Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:44

Azərbaycanda «donuz qripi» varmı?


Moskva metrosu - yanvar 2016
Moskva metrosu - yanvar 2016

-

Azərbaycanla qonşu Türkiyə, Rusiya, İran və Gürcüstanda «donuz qripi»nə tutulanların sayında hər gün artım var. Hava-damcı yolu ilə yayılan xəstəlik bütün ölkələri təcili addımlar atmağa vadar edib. Dövlət strukturları isə bu günədək Azərbaycanda bir nəfərin belə bu virusa yoluxmadığını bildirir. Hər dəfə açıqlanan statistik məlumatlarda insanlarda «donuz qripi»nin aşkarlanmadığı, yalnız kəskin respirator infeksiyaların üzə çıxdığı vurğulanır.

«OLA BİLSİN, BUNLARIN İÇƏRİSİNDƏ «DONUZ QRİPİ» DƏ VAR»

Professor Adil Qeybulla modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanda «donuz qripi»nə yoluxanların olmadığı barədə deyilənlər bir qədər məntiqə sığmır:

«Çox ağır qrip əlamətləri ilə dünyasını dəyişən insanlar da olur. Ola bilsin ki, bunların içərisində «donuz qripi» də var. Hər halda virus identifikasiya olunmadan birmənalı rəy irəli sürə bilmirik. Bu imkan rəsmi orqanların əlindədir».

Həkim bildirib ki, dövlət vaxtında Ümumdünya Səhiyyə Təşkilatının müvafiq strukturlarına müraciət etməli, qan nümunələrini xaricdəki laboratoriyalarda yoxlatmalıdır:

««Bizdə bu qrip yoxdur və olmayacaq» kimi bəyanat vermək yox, məsələyə daha ciddi yanaşmaq lazımdır. Hesab edirəm ki, «donuz qripi» aşkarlansa belə, onun gizlədilməsi mümkündür. Çünki Azərbaycan miqrasiya durumundadır. 3 milyon azərbaycanlı ölkə xaricindədir. Gediş-gəliş nəticəsində ölkəyə daxil olan yoluxmuş şəxslər özləri ilə virusu gətirə bilərlər».

Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova isə bildirib ki, son 1 ayda onlara kəskin respirator simptomlu xəstələrdən 360 nümunə daxil olub:

«Nümunələr hamısı «donuz qripi»nə görə də müayinə olunub və nəticələr mənfidir».

R.İsmayılova Azərbaycanda qonşu ölkələrlə müqayisədə «donuz qripi»nə yoluxmaların olmamasını «bizdə qabaqlayıcı tədbirlərin daha tez başlaması, xaricdən gələn maşınların dezinfeksiya edilməsi» ilə izah edib.

Ümumdünya Səhiyyə Təşkilatı isə xəbərdarlıq edir ki, əhalinin bəzi qrupları üçün bu xəstəlik böyük risk daşıyır. Bu, yaşı 65-dən çox olanlar, hamilə qadınlar, xroniki xəstələr və körpələrdir

ÜST-nin başqa bir tövsiyəsi isə birbaşa əhaliyə yönəlib. Özündə dərin öskürək və ya qeyri-adi qrip əlamətlərini müşahidə edən insanlar təcili həkimə müraciət etməlidir.:

«Öskürək, asqırma, başağrısı və azca yüksəlmiş temperatur kimi əlamətləri özündə hiss edən insanlar evdə qala və ambulator müalicə ala bilərlər. Amma bu əlamətlərin özünü göstərdiyi andan başlayaraq, 72 saat ərzində vəziyyəti yaxşılaşmayanlar mütləq həkim-terapevtlə məsləhətləşməli və antivirus preparatları ilə müalicəyə başlamalıdır».

«HAZIRDA ÖLKƏDƏ «DONUZ QRİPİ» İLƏ BAĞLI TƏHLÜKƏ YOXDUR»

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov da «donuz qripi» ilə bağlı Bakı və bəzi bölgələrin məktəblərində dezinfeksiya işlərinin aparıldığını deyib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramova isə «Turan»ın əməkdaşına bildirib ki, Azərbaycanda indiyədək qriplə əlaqədar götürülən heç bir nümunədə H1N1 virusu aşkarlanmayıb:

«Hazırda ölkədə «donuz qripi» ilə bağlı heç bir təhlükə yoxdur. Hər gün monitorinqlər aparılır və vəziyyətə nəzarət edilir. İndiyə qədər heç bir yoluxma faktı qeydə alınmayıb».

XS
SM
MD
LG