdır.

- Nazirlər Kabineti yanında yeni mərkəzləşdirilmiş Tərcümə rəsmi qurumu yaradılıb. Bu qurum yerli tərcümənin inkişafı üçün nə edə bilər, sizcə?

- İstənilən halda yeni açılmış qurumun qüsurları çox olacaq. Peşəkar tərcüməçilər yetişdirmək üçün onlar hələ çoxlu səhvlər etməlidir. Bu səhvlərin sayəsində yeni tərcüməçilər yetişəcək. Metod, təfəkkür yenilənməsi baş verəcək.

Tərcümədə intibah baş verəcək. Tərcümənin keçəcəyi yol çoxşaxəli və hərtərəfli olmalıdır. Məsələn, bizim yazıçıların kitabları az sayda tərcümə olunur. Əsasən də gənclərin. Kitablar adətən rus dilinə tərcümə edilir.

Dünya ədəbiyyatı demək olar ki, rus dilindən Azərbaycan dilinə çevirilir. Orijinaldan tərcümə barmaqla sayılası qədərdir.

Qurumun rəhbərliyindən çox şey asılıdır. Yalnız onun istəyi ilə tərcümələr olacaqsa, ədalətsiz qadağalar qoyulacaqsa, çətin ki, tərcümədə reformlar olsun. Balıq başdan iylənirsə, gərək onu iyləyənlər və iylədənlər qarşılıqlı zövq alsınlar.

Tərcüməçiləri həvəsləndirmə və inkişaf etdirmək üçün çoxlu yollar tapılmalıdır. Bu yollar sadəcə "başaldatdı" olmamalıdır.

İnkişafın ən yaxşı yol puldur, qrantdır. Yaxşı pul varsa, ciddi tələb də olacaq, qurum tərəfindən cəsarətli tənqid də olacaq. Beləcə, tərçüməçi öz işinə daha ciddi, məsuliyyətli yanaşacaq. Rəqabət də olacaq. Rəqabət varsa, inkişaf da olacaq.

XS
SM
MD
LG