Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

İnsanların can verməsində dəbdəbə (Milan Kundera L.F.Celine haqqında)


Louis-Ferdinand Céline
Louis-Ferdinand Céline

-

M.Kunderanın "Encounter" ədəbi tənqid esseləri kitabından bir esse

Milan Kundera

ÖLÜM VƏ DƏBDƏBƏ

Loius-Ferdinand Celine'in “Castle to Castle” (Qəsrdən qəsrə) romanı haqqında

Milan Kundera
Milan Kundera

“Qəsrdən qəsrə” romanı bir dişi itin hekayəsidir. İt, gəzməyə (sülənməyə) vərdiş etdiyi soyuq Danimarka meşələrindən Fransaya gəlir.

Artıq Selin (Celine) ilə birlikdə Fransada yaşayan itin gəzməyə yeri yoxdur. Bir müddət sonra xərçəng olur:

“... onu samanlığın üstündə yatızdırmaq istəyirdim... Şər qarışandan sonra... Yatırtmağımı istəmirdi... İstəmirdi... başqa yerdə olmaq istəyirdi... evin ən soyuq küncündə, çınqılların üstündə... rahatca uzandı...

Xırıldayırdı... Ömrünün son anları idi... Desələr də inanmamışdım... sən demə, düz deyirlərmiş... Xatırlayırdı, hardan gəldiyini, Şimaldan, Danimarkadan, burnu şimala sarıydı, şimala...

Vəfalı itiydi, bir vaxtlar gəzdiyi meşələrə vəfalıydı. Korsora, zirvələrə... O qorxunc həyata da vəfalıydı. Ona görə Meudon qoruqları mənasızıydı...

Ölməzdən əvvəl yenə xırıldadı... Xəfif xırıltıydı... Heç səsini də çıxarmadı... Bütün gücünü toplayıb qaçırdı sanki... Böyrü üstə, taqətsiz... Burnu gəzdiyi meşələrə sarı, şimala, vətəninə, necə bir əzab çəkdiyini... Allah bilir!"

Louis-Ferdinand Celine
Louis-Ferdinand Celine

Can çəkişən çox adam görmüşəm... Burada... orada... hər yerdə... amma bu qədər gözəlini görməmişdim... vəfalısını...

İnsanların can çəkişməyində ən pis şey dəbdəbədir... İnsan kim olmasından asılı olmayaraq, həmişə səhnədədir... Ən sadə insan belə, səhnədədir...

"İnsanların can çəkişməyində ən pis şey dəbdəbədir”. Necə də gözəldir. Sonra: “İnsan kim olmağından asılı olmayaraq həmişə səhnədədir”. Ölüm yatağında deyilən o məşhur “son sözlər” tragikomediyasını xatırlamamaq mümkündürmü?

Elədir: İnsan xırıldayarkən belə, səhnədədir. “Ən sadə” insan belə, hər hansı bir şeyi nümayiş etdirməyən insan belə, səhnədədir. Çünki insan hər zaman özü çıxmaz səhnəyə. Özü çıxmasa da çıxararlar. Bu, insanın taleyidir.

Dəbdəbə: Ölümün həmişə bir qəhrəmanlıq, bir teatr tamaşasının finalı, bir müharibənin nəticəsi kimi yaşanması.

Bir qəzetdə oxuduğum xəbərdə yazılmışdı: Bir şəhərdə “QİÇS” xəstələri və “QİÇS”dən ölənlərin şərəfinə səmaya çoxlu şarlar buraxıblar.

“Şərəfinə” sözü mənə yaman pis təsir etmişdi. Anımına, xatirəsinə kədər və məyusluq bildirmək... başa düşüləndir. Amma şərəfinə? Xəstəlikdə bayram ediləsi nə var ki? Xətəlik bir məziyyyətdirmi? Elədir, Selin bunu çox yaxşı bilirdi: “İnsanların can çəkişməyində ən pis şey dəbdəbədir”.

Selinin nəslindən bir çox yazıçı, eynilə onun kimi ölüm, müharibə, dəhşət, işgəncə və sürgün təcrübəsi yaşadı. Amma bu qorxunc təcrübələri sərhədin o biri tərəfində yaşayıblar: Haqlıların, gələcəyin qaliblərinin və yaxud haqsızlığa məruz qalan qurbanların tərəfində, qısacası, şərəfli tərəfdə.

“Dəbdəbə”, özünü göstərmək istəyən bu özündənrazı hal onların bütün davranışlarına elə hopmuşdu ki, bunu nə dərk etdilər, nə də ki, sorğu-sual etdilər.

Halbuki, Selin iyirmi il ərzində tarixin zibil qutusunda, əsirlərin, alçaldılanların və cinayətkarların arasında bir cinayətkar kimi yaşadı. Ətrafındakı hər kəs susdu, namərdliyə boyun əydi. İstisna bir təcrübəni “dəbdəbəsi əlindən alınmış həyat təcrübəsini” təkcə o, dilə gətirə bildi.

Bu təcrübə Selinə nə qazandırdı? Artıq qürur günah sayılmırdı, ölüm yatağında olan insanın ayrılmaz bir üzvü idi. Və bu rəhmdil dəbdəbə Selinin bir itin ölümündəki gözəlliyi görməsinə səbəb olmuşdu.

Tərcümə edən: Ülvi Babasoy

XS
SM
MD
LG